24 iyun 2022 20:54
475

Prezidentin Özbəkistana səfəri ölkə rəhbərinin beynəlxalq aləmdə artan siyasi nüfuzunun göstəricisidir

İyunun 21-də Prezident İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri tarixi məqamlarla yadda qaldı. Səfər zamanı Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə yaradılmış meydanın açılışı oldu. Bu bir daha Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin əziz xatirəsinin ölkəmizin hüdudlarında belə necə yüksək səviyyədə yaşadılmasını nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafının əsasını qoymaqla bərabər onun böyük şəxsiyyəti beynəlxalq aləmdə aparıcı ölkələr tərəfindən daim yüksək rəğbətlə qarşılanırdı.

Müdrik və uzaqgörən Ulu Öndər hələ sovet dövründə ölkəmizə rəhbərlik edən zaman Özbəkistanla münasibətlərə xüsusi diqqət yetirirdi. Özbəkistana rəhbərlik etmiş Şərəf Rəşidov və İslam Kərimovla Ulu Öndər Heydər Əliyevin yaxın münasibətlərinin olması hər iki ölkə arasında münasibətlərin gələcək tarixi inkişafını səciyyələndirən önəmli məqam idi. Məhz bu gün Azərbaycan və Özbəkistan qüdrətli dövlətlər olaraq öz resursları əsasında sosial-iqtisadi sahədə böyük uğurlar qazanır və müstəqil xarici siyasət aparırlar.

Özbəkistanda geniş tərkibli görüş zamanı Prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı iqtisadi əlaqələrin intensivləşdirilməsinin önəmini vurğuladı. Özbəkistanın Azərbaycanın ərazi bütövülyünün təmin olunmasında daim ölkəmizə qardaşlıq dəstəyini nümayiş etdirdiyini qeyd edən Prezident İlham Əliyev bunun ölkələrimiz arasındakı münasibətlərdə tarixi cəhətdən unudulmaz hadisələr olduğu diqqətə çatdırdı. Prezident İlham Əliyev dünyada baş verən hadisələrə istinad edərək hər iki ölkənin müdafiə potensialının artırılmasının vacibliyini qeyd etdi. Bunun üçün hərbi sahədə əməkdaşlığın dərinləşdirilərək ölkələrimiz və xalqarımıza qarşı kənar təhdidlərin qarşısının alınması üçün birgə qarşılıqlı fəaliyyət gücləndiriləcək. Kənd təsərrüfatı sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərdə Özbəkistanın tərəfindən yüksək dəstək verildiyini bildirdi. Füzulidə Özbəkistan hökumətinin təşəbbüsü ilə məktəb inşa ediləcəyini məlumat verən Prezident İlham Əliyev bunun qardaşlıq münasibətlərimiz cəhətdən rəmzi ifadə daşıdığını nəzərə çatdırdı.

Ümumilikdə 21 iyun tarixli səfər çərçivəsində müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar Azərbaycan və Özbəkistan arasında münasibətlərin gələcək dövrdə yüksələn xəttlə inkişafında əsaslı rol oynayacaq. Xüsusilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı dəstək və əməkdaşlığın dərinləşməsinə öz töhvəsini verəcəkdir. Bunu şərtləndirən əsas amillər ölkə başçılarının siyasi iradəsi və ölkələrin iqtisadi potensialıdır. 

Fəsli Nəbiyev,
YAP Gənclər Birliyinin sədr müavini