24 iyun 2022 23:45
670

Dilçilik elminə yeni töhfə

Dil xalqın mənəvi dəyərlər sistemində ən əsas faktorlardandır. Dil araşdırmaları müxtəlif tədqiqatçılar tərəfindən aparılıb. Hər bir tədqiqat da dilimizin qədim tarixi müxtəlif aspektlərdən araşdırılıb. Bu baxımdan hər bir tədqiqat işi də dilimizə öz növbəsində töhfədir, təbii ki, əhəmiyyətli tədqiqatlardan söhbət gedir.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın Azərbaycan dilçilik elmindəki xidmətləri zəngindir. Alimin bu sahədə fəaliyyəti zəngin olduğu qədər də çoxşaxəlidir. Yaradıclığını bir az nəzərdən keçirtmək kifayətdir ki, onun dilçilik elmimizin inkişafındakı xidmətlərinə bələd olunsun. Zülfiyyə İsmayıl təkcə elmi nəticələrini yazıları vasitəsilə təqdim etmir. Düzdür, onun dilçilik araşdırmaları elmi əsərlərində, kitab və monoqrafiyalarında da olduqca aydın və əhəmiyyətli şəkildə ifadə edilir. Qeyd edim ki, bütün bunlarla yanaşı Zülfiyyə xanım natiqliklə bağlı Tanrı vergisinə malikdir. Gözəl və könül oxşayan, aydın, səlis, ifadəli, düzgün nitqi onun natiqliyinin göstəricisidir.

“Ədəbi-bədii dil və dilçilik araşdırmaları” adlı əsər Zülfiyyə İsmayılın eyni adlı kitabının II cildidir. Müəllif kitabın III cildinin də üzərində çalışmaqdadır. Milli dövlətçiliyimizin əziz atributlarına olan sevgisini, bayrağımıza olan vurğunluğunu kitablarının cild seçimində də ifadə edib. Birinci kitab Azərbaycan Milli Elmlər Akademiyasının yubileyinə həsr olunub. II kitab Akademiyanın Naxçıvan Bölməsinin yaranmasının 20 illiyinə ithaf olunur. III isə hər hansı əlamətdar günlə bağlı olacaqdır. Sözügedən kitab 2 fəsildən ibarətdir. Hər iki fəsil səkkiz yarımparaqrafa bölünür. Hər yarımparaqrafda da, öz növbəsində, dilçiliklə bağlı əhəmiyyətli axtarışlarla bağlı müəllifin dəyərli fikirləri təcəssüm olunur.

Kitabda diqqətimizi özünə cəlb edən “Ana dilinin saflığının qorunması: problemlər, perspektivlər” adlı yazıda müəllif müasir günümüzdə dilimizlə bağlı ümummilli lider Heydər Əliyevin yeritdiyi, sonrakı dövrlərdə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi uğurlu siyasət sayəsində dilimizin saflığı və təmizliyinin qorunmasına yüksək xidmət və qayğıdan bəhs edilir. Biz vətəndaşların öhdəsinə də bu xidmət və qayğıdan örnək götürərək bu dilin istifadəçiləri olaraq dilimizi yad ünsürlərdən qorumaq missiyası düşür. Dilə mənfi təsri edən əcnəbi sözləri bir növ dil vürusları adlandırmaq olar. Dilə asanlıqla sirayət edən, onun təmizliyinə, saflığına ziyan vuran xarici kəlmələri dildən xaric etmək yolunda hər birimiz fəaliyyət göstərməliyik. Bu, təkcə dilçilərin, necə deyərlər, boynuna biçilməyib. Amma dilçi alimlərin borcu da bu yolda daim düzgün və xalqın asanlıqla qəbul edəcəyi istiqaməti müəyyən etməkdir ki, Zülfiyyə İsmayıl bu yazısı vasitəsilə həmin istiqaməti elə aydın təyin edir ki: “Bəzən ədəbi dilmizin təmizliyini pozan sözlər işlədilir. Və ya sosial şəbəkələrdə sözlərin qısaldılması, fonetik normanın pozulması halları da var, yəni saitlərin ləğvi prosesi gedir”.

Birinci fəsil “Ədəbi dil və bədii düşüncə” adlanır. Bu fəsildə Zülfiyyə İsmayıl Azərbaycan ədəbiyyatında öz dəstxətləri olan, ədəbiyyatımıza qiymətli əsərləri ilə töhfələr verən görkəmli mütəxəssislərin yaradıcılıqlarını araşdıraraq, dil-üslub xüsusiyyətlərindəki özünəməxsusluqları aşkara çıxarıb. “Aşıq Ələsgər poeziyasını dil-üslub xüsusiyyətləri” adlı yarımfəsildə görkəmli aşığın yaradıcılığının xalq dilinin incəlikləri ilə süslənməsində aşığın məqsədi aşkarlanır. Baxmayaraq ki, aşıq el atası, el ağsaqqalıdır, xalq dilinə çox böyük önəm verməlidir, aşıq Ələsgər isə cilalanmış, xalq ədəbi dilinin normalarına xidmət edən söz və ifadələrin yaradıcılığı boyu işlənməsinə daha çox üstünlük verib. Aşıq Ələsgər dilində xitabların işlənmə məqsədi məqalədə təyin olunur, dilimizdə mövcud olan, lakin işlənmə məhsuldarlığı məhdud olan qeyri-təyini ismi birləşmələrin aşığın yaradıcılığında sürətli işlənmə tezliyini müşahidə edən Zülfiyyə İsmayıl bunu aşığın Azərbaycan ədəbi dilinin tarixinə bələdliyi ilə əlaqələndirir:

Sürahi gərdənli, qəddi möhtədil,

Zəbərcəd kəlməli, misali-bülbül;

Yığılar məxluqat, qurular məşhər,

Boyunlarda kəfən,əllərdə dəftər.

Zülfiyyə İsmayıl aşığın bu məqsədini belə aydınlaşdırır: “Məzmunun imkan verdiyi dərəcədə qeyri-təyini ismi birləşmələrdən istifadə etməklə sözə qənaət meyarlarının bütün prinsiplərini diqqət mərkəzində saxlayır”.

“Mollanəsrəddinçilərin yaradıcılığında ana dilinin saflığının qorunması məsələləri” adlı yarımfəsildə müəllif belə nəticəyə gəlir ki, Mollanəsrəddinçilərin jurnalın yarandığı vaxtdan bağlandığı zamanadək xalqa sadiq qalaraq xalq dilində yazmaları ana dilinin qorunmasında təqdirəlayiq məqam idi. Müəllif Z.İsmayıl sözügedən yarımfəsildə mollanəsrəddinçilərin ana dilimizin saflığı uğrundakı mübarizələrini aşkarlayaraq ən ümdə məsələrə diqqət yönəldir.

“Mirzə Cəlilin əsərlərində fonetik dialektizmlərin üslubi imkanları” adlı yarımfəsildə müəllif Cəlil Məmmədquluzadənin əsərlərində fonetik və leksik dialektizmlərin işlənmə tezliyinin yüksək, lakin morfoloji dialektizmlərin işlənməsinin isə daha zəif olduğu nəticəsinə gəlir. O, həm də belə nəticəyə gəlir ki, dialketizmlərin işlənməsi Mirzə Cəlil yaradıcılığında çox böyük məna kəsb edir. Müəllif Mirzə Cəlil yaradıcılığını dialekt sözlərsiz təsəvvür etmir, əks halının, yəni dialekt sözlərsiz bədii əsəri “silahsız döyüşçüyə” bənzədir.

Digər yarımfəsillər “Əbdürrəhimbəy Haqverdiyev və ana dili məsələləri”, “Nəriman Nərimanovun əsərlərində ana dili məsələləri”ndə müəllif görkəmli şəxsiyyətlərin ana dili uğrundakı mübarizələri, hər iki yazarın öz əsərlərində Azərbaycan dili uğrundakı apardıqları mübarizələrindən, əsərlərinin də ana dilinin qayda-qanunlarına uyğun şəkildə yazmaqlarından bəhs edir.

Müəllifin ana dili ilə bağlı tədqiqatlarının növbəti ünvanı Rəsul Rza yaradıcılığıdır və bu tədqiqatlar “Rəsul Rza və doğma dilimiz” başlıqlı yazıda özünü göstərir. Burada müəllif ölməz şairin Azərbaycan dili xeyrinə öz fəaliyyəti vasitəsilə aparıdığı mübarizəsini qabardır. Əsas diqqət çəkən məqam R.Rzanın dilimizdə baş verən dəyişmələrə, o cümlədən dili əcnəbi sözlərdən arındırma – purizm məsələlərinə reaksiyasıdır ki, müəllif də R.Rzanın dövrünün pusristlərinin qeyri-peşəkar fəaliyyətlərini bəyənmədiyini, şairin dilimizə gətirilən əcnəbi sözləri dilimizin qayda-qanuna uyğunlaşdıraraq işlətməyin daha məqsəduyğun hesab etməsini bir daha diqqətə çatdırır.

“Nağı Nağıyevin əsərlərinin bədii dil və üslub xüsusiyyətləri” adlı yazıda müəllif Naxçıvan ədəbi mühitin görkəmli simalarından olan Nağı Nağıyevin yaradıcılığında ədəbi dil məsələlərini araşdırır.

XX əsr Naxçıvan ədəbi mühitinin simalarından olan Müzəffər Nəsirli yaradıcılığı da Zülfiyyə İsmayılın araşdırma apardığı obyektlərdəndir. Müəllif şairin şeirlərinin təhlili zamanı bu qənaətə gəlir ki, “Müzəffər Nəsirli oxucularda vətənpərvərlik, zəhmətsevərlik, halallıq, mənəvi saflıq, xeyirxahlıq kimi yüksək əxlaqi-mənəvi keyfiyyətlər aşılamağa fikir verərək sadə, aydın və obrazlı dillə yazmağa üstünlük vermişdir”.

Kitabın II fəsli “Dilçilik elmimiz: ustadlar və yeni nəsillər” adı altındadır. Bu fəsil də öz növbəsində bir-birindən maraqlı və önəmli dilçilik tədqiqatları aparılmış əsərlərin keyfiyyəti haqqında Zülfiyyə İsmayıl “diaqnozudur”. Bu fəsildə müəllifin dilçilik mütəxəssislərindən olan alim Elbəyi Maqsudovun “Poetik-praktik Azərbaycan dili” əsəri haqqında dəyərli fikirləri əks olunmuş yazısını oxuculara təqdim edir. Dilçilik elmində müasir dövrün dilçi tədqiqatçılarının fəaliyyəti də Zülfiyyə İsmayılın dilçi-alim analizindən, diqqətindən kənarda qalmayıb. Bu baxımdan müəllif dilçilik sahəsində çıxan kitab və monoqrafiyalara, aparılan elmi tədqiqatlara öz münasibətini də bildirmişdir. Odur ki, Z.İsmayıl N.Yaqubov və R.Cəfərlinin yazdıqları “Əcnəbilər üçün Azərbaycan dili dərsliyi”nə öz müsbət münasibətini bildirmişdir və bu barədə dəyərli fikirlərini sözügedən fəsildə ifadə etmişdir.

Qeyd etdiyimiz kimi, Zülfiyyə İsmayıl dilçilik elmində aparılan tədqiqatlara da hər zaman öz münasibətini bildirməyə hazır olmuşdur. Bu baxımdan Z.İsmayıl C.Babayevin “Azərbaycan və ingilis dillərində bədii üslub vasitələrinin müqayisəli-linqvstik təhlilinə dair”, Minayə Məmmədovanın “Corc Qordon Bayronun poeziyasının Azərbaycan dilinə tərcümələrinin linqvstik xüsusiyyətləri”, Nicat Yaqubovun Azərbaycan dilində arxaizmlərin leksik-semantik xüsusiyyətləri”, Aynur Məmmədovanın Ceyn Ostin romanlarının dil və üslub xüsusiyyətlərinə aid təhlillərinə, Ramilə Orucovanın “Azərbaycan folklor mətnlərində köməkçi nitq hissələrinin funksional-semantik xüsusiyyətləri” əsərinə, Şəkər Məmmədovanın tədqiqatlarında Naxçıvan dialekt və şivələrinin frazeoloji vahidlər sistemi məsələlərinə öz münasibətini bildirmişdir. Bütün bunlar Zülfiyyə İsmayılın Azərbaycan dilçilik elmindəki aktiv və səmərəli fəaliyyətini bir daha təsdiq və sübut edir.

Aytən Cəfərova,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
Filologiya üzrə fəlsəfə doktoru, dosent