24 iyun 2022 17:29
436

FHN-in Akademiyasında Silahlı Qüvvələr Günü qeyd edilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi və 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.

“İki sahil”in FHN-in saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti, kursantlar və Xüsusi Təyinatlı Qüvvələrin mənsubları – qazilər Bəhruz Məmmədzadə, Vahab Nəhmətov iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Akademiya rəisinin müavini polkovnik Aslan Hüseynov 26 iyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə toplantı iştirakçılarını təbrik edərək bildirib ki, 26 iyun 1918-ci ildə Milli Ordumuzun Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılması Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Sözügedən tarixin ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci ildə imzaladığı Fərmanla Silahlı Qüvvələr Günü kimi hər il təntənə ilə qeyd edildiyini diqqətə çatdıran Akademiyanın rəis müavini qeyd edib ki, Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun formalaşdırılması Ulu Öndərin müdrik və uzaqgörən siyasətinin nəticəsidir.

Dahi dövlət xadimi Heydər Əliyevin mütərəqqi siyasətinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət, həyata keçirdiyi davamlı və hərtərəfli islahatlar nəticəsində Azərbaycanda regionun ən güclü peşəkar ordusu formalaşıb. Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında şanlı Ordumuzun cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad etməsi məhz bu müdrik siyasətin parlaq təzahürüdür.

Sonra tədbirdə çıxış edən Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, qazi Bəhruz Məmmədzadə tədbirin təşkilinə görə Akademiya rəhbərliyinə minnətdarlığını bildirib. O, özünün və cəbhə yoldaşlarının İkinci Qarabağ müharibəsində keçdiyi döyüş yolundan danışıb, müharibə xatirələrindən söz açıb.

Sonra Akademiyanın hərbi orkestrinin çıxışı ilə tədbirin bədii hissəsi davam edib.