24 iyun 2022 19:32
486

 “YAŞAT”ın yaşatmaq missiyası

Bu günə qədər Fonda daxil olan vəsaitdən 61 114 757.86 manatdan çoxu xərclənib

İyunun 24-də 7 saylı  “ASAN xidmət” mərkəzində “YAŞAT” Fondunun fəaliyyətinə dair kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilib.             

Elvin Hüseynov Fond tərəfindən müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatlarla bağlı hesabat xarakterli təqdimatla çıxış edib.          

Elvin Hüseynov  bildirib ki, bu günə qədər Fondun hesabına 73 milyon 781 min 435 manat 79 qəpik vəsait mədaxil olub. “YAŞAT” Fonduna daxil olan vəsaitdən 61 milyon 114 min 757 manat 86 qəpik əsas fəaliyyət istiqamətləri üzrə xərclənib. Qalan məbləğ 12 milyon 666 min 677 manat 93 qəpikdir: ”Xərclənən vəsaitdən 36 milyon 892 min 200 manatı məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə, 546 min 346 manat 40 qəpiyi təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, 6 milyon 336 min 540 manat 51 qəpiyi istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 17 milyon 339 min  670 manat 95 qəpik isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub.”

E.Hüseynov diqqətə çatdırıb ki, ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 599 yaralı olmaqla ümumilikdə 16 966 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 12 526 şəxsin 26 616 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 21 848-dir".

Fond rəhbəri vurğulayıb ki, bu günə qədər “YAŞAT” məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 417, itkin ailə üzvlərinin 7 və yaralıların 5 791 müraciəti olmaqla ümumilikdə 10 215 müraciəti təmin edib: “2020-ci ilin 27 sentyabr tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 manat məbləğində depozit hesabı açılıb. Hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 manat məbləğində depozit hesabı açılıb.

Onun sözlərinə görə, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 907 və yaralıların 4 483 müraciəti olmaqla ümumilikdə 9 390 müraciət təmin edilib.

Fondun rəhbəri qeyd edib ki, bu günə qədər qurum 176 şəxsi Türkiyəyə müalicəyə göndərib, onlardan 171-i ağır yaralı, 5-i isə şəhid ailəsi üzvüdür: “Müalicə alanlardan 148-i ölkəyə geri qayıdıb. Hazırda 26 ağır yaralının və 2 şəhid ailəsi üzvünün müalicəsi Türkiyədə davam edir. Ümumilikdə keçən müddət ərzində müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 907 və yaralıların 4 483 müraciəti olmaqla ümumilikdə 9 390 müraciət təmin edilib. Fondun dəstəyi ilə ölkəyə gətirilən türkiyəli həkimlər 150-dən çox yaralını müayinə edib. Ötən il İsraildən gələn hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis qeydiyyatı aparılan ağır göz problemləri olan 148 nəfəri müayinə edib. Müayinə nəticəsinə 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib. Bundan başqa, ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndirmək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən 38 999.00 manat məbləğində “RGO” ortopedik cihazları ölkəyə gətirilib. Avadanlıqdan 8 yaralının müalicəsində istifadə olunub. Gün ərzində 35-40 nəfər yaralının müalicəsində istifadə edilməsi üçün 47 200 manat məbləğində Giger MD reabilitasiya cihazı alınıb".

E.Hüseynov onu da bildirib ki, bu günə qədər “YAŞAT” Fondu təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 176 və yaralıların 39 müraciəti olmaqla ümumilikdə 215 müraciəti təmin edib: “Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələrinin 254 637.99 manat vəsaiti qarşılanıb: "Təhsil haqqı qarşılanan 94 şəxsin ödənişini Fond, 72 şəxsin isə ödənişini Fondun təşəbbüsü ilə təhsil müəssisələri qarşılayıb. Bu günədək “YAŞAT” Fondunun iş şöbəsi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi və Dünya məktəbi arasında şəhidlərin övladlarının ödənişsiz təhsil alması məqsədilə niyyət protokolu imzalanıb. Bununla yanaşı, “Dərs evi” tədris mərkəzi, “İnnab Business School”, “SAT Group”, “Data Science Academy” və “Mars Academy” təlim-tədris mərkəzi ilə əməkdaşlıq qurulub. Ötən tədris ilində rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olunmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 manat təsis edilib. İndiyə qədər 47 şəxsə (29 şəhid ailə üzvü və 18 yaralı) 2000 manat vəsait köçürülüb.”

Onun sözlərinə görə, bu günə qədər “YAŞAT” Fondu istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 832, itkin ailə üzvlərinin 3 və yaralıların 1 166 müraciəti olmaqla ümumilikdə 2 001 müraciəti təmin edib. Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr 125 926.74 manat vəsaiti qarşılayıb.

