25 iyun 2022 01:58
510

Vətənə bağlı oğul

Vətənə məhəbbət Amalın qanında, canında idi, həyatının mənasını, dünyanın bütün gözəlliyini onun müqəddəsliyinə tapınıb yaşamaqda görürdü. Elə məhz buna görə də ömrünün 19-cu ilində onun yolunda şəhid olmağa ilahi bir sevginin qanadlarında yolandı. İkinci Qarabağ müharibəsində “Təki Vətən yaşasın”,-deyə yağı düşmənlə Zəfərimiz naminə ölümsüzlüyə qovuşana qədər vuruşdu. Özü cismən həyatdan getsə də, adı şanlı hər tariximizin bir hissəsi olmaqla, bütöv bir millətin Vətənə, torpağa sevgi simvoluna dönür. Elə ölümündən sonra layiq görüldüyü “Şücaətə görə”, ”Vətən uğrunda ”, “Vətən müharibəsi iştirakçısı”, “İgidliyə görə”, eləcə Cəbrayılın, Füzulinin, Kəlbəcərin azad olmasına görə medalları bütöv Azərbaycana olan halal sevginin nişanəsidir.

Amal Seyfəddin oğlu Alişanlı 2001-ci il fevralın 11‐də Yardımlı rayonunun Qabaqdibi qəsəbəsində dünyaya göz açır. Bir yaşda olanda valideynləri Şirvan şəhərinə köçürlər. Vətəninə, dövlətinə, xalqına sonsuz sevgi ilə boy atan Amal 2018-ci ildə orta məktəbi bitirir. Ailəsinə dəstək üçün müxtəlif sahələrdə çalışır. Təmiz ürəyi, vicdanı, qeyrəti ona el-oba hörmətini qazandırır. 2019-cu ildə Amalı həqiqi hərbi xidmətə çağıranda sevinir. Axı, o, uşaqlıqdan düşmən tapdağında olan Vətən torpaqların azadlığını düşünürdü. Doğma Azərbaycanın keşiyinə cəbhə bölgəsində durur. Onun müqəddəsliyini hər şeydən əziz tutan Amal hər an uğrunda canından keçməyə hazır olur. Bir neçə aydan sonra isə o, Xüsusi Təyinatlı Dəstəyə yazılır, Cəlilabad rayonunun Göytəpə sərhəd zastavasına göndərilir. Burada xidmət zamanı fəallığı, nizam-intizamı tez də Amalı zabitlərin, əsgərlərin gözündə ucaldır. Bir qayda olaraq komandirlərin verdiyi tapşırıqları vaxtında, dəqiq yerinə yetirir. Erməni dığalardan qisas almaq məqsədilə Xüsusi Təyinatlıların təlim məşqlərində yetəri hərbi biliklərə, ən əsası döyüş taktikalarının sirlərinə mükəmməl yiyələnir.

Amalın ordudan təxliyəsinə 3 gün qalmış İkinci Qarabağ savaşı başlanır. İgid döyüşçü müharibəyə atılan andan istəyi bütün silahdaşları kimi Vətənin bütövlüyü uğurunda başlanan savaşda son damla qanına qədər düşmənə qan qusdurmaq olur. Qeyri- bərabər döyüşlərdə erməni işğalçılarına sarsıdıcı zərbələr vurur. Füzuli rayonunun azadlığı uğrunda xüsusi şəxsi rəşadət, şücaət nümayiş edir. İnsan qanına susayan düşməni elə qanda boğur. Bu qələbədən sonra yağı üstünə daha cəsarətlə gedir. Vətən sevgisini Cəbrayıl rayonunda erməni faşistlərin çoxsaylı canlı qüvvəsini, saysız-hesabsız texnikasını məhv etməklə bir daha bildirir. Elə burada düşməndən qisasını alıb 2020-ci ilin 2 oktyabrda şərəfli şəhidlik zirvəsinə ucalır. Bununla da Amal qəhrəmanlar yurdu, müdriklər beşiyi Azərbaycanın əbədi qürur və and yerinə çevrilir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü