25 iyun 2022 01:09
599

Hər zaman və hər yerdə!

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri bu dəfə “Anadolu Qartalı-2022”də birlikdədirlər...

Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə ilə Cənubi Qafqazın ən qüdrətli ordusu olduğunu bütün dünyaya nümayiş etdirdi. Ancaq Azərbaycanda daha güclü ordu quruculuğu prosesi torpaqlarımızın işğaldan azad edilməsindən sonra da məqsədyönlü şəkildə davam etdirildi və bu gün ölkəmizin təhlükəsizliyi üçün əsas faktorlardan olan bu sahədə ən müasir innovativ texnologiyaların tətbiq edilməsi ilə zəruri islahatlar, təkmilləşdirmə prosesi həyata keçirilir. Təbii ki, bu zaman müharibənin nəticələrinin təhlilləri də nəzərə alınır, üstəlik Silahlı Qüvvələrimizin gücləndirilməsi zamanı NATO-nun ən güclü ordularından birinə malik olan qardaş Türkiyənin təcrübə və problemə yanaşmalarından, həmçinin müdafiə sənayesinin imkanlarından geniş istifadə olunur.

2021-ci il iyunun 15-də imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında digər sahələr kimi, hərbi əməkdaşlığın daha da genişləndirilməsinin yol xəritəsinə çevrilib. Məlum olduğu kimi, Bəyannamədə Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi istiqamətində birgə səy göstərilməsi əksini tapır. Həmçinin müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsi, birgə təhsil və təlimlərin keçirilməsi nəzərdə tutulur. Bəyannamədə müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlıq və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi kimi mühüm müddəalar da yer alıb.

Məhz Şuşa Bəyanaməsində nəzərdə tutulduğu kimi, Azərbaycan və Türkiyə orduları arasında dostluq və tərəfdaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurlu inkişafının nəticəsi olaraq qardaş ölkənin sürətlə inkişaf edən müdafiə sənayesinin müasir texnologiyalar əsasında istehsal etdiyi ən yeni silahların və digər hərbi vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi perspektivləri daim diqqətdə saxlanılır. Müdafiə nazirlərinin və Silahlı Qüvvələrin digər rəhbər heyətlərinin, hərbi sənaye sahəsi üzrə aparıcı şirkət nümayəndələrinin mütəmadi qarşılıqlı səfərləri əməkdaşlığın daha da dərinləşməsinə və yeni mərhələyə qədəm qoymasına şərait yaradır.

Yeri gəlmişkən, bir müddət əvvəl Türkiyədə keçirilmiş “Efes-2022” çoxmillətli hərbi təlimlərin İzmir bölgəsində təşkil olunan “Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycanın müdafiə naziri və Dövlət Sərhəd Xidməti rəisinin rəhbərlik etdikləri nümayəndə heyətləri də iştirak etmişdilər. “Efes-2022” iki qardaş ölkənin hərbçilərinin iştirakı ilə keçirilən çoxsaylı birgə təlimlərdən növbətisi idi. Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını yerinə yetirmişdilər. Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuzun da cəlb edildiyi beynəlxalq təlimlər iştirakçıların yüksək peşəkarlıq nümayiş etdirməsi ilə yadda qaldı.

Yeri gəlmişkən, Türkiyədə “Efes-2022” təlimləri başa çatmamış Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə Azərbaycan Ordusunun ümumqoşun poliqonlarında müxtəlif qoşun növlərinin döyüş atışlı intensiv taktiki təlimlərinə start verildi. Əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin praktiki vərdişlərinin inkişaf etdirilməsi ilə peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, qoşunların idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi idi.

Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrin bölmələrinin cəlb edilməsi ilə keçirilən təlimlərin gedişi barədə komandirlərin və qərargah zabitlərinin məruzələri dinlənilir, kəşfiyyat məlumatları əsasında düşmənin vəziyyəti və ərazinin xüsusiyyətləri öyrənilir, silahlanmaya yeni daxil edilən cihaz və vasitələrin tətbiqi ilə bölmələrin qarşılıqlı fəaliyyəti təşkil olunurdu. Təlimlərin ssenarisinə əsasən, aşkar olunan şərti düşmən hədəfləri müxtəlif aviasiya vasitələri, motoatıcı, artilleriya və tank bölmələri tərəfindən qarşılıqlı əlaqədə məhv edildi.

Məlum olduğu kimi, davamlı olaraq keçirilən hərbi təlimlərin ordumuzun döyüş qabiliyyətinin və peşəkarlıq səviyyəsinin artırılmasında çox böyük əhəmiyyəti var. Bu baxımdan Azərbaycan Hərbi Hava Qüvvələrinin də qatıldığı növbəti beynəlxalq təlim – “Anadolu Qartalı-2022” iki qardaş ölkənin silahlı qüvvələri arasında əlaqələrin inkişafına da növbəti töhfəsini verəcək. 2022-ci il iyunun 20-dən iyulun 1-dək Türkiyənin Konya şəhərində yerləşən 3-cü Əsas Reaktiv Baza Komandanlığında keçiriləcək “Anadolu Qartalı-2022”də ölkəmizlə yanaşı İngiltərə, İordaniya, Pakistan, Türkiyə Hərbi Hava və Dəniz Qüvvələri iştirak edir. Təlimlər, eyni zamanda NATO-nun “Ramstein DUST-2022/2” təlimi ilə birlikdə həyata keçiriləcək.

Beynəlxalq taktiki uçuş təlimlərində Azərbaycanı Su-25 və MiQ-29 qırıcı təyyarələri təmsil edir və əsas məqsəd xilasetmə və havadan yardım hərəkatına nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək, iştirakçı dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki birgə əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Qeyd edək ki, Türkiyə ilə ikitərəfli hərbi əməkdaşlıq sayəsində artıq bir sıra istiqamətlərdə konkret nəticələr əldə etmək mümkün olmuşdur. Buna ən yaxşı nümunə kimi isə Vətən müharibəsində yerüstü əməliyyatlarda effektiv nəticələr göstərən Xüsusi Təyinatlı Qüvvələrimizin yeni – Türkiyədə xüsusi kurslarda təhsil almış komando birliklərinin yaradılmasını göstərmək olar. Məlum olduğu kimi, indi Azərbaycan Silahlı Qüvvələrinin tərkibində belə elit bölmələrin sayı kifayət qədərdir. Bu gün qürur hissi ilə söyləmək olar ki, Türkiyənin məşhur “bordo beretli”liləri kimi, Azərbaycanın komandoları da istənilən şəraitdə ən ağır döyüş tapşırıqlarını ən yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdirlər. Qardaş ölkə ilə sarsılmaz birliyimizin ən parlaq nümunəsi həm də bu birlik sayəsində Silahlı Qüvvələrimizin yenilməz güc qazanmasıdır. Bir yerdəyik və buna görə daha da güclüyük. Komando andında deyilən kimi – Həmişə və hər yerdə!

Mahir Rəsuloğlu, “İki sahil”