E.Hüseynov xatırladıb ki, “Neftçi" Peşəkar Futbol Klubunun (PFK), "ASAN Könüllüləri" Təşkilatının və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə şəhid və sosial baxımdan həssas ailələrin övladları üçün nəzərdə tutulmuş "III Neftçili Yay Futbol Düşərgəsi" layihəsi keçirilib. YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 2021-ci ilin 12 iyul tarixindən 2021-ci ilin 28 avqust tarixinədək 3 fərqli yaş qrupunu əhatə edən şəhid övladları üçün  Lənkəran şəhərində, "Springs Wellness Resort” hotelində ümumilikdə 211 uşağı əhatə edən 6 düşərgə təşkil edilib.  “YAŞAT” Fondunun, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, “Bank Respublika”nın dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı  ilə 2022-ci ilin 27 may-30 may tarixlərində Qəbələdə “YAŞAT” idman düşərgəsi keçirilib. YAŞAT” Fondunun və “Neftçi" Peşəkar Futbol Klubu birgə təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün "IV Neftçili Yay Futbol Düşərgəsi" layihəsinə 2022-ci ilin 16 iyun tarixində start verilib. Layihədə 6-12 yaş aralığındakı 104 şəhid övladının iştirakı nəzərdə tutulub.

Elvin Hüseynov diqqətə çatdırıb ki, 2021-ci il mayın 25-də Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” marafonu” keçirilib: “Marafonun məqsədi şəhid ailələri və yaralananlara yardım edilməsi ilə bağlı  dünyanın müxtəlif olkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır. Marafon müddətində (29.04.2021-ci il tarixindən 31.05.2021-ci il tarixinədək) Fondun hesabına 990 067.00 manat , 10 180.00 USD, 6 395.86 EUR, 34 117.32 TRY, 2 844.07 RUB, 2 975.00 GBP vəsait olmaqla ümumilikdə 1 042 609.29 manat vəsait daxil olub. Sms ianə vasitəsi ilə 2021-ci il 25-26 may tarixləri üzrə 5061 manat vəsait toplanılıb.  2021-ci il 7 noyabr tarixində “YAŞAT” Fondunun və İctimai Televiziya və Radio Yayımları Şirkətinin  birgə təşkilatçılığı ilə “YAŞAT” xeyriyyə marafonu keçirilib. Marafon müddətində (20 oktyabr tarixindən 9 dekabr tarixinədək) 1 391 697.26 manat vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə edilib. “YAŞAT” Xeyriyyə Marafonu ilə əlaqədar İctimai Televiziyada 7 noyabr səhər saat 12:00-dan 18:00-a kimi efir saatı ayrılıb və canlı yayım zamanı sms vasitəsi ilə 4 041 manat vəsait toplanılıb.”

E.Hüseynov xatırladıb ki, 2021-ci il sentyabrın 25-26-da “YAŞAT” Fondunun, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Şəhid əmanətləri Şuşada” layihəsi baş tutub. Layihə çərçivəsində şəhidlərimizin övladlarının Şuşa şəhərinə səfəri təşkil olunub. Səfər müddətində iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın zəngin tarixi, mədəni irsi, quruculuq və bərpa işləri ilə yerindəcə tanış olmaq imkanı əldə etmişdir. Şuşa şəhərində ağacəkmə aksiyası təşkil olunmuş və şəhidlərimizin övladları tərəfindən atalarının əziz xatirəsinə 100 ədəd eldar şamı ağacı əkilib.

Fond rəhbəri vurğulayıb ki, Dənizkənarı Milli Parkda 2021-ci il 29 oktyabr - 9 noyabr tarixlərində “Zəfər” yarmarkası keçirilib. Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutub: “Təşkilatçıları “YAŞAT” Fondu, Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyası olan yarmarka müddətində müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı reallaşdırılıb. Eyni zamanda Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılılıb. Yarmarkanın hər bir günündə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramları keçirilib. Ümumilikdə 12 gün ərzində yarmarka müddətində toplanmış  64 558.58 manat vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə edilib.”

Elvin Hüseynov onu da əlavə edib ki, 2022-ci ilin 26 may-29 may tarixlərində  Bakıda keçirilmiş  “Teknofest - Azərbaycan”  Aviasiya, kosmos və texnologiya festivalına “YAŞAT” Fondu tərəfindən şəhid övladlarından ibarət komandanın Zəfər yolu üzərindən dron uçuşu nümayişi təşkil olunub. Eyni zamanda maketin yanında Fondun hesabatlılığı ilə bağlı videoçarx nümayiş olunub. Təqdimat “Kristal Abşeron”un dəstəyi ilə hazırlanıb.

Sonda kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Yaqut Ağaşahqızı, “İki sahil”