24 iyun 2022 20:30
480

Rufiz Qonaqov: Təqdim edilən mina xəritələrinin 75 faizinin həqiqəti əks etdirməməsi erməni xislətinin bir nümunəsidir

Bugünkü səfər çərçivəsində Zəngilan rayonunda, eləcə də Cəbrayıl və Füzuli ilə sərhəddə minatəmizləmə prosesi ilə, o cümlədən buradakı bütün yeniliklərlə tanış olduq. Səfər zamanı, həmçinin öyrəndik ki, Ermənistan tərəfinin təqdim etdiyi mina xəritələrinin 75 faizi həqiqəti əks etdirmir. Bu da növbəti erməni yalanı, erməni xislətinin bir nümunəsidir.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının siyasi təhlil, maarifləndirmə və seçkilər üzrə şöbəsinin müdiri Rufiz Qonaqov Zəngilana səfər çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib.

Bugünkü səfəri Azərbaycanda dialoq mühitinin növbəti təzahürü adlandıran R.Qonaqov bildirib: “Dördüncü dəfədir ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə bütün siyasi partiyalar, eyni zamanda, tanınmış ekspertlər və politoloqlar azad edilmiş ərazilərimizə səfərlər edirlər. Səfərlər nəticəsində siyasi partiyalar mövcud vəziyyəti öyrənir və düşmənin törətdiyi bütün vəhşiliklərlə tanış olurlar. Bugünkü tədbirdə də müxalifət, iqtidar fərq etmədən 40-dan çox siyasi partiyanın rəhbəri iştirak edir. Bu, bir daha Azərbaycanda dialoqun, siyasi həmrəyliyin nümayişidir. Məhz İkinci Qarabağ müharibəsində də siyasi partiyalar Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini nümayiş etdirdilər və birlikdə bəyanatlar səsləndirdilər. Onlar dövlətimizin və ölkə başçısının yürütdüyü daxili və xarici siyasəti müdafiə etdilər. Bütün bu həmrəyliyin nəticəsində Azərbaycan 2020-ci ilin payızında Ermənistanın təcavüzünə son qoyaraq düşməni 44 gün ərzində “dəmir yumruq”la geri oturtdu və torpaqlarını düşməndən xilas etdi”.