24 iyun 2022 20:21
517

“Bir millət iki dövlət” strategiyasının məntiqi davamı

Bir həftə öncə, “Şuşa Bəyannaməsi”nin ildönümünü qeyd etdik. İki qardaş dövlət, Türkiyə və Azərbaycan arasındakı strateji əməkdaşlıq, siyasi, iqtisadi,  mədəni, hərbi-texniki, sosial, elmi əlaqələrin müttəfiqlik səviyyəsinə  qaldırılmasının həm regional, həm də qlobal təhlükəsizlik üçün  əhəmiyyətini qeyd etdik, bu münasibətlərin daha geniş müstəviyə yayılmalı, coğrafiyası  və təsir dairəsinin  genişlənməli olduğu barədə fikir mübadiləsi etdik, bunun üçün həm münbit geosiyasi zəmin, həm milli-mədəni, sosial-iqtisadi, həm tarixi əsasların, həm də regional inteqrasiya və qlobal konsolidasiya  üçün  platformanın olduğunu vurğuladıq.

Bu hadisədən cəmisi 6 gün sonra, Azərbaycan Prezidentinin qardaş Özbəkistana iki günlük rəsmi səfəri – bu səfərdə yaşanan hərarətli anlar, bənzərsiz ehtiram, məhəbbət və səmimiyyət görüntüləri, imzalanan sənədlər, niyyət protokolları, qarşıya qoyulan hədəflər “Şuşa Bəyannaməsi”nin təsadüfi və müstəsna bir hadisə  olmadığını, qlobal hərbi, siyasi və iqtisadi böhranlardan sığortalanmaqda maraqlı olan, bu təhlükələrdən qorunmağın yeganə yolunun güc birliyi, hərbi-siyasi və iqtisadi  inteqrasiyadan keçdiyini anlayan dövlətlər üçün də önayaq, vəsilə olacağının anonsuna çevrildi.

Bu prosesin, bizimlə eyni etnik köklərə, müştərək tarixə  və milli-mənəvi dəyərlərə malik bir dövlətlə - özü də insan resurslarına,  yürütdüyü  müstəqil xarici siyasətə  və həyata keçirdiyi  reformlara,  iqtisadi  inkişaf tempinə görə  görə  Mərkəzi Asiyanın ən önəmli ölkəsi olan, bütün platformalarda Azərbaycanın haqlı mübarizəsini  müdafiə  edən, dəstəkləyən qardaş Özbəkistanla davam etməsi, xüsusilə sevindirici hal olmaqla, yeni güc mərkəzinin yaranması istiqamətində vektorların düzgün seçilməsini xarakterizə edir  və  gələcəyə  nikbin  baxmağa  əsas verir.

Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş parkın, barelyefin yaradılması da, bu kompleksin açılış mərasimində Özbəkistan rəhbərinin xalqımızın Ümumilli Lideri haqqında söylədiyi xoş sözlər, fikirlər də,  Azərbaycan Prezidenti cənab İlham Əliyevə göstərilən xüsusi diqqət, ehtiram və məhəbbətin in’ikası olan qəbullar  və  ziyarətlər  də, əldə edilən razılaşmalar da, Özbəkistanın Qarabağımızın  bərbası prosesinə  töhvəsi,  jesti də və ən nəhayət, “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə” də son dərəcə isti ismarıclar olmaqla, münasibətlərimizin gələcək inkişafı, ölkələrimizin həm yerləşdikləri coğrafi-siyasi məkanda, həm də dünyada söz sahibi olması, tərəqisi və müttəfiqliyi istiqamətində yol xəritəsinə çevriləcək, “bir millət iki dövlət” tezisi, iki, üç, dörd və daha artıq dövlətin “bir millət” strategiyasına zəmin yaradacaq.

Mirsüleyman Mirxaslı,
YAP Cəlilabad rayon təşkilatının sədri