25 iyun 2022 02:48
525

Sağlam gələcək üçün...

Lənkəranda narkomaniyaya qarşı mübarizə tədbirləri gücləndirilir

Narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətləri daha sərt addımlar atmağa məcbur edir. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunmuşdur.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur. Belə ki, bu məsələ ilk dəfə ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərmanında öz əksini tapmaqla, narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, həmçinin bu sahədə dövlət siyasətinin strateji istiqamətləri müəyyənləşdirilmişdir. 

Hazırda bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” həyata keçirilir. Dövlət Proqramının Lənkəran rayonunda icrası ilə bağlı geniş tədbirlər planı hazırlanmış və icrası istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir.

Komissiya hüquq-mühafizə orqanları, inzabi ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyələrlə birgə “Xaş-xaş” şərti ad altında narkotik xassəli bitkilərin əkilib becərilməsinin qadağan olunması, yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq yerindəcə məhv edilməsi ilə bağlı əhali arasında izahat işləri aparmış və  narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı yaranan məsuliyyət barədə ictimai məlumatlandırma həyata keçirilmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya narkomanlığın əleyhinə təşkilatlararası əlaqələndirmə funksiyasını öz üzərinə götürməklə narkomaniyanın profilaktikası ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran Şəhər Sektoru, Lənkəran şəhər Gənclər və İdman İdarəsi və yerli bələdiyyə qurumları ilə birgə işini əlaqələndirmişdir.

Belə ki, 9 iyun 2022-ci il tarixdə Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar yuxarı sinif şagirdlərinin antinarkotik dünya görüşünün formalaşması məqsədilə “Mən öz gələcəyimi seçirəm” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə İşçi Qrupu rəhbərinin müavini, Daxili İşlər Nazirliyinin əməkdaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi və Lənkəran şəhər Narkoloji Xəstəxananın baş həkimi iştirak etmişlər.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər Dövlət Proqramı”nın həyata keçirilməsi məqsədilə 2022-ci ilin I rübü ərzində rayonun ümumtəhsil məktəblərində müəyyən işlər görülmüşdür. Belə ki, pedaqoji kollektivlərimiz məktəblərdə alkoqoldan və narkotik vasitələrdən istifadə etməyə mənfi münasibətin tərbiyə edilməsi məqsədilə tədrisin, sinifdənxaric və məktəbdənkənar tədbirlərin imkanlarından istifadə edirlər. Rayonun ümumtəhsil müəssisələrində təhsil işçiləri və məktəblilər arasında narkomaniyadan və narkotik vasitələrdən istifadənin zərərli nəticələri ilə bağlı tibbi-bioloji, əxlaqi-etik, sosial-iqtisadi və hüquqi istiqamətlərdə söhbətlər, yığıncaqlar, dəyirmi masalar, viktorinalar, görüşlər, müxtəlif idman tədbirləri, inşa və rəsm müsabiqələri təşkil olunmuşdur. Rayonun 1,3,4,6,8 nömrəli, XDT Gimnaziya, Liman şəhər 2 nömrəli, Sütəmurdov, Hirkan qəsəbə, Səpnəkəran, Rvo, Lüvəsər, Şilavar, Şağlaser kənd orta məktəblərdə “Narkomanlığa və narkotik vasitələrə yox deyək” devizi altında sinif divar qəzetləri və bülletenlər buraxılmış, narkomaniyanın dəhşətli bəla olması ilə bağlı məqalələr yazılmışdır.

13 yanvar 2022-ci il tarixdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Tibb Kollecinin birgə təşkilatçılığı ilə “Sağlam həyat, sağlam düşüncə” adlı tədbir keçirilmişdir. Çıxışlar zamanı sağlam həyat tərzinə mane olan zərərli vərdişlər və yad ideoloji düşüncələrdən, gənclərin düzgün qidalanma, idman, fiziki aktivlik, şəxsi gigiyena, normal yuxu rejimi,  zərərli vərdişlərdən, milli mənəvi dəyərlərin qorunması, ailə dəyərləri və radikal dini təsirlərdən qorunmasının vacibliyi qeyd edilib. 07 aprel 2022-ci il tarixdə “07 aprel Ümumdünya Sağlamlıq Günü” münasibəti ilə Lənkəran Rayon Gənclər və İdman İdarəsinin Lənkəran Tibb Kolleci ilə birgə Tibb Kollecində təşkil etdiyi “Sağlam qidalan və idman et” mövzusunda tədbir keçirilmişdir.

19 aprel 2022-ci il tarixdə "Narkomaniyaya Yox Deyək" şüarı ilə Lənkəran şəhərində tədbir keçirilmişdir. Ailə Qadın və Uşaq Problemləri Dövlət Komitəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi tədbirdə çıxış edənlər gənclərin zərərli vərdişlərdən, xüsusən də narkomaniyadan qorunması mövzusunda fikirlərini bölüşüblər. Tədbirdə 500 nəfər iştirak etmişdir. Tədbirdən sonra "Narkomaniyaya yox deyək" şüarı altında qaçış təşkil edilmişdir. Bir km məsafəni əhatə edən qaçışda 110 nəfər iştirak etmişdir. Qaliblərə mükafatları təqdim edilmişdir.

31 may 2022-ci il tarixdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən 31 may Ümumdünya Tütünlə Mübarizə Gününə həsr olunumuş “Tütünsüz həyat, sağlam yaşam” adlı maarifləndirici tədbir keçirilmişdir.

Ötən dövr ərzində Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də müəyyən nəticələr əldə edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 96 fakt aşkar olunmuşdur. Onlardan 51-i narkotiklərin qanunsuz satışı faktı olmuşdur. Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) tərəfindən ümumilikdə 17 kq 994.028 qram müxtəlif növlü narkotik vasitələr dövriyyədən çıxarılmışdır ki, onlardan da güclü təsirə malik olan narkotik vasitələrdən 15 kq 999.0 qram heroin, 1 kq 995,0 qram marixuana, 1 kq 255,1 qram psixotrik maddələr təşkil etmişdir.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsinin Regional Şöbənin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 24 cinayət faktı aşkar edilməklə 6 kq 961,909 qram müxtəlif növ narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılmışdır. 24 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 14 nəfər əvvəllər məhkum olmuş şəxslərdir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək üçün cəza tədbirləri ilə yanaşı, rayon qeydiyyatında olan narkotik vasitə aludəçilərilə profilaktik tədbirlər aparılmış, görülən işlər keyfiyyətin və təsir dairəsinin artırılması məqsədilə keçirilmiş tədbirlər kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

Cari ilin 5 ayı ərzində Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında 2550 müxtəlif səbəblərdən ambulator və stasionar qəbul olmuşdur. Qəbul olunanlardan 63 nəfəri stasionar, 2487 nəfəri alkoqol, narkotik və toksioloji sərxoşluğun müəyyən edilməsi və məcburi müalicəyə göndərilməsi üçün ekspertiza müayinəsindən keçmiş şəxslərdir. Cari ilin 5 ayı ərzində 517 nəfər HİV və hepatitlə bağlı müayinəyə göndərilmiş, 207 nəfər narkoman diaqnozlu ilkin xəstələr qeydiyyata götürülmüşdür. Hazırda 3127 nəfər narkotik  istifadəçisindən 37-i qadındır. Qeydiyyatda olanlardan 275 nəfər 18-29 yaş, 1847 nəfəri 30-49 yaş, 1005 nəfəri 50-dən yuxarı olanlardır.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülmüş işlərlə kifayətlənməməliyik. Narkomaniya ilə mübarizə uzunmüddətli və çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir proses olsa da, öz ictimai təhlükəliliyi ilə fərqlənən, həmişə gizli şəraitdə baş verdiyi üçün ictimai nəzarətdən kənarda qalıb durmadan artan bu cinayətkar prosesə qarşı səylə mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsinə çevrilməli, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artmasının qarşısı qətiyyətlə alınmalıdır. Bu sahədə Lənkəran ŞRPŞ-nin şəxsi heyəti səfərbər olunmalı, külli miqdarda və güclü təsirə malik olan narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılmalı, cinayətkar qrupların ifşa olunması istiqamətində əməliyyat-axtarış və qabaqlayıcı-profilaktiki tədbirlər gücləndirilməlidir.

Möhübbət Babayev,
Lənkəran Şəhər İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının sədri