25 iyun 2022 00:18
523

Dövlət onların yanındadır

Qazilərə və şəhid ailələrinə genişmiqyaslı sosial dəstək tədbirləri davam edir

Azərbaycan dövləti istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində yaralanan, sağlamlığına ömürlük zərbə dəyən insanlara, həmçinin şəhid olanların ailələrinə yönəlik çoxsaylı dəstək mexanizmləri həyata keçirir.  Dövlətimizin başçısı tərəfindən 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı silsilə Fərman və sərəncamların imzalanması bütün bu işlərin uğurlu davamı kimi qiymətləndirilir.  Ümumiyyətlə, Azərbaycan şəhid ailələrinə, hərbçilərə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə dünya miqyasında nümunəvi ölkələrdəndir.

Yeri gəlmişkən onu da qeyd edək ki, müharibə iştirakçılarına, şəhidlərin ailələrinə dövlət qayğısının təmin olunması prosesində məsuliyyət böyük ölçüdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşüb. Azərbaycanın tarixi Zəfər qazandığı Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən genişmiqyaslı sosial dəstək tədbirləri icra edilir.

Elə bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daha bir qrup şəhid ailəsi üzvü və Vətən müharibəsi iştirakçısı ilə görüşün  keçirilməsini də bu işlərin uğurlu davamı hesab etmək olar. Görüşdə 44 günlük Vətən müharibəsindən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə icra olunan sosial dəstək tədbirlərindən bəhs olunub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev müharibədən sonrakı dövrdə şəhid ailələri və qazilərin sosial müdafiə və aktiv məşğulluq proqramları, reabilitasiya xidmətləri ilə əhatə olunmaları üçün aparılan işləri diqqətə çatdırıb. Onun verdiyi məlumata görə, postmüharibə dövründə şəhid ailəsi üzvləri və qazilərdən ibarət 100 min şəxsə 190 min xidmət göstərilib. Onlardan 93 min şəxsə proaktiv qaydada 104 min sosial ödəniş təyin olunub. O cümlədən şəhidlərin ailə üzvləri olan 7 min 979 nəfərə, İkinci Qarabağ müharibəsi veteranları olan 81 min 856 şəxsə aylıq sosial ödənişlər təyin olunub. Müharibədə yaralanmış və müalicə müddəti bitmiş hərbçilərdən 3 min şəxsə əlillik və sosial ödənişlərin təyinatı aparılıb.

Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı keçən il 5 dəfə genişlənib və postmüharibə dövründə 3 min 500, ümumilikdə ötən dövrdə 12 min 500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Son 4 ildə də 1500, postmüharibə dövründə 264, bu il 100, ümumilikdə ötən dövrdə 7 min 450 müharibə əlilinə minik avtomobili verilib. Vətən müharibəsindən sonra, həmçinin 12,1 mindən çox qazi və şəhid ailəsi aktiv məşğulluq proqramlarına cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində də müharibə iştirakçılarının işlə təminatına xüsusi diqqət yetirilir və bu sistemdə çalışanlardan 176 nəfəri müharibə iştirakçısıdır. Postmüharibə dövründə İkinci Qarabağ müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə, 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi, 2500 qazi reabilitasiya xidmətləri, 5 min ailə sosial-psixoloji xidmətlərlə təmin olunub. Ötən il şəhid ailələri, müharibə əlilləri, Milli Qəhrəmanların təqaüdləri, bu ilin əvvəlindən müavinətlər növbəti dəfə orta hesabla 60 faiz, son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və müavinətlər orta hesabla 2,5 dəfə, müharibə əlillərinə müavinət 2 dəfədən çox, orta aylıq pensiya 75 faiz artıb.

Həmin kateqoriyadan olanlara göstərilən dəstək tədbirləri, şəhid ailələri, müharibə iştirakçıları ilə əlaqədar sosial proqramların genişləndirilməsi işləri qarşıdakı dövrdə də davam edəcək.

Mənsumə Babayeva, “İki sahil”