Azərbaycanın dünya siyasətinin aktual problemlərinin müzakirəsi üçün nadir sabit məkan seçilməsi, siyasi, iqtisadi uğurları ilə diqqəti cəlb etməsi, ən islahatçı ölkə kimi tanınması respublikamızın nüfuzunu daha da artırır. Beynəlxalq aləmdə diplomatik səyləri dəstəklənən Azərbaycanda biri-birindən əhəmiyyətli tədbirlərin keçirilməsi liderlik fəaliyyəti ilə fərqlənən Prezident İlham Əliyevin daxili və xarici siyasətinin məntiqi nəticəsidir. Azərbaycanın sivilizasiyalararası körpü olduğunu təsdiqləyən amillər çox olsa da, ənənəvi olaraq ölkəmizdə keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin forumları Azərbaycandan dünyaya ünvanlanan humanitar çağırışlar baxımından çox önəmlidir. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə paytaxtımızda keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu müzakirə olunan məsələlərin aktuallığı, mahiyyəti və səmərəsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. IX Bakı Forumununda dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələrin, sabiq dövlət və hökumət başçılarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmilərinin iştirakı tədbirin önəmini daha da artırırdı.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sanbalına, dünya siyasətinə təsir imkanlarına, qlobal problemlərin həlli yollarını araşdırma səylərinə görə artıq mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Dünyamızın siyasi mənzərəsinə diqqət yetirməklə Forumda müzakirə olunan məsələlərin, qlobal dünya nizamını təhdid edən mühüm problemlərin biri-birinə bağlı olduğunu görmək mümkündür. Bu baxımdan qlobal problem kimi dünya gündəliyində aktuallığı ilə seçilən planetimizdə sülhün və təhlükəsizliyin təmin olunması üçün perspektivlərin diqqətə çatdırılması, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası, miqrantlara qarşı ədələtsizliyin qarşısının alınması kimi mühüm mövzularda səmərəli müzakirələrin aparıldığı Forum işini müvəffəqiyyətlə başa çatdırdı.
Forumda məntiqli nitqi ilə diqqəti çəkən Prezident İlham Əliyevin vurğuladığı kimi, müzakirələrin və fikir mübadiləsinin, qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların vacibliyini gündəliyə gətirən bu Forum dünya ictimaiyyətinə ünvanlanan çağırışların səsləndiyi humanitar platformadır.
Forum çərçivəsində Bakıda, həmçinin türk dünyasının mədəniyyət paytaxtı Şuşada təşkil olunan panel müzakirələri də göstərdi ki, narahat, qlobal problemlərlə yüklənmiş dünyamızda fundamental dəyişikliklərin aparılması zəruridir.
İkili standartların, milli münaqişələrin, terrorların, ksenofobiya və islamofobiya kimi zərərli təhdidlərin hələ də mövcud olduğu, pandemiyanın yaratdığı iqtisadi böhranın davam etdiyi, xüsusilə Avropa ölkələrində yaranan enerji böhranı bütünlükdə dünya nizamına təsir edən amillərdən olmaqla həllini gözləyən problemlərdəndir.
Cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, hamımızın doğma ocağı olan planetimizin qorunması, dünyamızın daha da təhlükəsiz olması üçün birgə mübarizə ən vacib və səmərəli metoddur.
Adətən deyilir ki, hər bir ölkənin iqtisadi, milli müstəqilliyi enerji təhlükəsizliyi ilə təminatla bilavasitə bağlıdır. Bu gün dünyada baş verən milli münaqişələr, müharibələr nəticəsində enerji bazarlarındakı vəziyyət həqiqi mənada narahatlıq doğurur. Riskli vəziyyət yaradan enerji istehsalçıları və istehlakçıları arasında qeyri-bərabərliyə yol açır, tarazlıq pozulur. Bütün səviyyələrdəki çıxışlarında Azərbaycanın malik olduğu zəngin karbohidratlarından siyasi məqsədlər üçün istifadə etmədiyini diqqətə çatdıran Prezident İlham Əliyevin «Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil» sözləri bir daha təsdiqlədi ki, ölkəmizin təşəbbüsü və müəllifliyi ilə reallaşan neft-qaz layihələri əməkdaşlıq formatıdır.
Azərbaycanda ənənəvi olaraq keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında Azərbaycanın Avropa üçün alternativi olmayan enerji mənbəyi olması təsdiqlənmiş reallıqdır. Ölkəmizin təşəbbüsü ilə reallaşan neft, qaz kəmərlərinə, Cənub Qaz Dəhlizinə artan maraq Azərbaycan enerji diplomatiyasının uğurudur. Hazırda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə danışıqlar aparılır, dialoqlar davam etdirilir. Danışıqlara yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen daxildir. Bərpaolunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var.
Otuz il Ermənistanın işğalı altında qalan torpaqlarını 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edən Azərbaycan xalqı kimi bütün dünya ictimaiyyəti də yaxşı bilir ki, Qarabağ münaqişəsinin həlli regionda təhlükəsizlik, sabitlik üçün bir fürsətdir. 30 il işğal altında qalan ərazilərimizdə erməni vandallarının törətdikləri vəhşiliklərdən dəhşətə gələn xarici qonaqların « İkinci Xirosima» adlandırdıqları ərazilərimizdəki dağıntılar, milli- mənəvi sərvətlərimizə vurulan yaralar məhz müharibələr nəticəsində baş vermişdir. İşğaldan azad edilən ərazilərimizdə sürətlə davam etdirilən bərpa, quruculuq işləri, Azərbaycanın postmünaqişə dövründə bölgədə yaratdığı reallıqlar regional sülhə töhfədir.
Bəllidir ki, İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan, Ermənistan arasında imzalanan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda, Şuşa Bəyannaməsində əsas müddəalardan biri də nəqliyyat kommunikasiyalarının, dəhlizlərin, yolların açılmasıdır. Daha doğrusu Azərbaycanın digər rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin açılması dünya siyasətinin aktual mövzularındandır. Həqiqət budur ki, artıq tarixin arxivinə göndərilmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda, sülhə nail olmaq üçün aparılan müzakirələrdə qeyri-müəyyən gedişləri ilə regional sabitliyin təminatına əngəl törədən Ermənistan İkinci Qarabağ müharibəsindən sonra da mövqeyini dəyişməyib. Bölgədə sülhün təminatına yönələn Azərbaycanın beynəlxalaq hüquq normalarına əsasən təklif etdiyi beş baza prinsipinin şərtlərinə əməl etməkdən yayınan, respublikamızda yaşayan erməni əhalisinin Laçın dəhlizindən istifadə etdiyi halda, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına hər vasitə ilə maneçilik törətməsi işğalçı dövlətin müstəqil xarici siyasətinin olmamasının nəticəsidir. « Beləliklə, bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizlikdir və biz bununla razılaşmayacağıq. Ermənistan tərəfindən bizə belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədyönlü şəkildə gecikdirilməsi səmərəsizdir. Bu, mənə əvvəlki danışıqlar dövrünü xatırladır ki, Ermənistan o zamanlar vaxt udmaq üçün davamlı olaraq bütün məsələləri gecikdirirdi. Bu, nə ilə nəticələndi? Nəticə həm döyüş meydanında, həm də siyasi arenada tam məğlubiyyət oldu. Nəticə o oldu ki, Ermənistanın ideoloji bazası tamamilə darmadağın edildi. Otuzillik işğal dövrü erməni xalqını heç də xoşbəxt etmədi. Əksinə, onlar dünya ictimaiyyətinin gözündə işğalçı və təcavüzkar oldular. Müharibə başa çatdıqdan sonra artıq hər kəs görə bilər ki, onlar işğal dövründə oraları necə viran qoyublar» sözləri ilə Ermənistandan səslənən revanşist çağırışlara qarşı qətiyyətli cavab veriləcəyini diqqətə çatdıran Prezident İlham Əliyev Forum iştirakçılarının diqqətini bir daha erməni faşizminin yaratdığı problemə yönəltdi. Zəngəzur dəhlizi Ermənistan istəsə də, istəməsə də açılacaq. Bu istiqamətdə aparılan müzakirələr, danışıqalar nəticə verməkdədir.
Forum iştirakçılarının çıxışlarında multikultural dəyərlərə sadiq Azərbaycanın tolerantlıq ənənələrini davam etdirməsi ilə bağlı aparılan dialoqların yüksək dəyərləndirilməsi ölkəmizin beynəlxalq səviyyədə həyata keçirdiyi humanitar siyasətin uğurudur. Pandemiya dövründə “vaksin millətçiliyi”nə qarşı mübarizənin təşəbbüskarı olan Prezident İlham Əliyevin peyvəndlərin bütün ölkələr arasında eyni səviyyədə, ədalətli bölünməsi ilə bağlı çağırışları humanizm prinsiplərinə sadiqlikdir. Forum çərçivəsində təşkil olunan panellərdə təcrübəli dövlət xadimləri ilə gəncələrin dialoqlarının keçirilməsi yeni nəslə müasir dövrün tələbləri ilə bağlı perspektivlərin açıqlanması, yeni texnologiyalardan istifadə etməklə ekoloji təmiz planet uğrunda mübarizənin güclənməsi, dünyada sabitliyə nail olmaq üçün göstərilən cəhdlərin, birgə mübarizənin dəstəklənməsi Azərbaycanın təşəbbüslərinin tərəfdarlarının sayını artırır.
Mürsəl Əliyev,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru, YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatının sədri, texnika elmləri doktoru, professor