24 iyun 2022 21:07
496

Naxçıvan Dövlət Universiteti keyfiyyətli təhsilin təminatçısıdır

Ölkəmizin dövlət müstəqilliyi dövründə çox ciddi inkişaf yolu keçmiş Naxçıvan Dövlət Universitetinin fəaliyyətinə ulu öndər Heydər Əliyev yüksək qiymət vermişdır. Cənab Prezidentimiz İlham Əliyev və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədri cənab Vasif Talıbov Naxçıvan Dövlət Universitetinin fəaliyyətini həmişə yüksək qiymətləndirmiş, müəllim-tələbə kollektivi vaxtaşırı yüksək mükafatlara layiq görülmüşdür. Hazırda universitetin 448 nəfər professor-müəllim heyəti arasında 3 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 18 nəfəri elmlər doktoru, 10 nəfər professor, 159 nəfəri isə fəlsəfə doktorları vardır. Universitet əməkdaşları arasında çox sayda fəxri adlara və digər yüksək dövlət mükafatlarına layiq görülmüş əməkdar müəllimlər vardır. Bununla yanaşı, universitetimizin tələbələri də ölkəmizdə, həmçinin ölkə hüdudlarından kənarda keçirilən olimpiadalarda, idman yarışlarında, hərbi-vətənpərvərlik və digər tədbirlərdə həmişə uğuları ilə öz sözünü demişlər. Bu qədər geniş elmi və intellektual potensialı ilə Naxçıvan Dövlət Universiteti təkcə muxtar respublikada ali təhsil sisteminin inkişafı üçün deyil, regionda və ölkəmizdə milli şüurun formalaşmasında, gənclərin vətənpərvərlik tərbiyəsində və eləcə də yeni təhsil metodlarının tətbiqində mühüm rol oynamışdır.

Hazırda Naxçıvan Dövlət Universiteti özünün yeni inkişaf mərhələsini yaşayır. Muxtar respublikanın ən böyük ali təhsil ocağı ölkəmizin universitetləri arasında ilk sırada olmaqla müxtəlif beynəlxalq reytinq əmsallarında liderliyini qorumaqdadır. Belə ki, “Times High Education” beynəlxalq keyfiyyət və reytinq şirkətinin araşdırmasına görə, Naxçıvan Dövlət Universiteti 2021-ci ildəki nailiyyətini 2022-ci ilin sonuna qədər qorumasını proqnozlaşdırmışdır. Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatının (AKTAM) Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirdiyi “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsində Naxçıvan Dövlət Universiteti 799 balla Azərbaycan ali təhsil müəssisələri arasında birinci yerə layiq görülmüşdür.

Məhz bu nailiyyətlərə görə 31 may-2 iyun tarixlərində Yaponiyanın Fujita Health Universitetində Asiya Universitetlərinin Sammiti- 2022-yə Naxçıvan Dövlət Universiteti dəvət olundu.  Bu tədbirə “Times Higher Education” beynəlxalq keyfiyyət və reytinq şirkətinin Asiya-Sakit okean regionu üzrə əməkdaşlıq çərçivəsində “Gələcəyə baxmaq, akademik istedad yaratmaq” devizi altında Yaponiyanın Aichi şəhərində keçirilən Asiya Universitetləri Sammitinə dəvətli olaraq qatılan Naxçıvan Dövlət Universiteti ilə birlikdə dünyanın bir çox nüfuzlu təşkilatları, universitetləri, Nobel mükafatçıları və eləcə də dövlət nümayəndələri, rəsmiləri iştirak edirdilər.

Naxçıvan Dövlət Universitetinin nümayəndə heyətini görməkdən məmnun olduğunu bildirən Fujita Health Universitetinin rektoru Naxçıvan Dövlət Universitetinin rektoruna və əməkdaşlarına Yaponiyaya gələrək “Times Higher Education” beynəlxalq keyfiyyət zirvə görüşünə qatıldıqlarına görə səmimi minnətdarlığını bildirmiş və bu universitetin Qafqaz regionundan bu sammitə qatılan ilk ali təhsil ocağı olduğunu bildirmiş və Azərbaycandan qonaq gəlmiş Naxçıvan Dövlət Universitetinin heyətini salamlamaqdan çox məmnun olduğunu bəyan etmişdir.

Asiya Universitetləri Assosiasiyalarının üzvlüyünə də qəbul olunmuş universitet çox geniş beynəlxalq əlaqələr yaratmış, Yaponiyadan Amerika Birləşmiş Ştatlarınadək çox geniş coğrafiyadakı ölkələrin mütərəqqi təhsil təcrübəsinin tətbiqi sahəsində uğurlar əldə etmişdir. Xüsusilə Avropa təhsil standartlarının tətbiq olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində çox sayda irihəcmli layihələrə start verilmişdir. Belə ki, “Tempus” proqramı çərçivəsində 5 layihədə, MUME ENA-Avropa Şurasının Şərqi Avropada tibb təhsilinin müasirləşdirilməsi və Erasmus+ kimi layihələrində də uğurla təmsil olunmuşdur.

Naxçıvan Dövlət Universitetində həyata keçirilən uğurlu layihələrdən biri də bu ali təhsil müəssisəsi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi arasında “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi çərçivəsində yeni layihələrin icrasıdır. Bu elektron univesitetin fəaliyyətə başlaması Azərbaycanda ali təhsil məkanında büdcəsinə və layihə genişliyinə görə ən irihəcimli və əhəmiyyətli layihələrdən biri olaraq fəaliyyət göstərməkdədir. Elektron universitet layihəsi xüsusən pandemiya və postpandemiya dövründə müəllim və tələbələrin distant təhsil zamanı böyük dəstəkçisi olmuşdur. Elektron təhsil, onlayn sənəd dövriyyəsi, akademik idarəetmə və s. kimi təhsilinin idarə edilməsini özündə birləşdirən Elektron Universitet təhsilin elektron vasitələrlə həyata keçirilməsini, eyni zamanda, elektron imtahanları da əhatə edir.

Universitetin beynəlxalq əlaqələrinin yüksələn xətlə inkişafını, ilbəil artan əcnəbi tələbə sayının artan dinamikasında da görünür. Belə ki, əcnəbi tələbələrin sayına görə Azərbaycan ali təhsil müəssisələri sırasında öncüllüyünü qoruyan Naxçıvan Dövlət Universitetində hazırda 9 ölkədən bakalavr, magistratura və doktorantura səviyyələri üzrə 1491 nəfərdən çox əcnəbi tələbə təhsil alır ki, bu da muxtar respublikada yürüdülən məqsədyönlü və ardıcıl dövlət siyasəti, aparılan uğurlu təhsil strategiyasının nəticəsidir.

Bu gün bütün sahələrdə sıx qardaşlıq münasibətlərinə malik olan Azərbaycan və Türkiyə arasında təhsil sahəsində də əlaqələr yüksək səviyyədədir. Naxçıvan Dövlət Universtitetinin də beynəlxalq əlaqələrində Türkiyə Respublikasının xüsusi yeri vardır. Hazırda dünyanın 130-dan çox ölkəsi ilə beynəlxalq əməkdaşlıq müqaviləsi olan universtitetin təkcə Türkiyənin 80 ali təhsil ocağı ilə belə müqaviləsi vardır. Qardaş ölkə universtitetləri ilə yaradılan bu əlaqələr universitetin nüfuzunu artırmaqla yanaşı, onun yerinə yetirdiyi ortaq layihələrin effektliyinə də güclü təsir edir. Belə ki, Türkiyənin Çankırı Karatekin Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən İqtisadiyyat sahəsində ikili diplom layihəsinə start verilmişdir. Qeyd edək ki, hər iki ali təhsil 2018 - 2019-cu akademik ildən başlayaraq 5 il müddətində “Kimya mühəndisliyi” ixtisası sahəsində ikili diplom layihəsi həyata keçirilir. Bundan başqa, beynəlxalq əməkdaşlıq çərçivəsində Naxçıvan Dövlət Universiteti Yıldız Texnik Universiteti ilə birgə yeni yaradılan “Beynəlxalq ticarət və logistika”, “Biotexnologiyalar”, “Nanotexnologiyalar ixtisasları üzrə birgə təcrübə mübadiləsi, birgə elmi araşdırmaların aparılması, “Kompüter mühəndisliyi”, “Energetika” ixtisası üzrə ikili diplom layihəsi hal-hazırda icra olunmaqdadır. Hazırda Naxçıvan Dövlət Universiteti Türkiyənin öncül ali təhsil ocaqlarından biri olan İstanbul Texnik Universiteti ilə Texnopark sahəsində birgə fəaliyyət, “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə birgə tədrisin təşkili və digər aparıcı sahələr üzrə ikili diplom kimi önəmli layihələrin tətbiqi məsələsi gündəmdədir. Uğurlu layihələrdən biri də qardaş ölkənin ən nüfuzlu və qabaqcıl universitetlərindən olan Orta Doğu Teknik Universiteti ilə birlikdə həyata keçirilir. Bağlanmış müqaviləyə görə növbəti tədris ilindən ikili diplom layihələri həyata keçiriləcək. “Turizm”, “İncəsənət” ixtisasları üzrə ikili diplom proqramının həyata keçirilməsi üçün Hacı Bayram Vəli Universiteti ilə müqavilə bağlanması rəqəmsal təhsildə artırılması kimi məsələlərdə faydalı olacaqdır. Bundan başqa, Naxçıvan Dövlət Universiteti Türkiyənin Ankara Universiteti ilə tibb sahəsi üzrə birgə elmi-tədqiqatların aparılması üzərində də əməkdaşlıqlara geniş yer verən ali təhsil ocağında “Tibb” ixtisasının da ingilis dilində tədrisin təşkili nəzərdə tutulmuşdur. Qeyd edək ki, artıq iki ildir ki, Naxçıvan Dövlət Universitetində ingilis dilində iqtisadiyyat fənni tədris olunmaqda və yüksək nəticələr qazanılmaqdadır.

Naxçıvan Dövlət Universitetində tətbiq olunan mühüm yeniliklərdən biri şübhəsiz, universitetdə Texnologiyalar Parkının yaradılmasıdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 4 dekabr 2020-ci il tarixdə “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalamışdır. Texnologiyalar Parkının yaradılmasında məqsəd, sürətlə yenilənən və inkişaf edən dünya ilə ayaqlaşmaq, texnoloji biliklərə yiyələnən və bunu daha inkişaf etdirmək üçün lazımi şəraitlə təmin olunan yeni nəsil formalaşdırmaqdır.

Bütün bu və digər qeyd olunanlar Naxçıvan Dövlət Universitetində keyfiyyət amilinin ön planda saxlanılması, hər cür innovativ yeniliklərin cəsarətlə tətbiq olunması istiqamətində görülən işlərin məntiqi nəticəsidir. Bu mənada, artıq başa çatmaqda olan 2021-2022-ci ilin tədris ilində universtitetdə yardılmış Keyfiyyət Təminatı Mərkəzi də universitetdə tədris prosesinin təşkilinə nəzarət etmək, tədqiqat və innovasiya mühiti yaratmaq sahəsində mühüm struktur kimi fəaliyyətini davam etdirəcəkdir.

Əkrəm Hüseynzadə,
filologiya üzrə fəlsəfə doktoru, dosent 
Naxçıvan Dövlət Universitetinin Keyfiyyət Təminatı Mərkəzinin məsul şəxsi