25 iyun 2022 02:12
542

Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək konturlarını müəyyənləşdirən səfər

Azərbaycanın böyük geosiyasi və iqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşı olduğunu desək yəqin ki yanılmarıq. Azərbaycanın Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana 21-22 iyun tarixlərində baş tutan iki günlük səfəri bu reallığın yenidən dərk olunmasına şərait yaratdı. Olduqca səmimi abu-havada baş tutan səfər iki xalqın milli birliyinin, mədəni və tarixi yaxınlığının nümayiş olunduğu, ümumilikdə 20-yə yaxın sənədin imzalandığı məhsuldar bir formatda sona çatdı.

Səfərin detallarını keçmədən öncə vurğulamaq istərdim ki, Azərbaycan və Özbəkistanı yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Iki ölkə arasında tarixin sınağından keçmiş iqtisadi və siyasi münasibətlər mövcuddur. Hər iki ölkə uzun illər SSRİ-nin müttəfiq respublikaları olublar. Ancaq həmin dönəmdə Azərbaycanın digər respublikalarla münasibətləri heç də Özbəkistanla olan münasibətləri qədər sıx deyildi.  Müstəqilliyimizi əldə etdikdən sonra iki ölkə arasındakı əlaqələr daha da inkişaf etmə mərhələsinə qədəm qoydu. Dövlət başçılarının qarşılıqlı səfərləri isə münasibətləri yeni səviyyəyə qaldırdı. İstər SSRİ dövründə, istərsə də müstəqillik dövründə bu münasibətlərin formalaşmasında Heydər Əliyevin rolu danılmazdır.

Əlaqələrin bugününə nəzər salsaq, hazırda hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT, MDB və Türkdilli Dövlətlər Başçılarının Forumu çərçivəsində sıx əməkdaşlıq nümayiş etdirirlər. İki dövlət arasında münasibətlərin özəl xarakterini müəyyən edən digər amillər də mövcuddur. Belə ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman birmənalı və prinsipial mövqe tutaraq, beynəlxalq arenada ölkəmizi dəstəkləyib. Rəsmi Daşkənd dünyada Azərbaycan ərazilərini işğalı faktına görə Ermənistanla diplomatik münasibətlər qurmayan üç ölkədən biridir. Digər Mərkəzi Asiya ölkələrinin ehtiyatlandığı, bitərəf  qaldığı, münasibətləri balanslaşdırmağa çalışdığı məqamlarda Özbəkistan açıq şəkildə Azərbaycanın haqq işini dəstək verib və bunu nümayiş etdirməkdən çəkinməyib. Azərbaycanın şanlı Ordusu tərəfindən işğal faktı sona çatdırıldıqdan sonra da Özbəkistanın Azərbaycana dəstəyi davam edib. Qürurla bildirmək istərdim ki, bu gün Özbəkistan işğaldan azad olunan torpaqların bərpasına öz töhfəsini verir. Belə ki, Füzuli rayonuna 960 yerlik məktəbin tikintisi Özbəkistan büdcəsi hesabına reallaşacaqdır. Təhsil müəssisəsinin tikintisi üçün artıq ərazi müəyyənləşdirilmiş və ilkin işlər start götürmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyunun 21-də Özbəkistana dövlət səfərini tarixi əhəmiyyətli adlandırmaq yəqin ki, yerinə düşərdi. Heç şübhəsiz səfər zamanı imzalanan 20-yə yaxın sənəd ikitərəfli münasibətlərin sonrakı inkişafına mühüm töhfələr verəcəkdir. Bildiyimiz kimi, dövlət səfəri ölkələrarası münasibətlərin ən yüksək həddinin ifadə edir.  Bu baxımdan, sözügedən səfərlə iki ölkə arasındakı dostluq və əməkdaşlığın ən ali səviyyəsinin təsbit edildiyinin şahidi oluruq. Bu səfərin ölkə başçımızın da qeyd etdiyi kimi, pandemiyadan sonra ilk dövlət səfəri olması faktına da nəzər salsaq onda Azərbaycan Özbəkistan arasındakı münasibətlərin hazırkı statusunun nə qədər yüksək səviyyədə olduğunu əminliklə söyləmək olur. Bu səfər iki regional lider dövlətin: Cənubi Qafqazda öz liderliyini sübuta yetirmiş Azərbaycanın və Mərkəzi Asiyanın regional lider dövləti Özbəkistanın geosiyasi hadisələr fonunda həm kəmiyyətcə, həm də keyfiyyətcə yeni çıxışıdır. Bu səfəri iki ölkə arasında çox vacib sənədlərin imzalanması, qardaşlıq münasibətlərinin hüquq çərçivəsində təsdiqlənməsi, ümumilikdə iki dövlət arasındakı münasibətlərin gələcək konturlarının cızılması kimi xarakterizə etmək mümkündür. Ancaq, Azərbaycan Prezidentininin səfəri həm də regional baxımdan böyük önəm daşıyan hadisədir. Azərbaycan və Özbəkistan prezidentlərinin hədəfi səmimi dostluğu dərin strateji tərəfdaşlığa və hərtərəfli əməkdaşlığa çevirməkdir. Şübhəsiz ki, zəngin mədəni, tarixi və dövlətçilik ənənəsi olan Özbəkistanla Azərbaycanın strateji müttəfiqliyi regionda da əməkdaşlığa, təhlükəsizliyin təmin olunmasına və inkişafa təkan verəcək.

Həcər Ramazanova,
Pirallahı rayonu, 186 №li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini