Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Günəhir, Türkəncil və Qodəsə kəndlərinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü inzibati ərazi dairəsi üzrə nümayəndəliyin həyətində açıq havada baş tutdu. İcra başçısı vətəndaşların müraciətlərinə birbaşa və vasitəçi olmadan baxılması üçün buraya icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri ilə birgə gəlmişdi.
Görüş iştirakçıları Vətən torpaqlarının azadlığı uğrunda canından keçib müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra T. Qaraşov söhbətə başladı:-Dövlətimizin başçısının göstəriş və tövsiyələrinə uyğun olaraq vətəndaşların müraciətlərinə həssas yanaşılması istiqamətində məmurların yerlərdə insanlarla üzbəüz dialoq qurması çox vacibdir. Ölkə başçısının uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahı dayanır. Sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurlu davamı, habelə əhəmiyyətli dərəcədə genişlənməsi və sosial təminat sisteminin dəfələrlə güclənməsi sözügedən məqsədə irəli gəlir.
İcra başçısı çıxışını bitirib Vətən müharibəsi iştirakçılarının qayğı və problemləri ilə yaxından maraqlandı, onların həlli istiqamətində yerində göstərişlərini verdi. Sonra vətəndaşlar sərbəst şəkildə öz fikir və istəklərini söylədilər, onları narahat edən problemlərə toxundular. Hər kəsi həssaslıqla dinləyən icra başçısı qaldırılan məsələləri yoluna qoymaqdan ötrü aidiyyəti üzrə qurumlara tapşırıqlar verdi, dövlət və vətəndaş arasında münasibətlərin, qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxmaqda şəffaflığın və nəzarətin xüsusi önəm kəsb etdiyini bildirdi.
Vətəndaşlar bir daha dövlət tərəfindən sosial sahəyə xüsusi qayğı nəticəsində ölkəmizdə sosial inkişafı istiqamətində əldə olunan mühüm nailiyyətlərə görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq etdilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü