24 iyun 2022 22:16
469

Şuşa bəyannaməsi iki ölkə arasında siyasi həmrəyliyin nümunəsidir

15 iyun 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində imzalanan bu bəyannamə tarixi əhəmiyyətə malik olan müttəfiqlik münasibətlərini bir daha rəsmiləşdirdi. Şuşa bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri ən uca zirvəyə yüksələrək yeni mərhələyə qədəm qoydu. Bu tarixi hadisə iki qardaş ölkə arasında strateji əməkdaşlığı daha da dərinləşdirdi və Azərbaycan ilə Türkiyənin dostluğunu və qardaşlığını bütün dünyaya göstərdi. Şuşa bəyannaməsi siyasi və iqtisadi məsələlər, qarşılıqlı hərbi yardım, ordu quruculuğu, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, ticarət əlaqələri, müdafiə sənayesi sahəsində əməkdaşlıq, nəqliyyat, mədəniyyət, təhsil, idman, iqtisadiyyat, enerji təhlükəsizliyi, Cənub Qaz dəhlizi, Zəngəzur dəhlizi kimi mühüm məsələləri əhatə edir. Bu bəyannamənin ən vacib və önəmli məqamlarından biri isə hər iki ölkənin iqtisadiyyatının inkişaf etdirilməsidir. Eyni zamanda Şuşa bəyannaməsi əhatəli bir şəkildə sülhə yol açır.

İkinci Qarabağ müharibəsi başlanan gündən etibarən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı şəkildə açıq dəstəyini ifadə etmişdir. Müharibənin başladığı ilk saatlardan Türkiyə Prezidenti Azərbaycanın tək olmadığını və hər zaman qardaş Türkiyənin Azərbaycanın yanında olacağını bütün dünyaya çatdırdı. Türkiyənin bu mesajı ilə müdaxilə etmək fikrində olan bütün qüvvələri geriyə çəkdi.

Bəyannamənin tarixi əhəmiyyəti isə olduqca böyükdür. Hərbi müttəfiqliyə görə sənəddə qeyd edilmişdir ki, əgər Azərbaycan və Türkiyə dövlətinin ərazi bütövlüyünə hər hansısa bir dövlət müdaxilə edərsə, o zaman bu iki dövlət bir-birinə kömək edəcək. Artıq nə Ermənistan, nə də onun havadarları Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edə və yaxud da hər hansısa müxtəlif təzyiqlər göstərə bilməz. Bəyannamənin elə məhz Şuşada imzalanması ilə də rəsmi Bakı öz qələbəsini bir daha təsdiqlədi və bütün dünyaya öz gücünü göstərdi. Eyni zamanda bu mesaj yalnızca Ermənistana və onun havadarlarına yox, həmçinin də digər ölkələrə aiddir. Hər hansısa bir ölkə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxarsa, böyük güclə üz-üzə qalacaq.  

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın itirilmiş əraziləri rəşadətli Ordumuzun sayəsində azad olundu və bununla da ərazi bütövlüyümüz bərpa edildi. Şuşa bəyannaməsi eyni zamanda erməni havadarlarına da tutarlı bir cavab oldu ki, bununla da Qarabağ məsələsinin başa çatdığı, münaqişənin tamamilə həll olunduğu qətiləşdirildi.  

Bu tarixi hadisə Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurunu daha da artırdı. Bəyannamədə eyni zamanda xalqlarımızın böyük liderləri ulu öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün də öz kəlamları əksini tapmışdır. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “ Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir ”. Ulu öndər Heydər Əliyevin XX əsrin sonlarında ifadə etdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı Azərbaycan və türk xalqlarının dilində əzbərə çevrilib.

Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, Azərbaycan və Türkiyə qardaşlığını bir daha bütün dünyaya açıq şəkildə bəyan etdilər.

Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri