25 iyun 2022 02:34
546

Ağstafada 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş konfrans keçirilib

İyunun 24-də Ağstafa Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa rayon Gənclər və İdman idarəsinin, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş “Cəmiyyətdə Hərbi Vətənpərvərlik” mövzusunda elmi praktik konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransda Ağstafa Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa rayon Gənclər və İdman idarəsinin, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin, Heydər Əliyev Mərkəzinin, Ağstafa rayon Ağsaqqallar Şurasının əməkdaşları, qazilər, sahibkarlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan  Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev 44 günlük Vətən müharibəsində ağstafalıların ön cəbhədə və arxa cəbhədə göstərdikləri şücaətlərdən danışıb, gənclərin vətənpərvər böyümələrindən bəhs edib. Həmçinin qeyd edib ki, vətənpərvərliyi gənclərimizə aşılamaq üçün belə konfrans və tədbirlər davamlı şəkildə keçirilir, keçiriləcək də.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi hərb sahəsində vəziyyəti kökündən dəyişdirdi. Ümummilli liderin rəhbərliyi altında respublikamızda ordu quruculuğu sahəsində həyata keçirilən mühüm tədbirlər nəticəsində vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafı təmin edildi. Qeyri qanuni silahlı dəstələr ləğv edildi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin ilk hərbi hissəni təsis etdiyi gün – 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələri günü kimi qeyd edilir.

2003-cü ildə ümummilli lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı İlham Əliyevin hakimiyyətə gəlməsi ilə milli ordu quruculuğu sahəsində yeni keyfiyyət dəyişiklikləri mərhələsi başlanıldı. Xalqımızın qüdrətli ordu yaradılması ilə bağlı istək və arzuları reallaşdı. Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin orduya göstərdiyi hərtərəfli qayğı və yeni müasir silahların alınması kimi irimiqyaslı işlər nəticəsində silahlı qüvvələrdə olan problemlər birdəfəlik həll edildi.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin illərdir ardıcılıq olaraq həyata keçirdiyi uğurlu siyasi-iqtisadi və hərbi-diplomatik strategiyası nəhayət öz tövhəsini verdi. 2020-ci ilin 27 sentyabr tarixində əks-hücumla başlayan Vətən müharibəsi 44 gündən sonra tarixi Zəfərlə başa çatdı. Rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, geri çəkilməyə məcbur edilmişdir.

Sonra çıxış edən natiqlər  şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışıblar.

Daha sonra 44 günlük Vətən müharibəsi dövründə, həmçinin bu gün də daim fəallıqları ilə fərqlənən idarə, müəssisə əməkdaşları, gənclər və qazilər fəxri fərmanla təltif olunublar.

Sonda əbədiyaşar liderin mənalı ömür yoluna həsr olunmuş foto şəkillərdən ibarət Heydər Əliyev Mərkəzinin salonları ziyarət edilib.