24 iyun 2022 21:11
525

Azərbaycan Silahlı Qüvvələri öz şərəfli missiyasını uğurla davam etdirir

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində inamla, uğurla davam etdirilməsi Azərbaycan ordusunu Vətən müharibəsində qazandığı Böyük Qələbəyə apardı. Müasir Azərbaycan dövlətinin formalaşması, inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini vermişdir.

Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövləti və dövlətçiliyi inkişaf etdirən islahatlara başladı. Qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı. Müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və qüdrətli ordu yaradıldı. Heydər Əliyev dövlətimizin müdafiəçisi olan Azərbaycan Ordusunun qurucusu və yaradıcısdır. Ulu Öndərin azərbaycançılıq məfkurəsi əsasında böyük ideyaları dövlətçiliyin başlıca qayəsi kimi davam etdirən, ordu quruculuğunu prioritet elan edən ölkə Prezidentinin rəhbərliyi ilə Silahlı Qüvvələrimizdə irimiqyaslı islahatlar aparılır. Dünyanın hər bir xalqının öz xilaskar ordusu ilə öyünməyə, qürur duymağa haqqı var. Bu gün qalib Azərbaycan xalqı öz qüdrətli ordusu ilə daha çox öyünür və fəxr edir. Artıq ikinci ildir ki, 26 iyun Silahlı Qüvvələr Gününü qalib xalq olaraq böyük qürur hissi ilə qeyd edirik. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu, tarixi nailiyyətdir. Ölkə Prezidentinin bu qətiyyəti ordumuzun şəxsi heyətinin qələbəyə inamını daha da yüksəltdi. 44 gün davam edən Vətən müharibəsi otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Azərbaycan ordusu bütün gücünü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Tarixi yaşayış məskənlərimiz azad edildi. Müharibə  Azərbaycan ordusunun gücünü və qüdrətini bütün dünyaya  bir daha göstərdi. Müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalq kimi bütün dünyada böyük nüfuzu var. Döyüşlərdə bütün dünyaya Azərbaycan xalqının əzmi, Azərbaycan Ordusunun döyüş qabiliyyəti nümayiş etdirildi. Bu uğurların qazanılmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz xidmətləri danılmazdır. İndi hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən layiqincə müdafiə edəcək ordunun olmasına tam arxayındır, silahlı qüvvələrimiz torpaqlarımıza hücum edənlərin qarşısını almağa hər an hazırdır, layiqli cavab verməyə qadirdir.Bu gün Azərbaycan Ordusunun beynəlxalq standartlar səviyyəsində inkişafı üçün bütün zəruri addımlar atılır. Ordu quruculuğuna dair bütün mühüm tədbirlər müvəffəqiyyətlə, ardıcıl surətdə, mövcud siyasi kursun tələblərinə uyğun şəkildə yerinə yetirilir, ordumuz müasir standartlara cavab verən silah-sursatlarla, texnikalarla təmin olunur. Azərbaycan heç kimdən asılı deyil və iqtisadi göstəricilərə görə dünyada aparıcı yerlərdədir. Artıq Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.Müstəqilliyimizi daha da möhkəmləndirən, dövlətimizin ərazi bütövlüyünü təmin edən, Prezident İlham Əliyev həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük uğurlara imza atıb, Azərbaycanı regionun lider dövlətinə çevirməyə nail olub. Hazırda işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini bir daha ortaya qoyur.Vaxtilə Ermənistanın işğal etdiyi ərazilərdə yaşayış məskənlərinin vəziyyəti, eləcə də dini və mədəni abidələrə qarşı törədilmiş vəhşiliklər erməni faşizminin nə qədər təhlükəli və qəddar olduğunu göstərir. Ancaq Azərbaycan dövləti bu gün həmin torpaqlarda hava limanları tikir, avtomobil yolları çəkir, yaşayış məskənlərini yenidən bərpa edir, tarix və mədəniyyət abidələrinin görkəmini özünə qaytarır. Dövlətimiz işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etmək məqsədilə qısa müddətdə və yüksək səviyyədə böyük lahiyələr həyata keçirmək əzmindədir. Görülən işlər onu göstərir ki, Vətən müharibəsində işğaldan azad edilən ərazilərə artıq həyat qayıdır. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu ilə bağlı statistika kifayət qədər zəngindir.Yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan verəcək. İşğaldan azad olunmuş doğma torpaqlarımıza günəş yenidən doğdu. Azərbaycan xalqının illərdir, xəyallarını qurduğu an gerçəkləşib, otuz illik həsrət artıq sona çatıb, Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. Dövlətimizin başçısı da dəfələrlə qeyd etmişdi ki, bizim yeganə məqsədimiz haqq-ədalətin bərqərar olması, işğalçının torpaqlarımızdan çıxarılması və bir milyona yaxın qaçqın və məcburi köçkünün doğma yurd-yuvalarına qayıtmasıdır. Bütün haqsızlıqlara, ikili standartlarla yanaşmaya baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan ordusunun qüdrəti ilə haqq- ədalət öz yerini tapdı. Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını, həmçinin müstəqil siyasət yeritməsini təmin etməyə imkan yaradıb. Dövlətimiz bu gün də ordu quruculuğunu öz siyasətində prioritet istiqamət olaraq saxlayır. Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində gündən-günə hərbi qüdrətini artıran Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır. Bu gün qarşılaşdığımız mənzərə həqiqətən də qürurvericidir. Döyüş meydanında yeni tarix yazan bizə şanlı Qələbəni yaşadan Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir.

Abbas Əliyev,
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri