23 iyun 2022 02:58
921

Dünyanın hər kəsi təəcübləndirən otelləri

Artıq yay mövsümü gəlib. Bir çox insanlar dincəlmək üçün müxtəlif xarici ölkələrə üz tuturlar.  Bu gün dünyanın ən qeyri-adi otelləri haqqında topladığımız məlumatları təqdim edirik.

“Crane” otel- Niderland

Niderlandın məşhur  “Yay”şirkəti qeyri-adi bir layihəyə imza atmışdır. Məşhur şirkət   köhnə, istifadəyə yararlı olmayan bir qaldırıcı kranı otelə çevirmişdir. Beşulduzlu “ Crane” adlı bu oteldə siz  Amsterdamın möhtəşəm mənzərəsini seyr edə bilərsiniz. Çox maraqlıdır ki,  kranı idarə edən qutu isə toxunulmaz qalmışdır. Burada siz operatorun maraqlı səs yazılarını dinləyə bilərsiniz. Otelin ən yüksək mərtəbəsində isə eyniadlı klub fəaliyyət göstərir. Burada dünyanın  ən məşhur dj-ləri, müğənniləri müxtəlif şou proqramlar sərgiləyirlər. Bu otelə  Amsterdam Mərkəzi Stansiyasından 14 dəqiqəlik qatarla getmək olar. Burada iki nəfərlik  otaqda bir gecə qalmaq təxminən 450 avroya  başa gəlir.

İtə bənzər otel-ABŞ

Kottonvuddan (ABŞ) olan ər-arvad cütlük taxtadan balaca itlər düzəldərək pul qazanırdılar. On beş il ərzində bu iş ilə məşğul olaraq pul toplayan bu cütlük  itə bənzər böyük bir  otel inşa etmək fikrinə gəldilər.  Çox maraqlıdır ki, onların it formasında inşa etdikləri  otel daha çox Troya atına bənzəyir.  Hündürlüyü 4 metr olan bu otelin  içərisində yataq otağı,  hamam, mətbəx və  qonaq otağı mövcuddur.  Turistlər yüz dollar müqabilində burada gəcələyə bilərlər. Qeyri-adi otelin hər bir otağı suvenir itlər ilə doludur. Adətən bura gələn turistlər burada yerləşən  it parkında gəzməyə gəlirlər. Qeyd edək ki, bu rəngarəng park da məhz bu cütlüyə məxsusdur.

Vaqon otel- ABŞ

ABŞ-ın Vayominq ştatında bir qrup insan  XX əsrin 20-ci illərinə aid  çobanlara məxsus olan bir vaqonu  tamamilə bərpa edərək qeyri-adi bir otel yaratdılar. Vaqonabənzər bu oteldə  üç nəfər yerləşə bilər. Burada  yaşamaq üçün lazım olan hər şey var.  Otel əsasən  gündə 130 dollara  balıq tutmaq və ya ovlamaq üçün  gələn turistlərə icarəyə verilir. Onu da qeyd edək ki, burada texnoloji cəhətdən inkişaf etmiş heç bir şey yoxdur. Otelin həm interyeri, həm içindəki  bütün ləvazimatlar çox sadədir.

“Giraffe Manor” -Keniya

Afrikanın Safari kolleksiyası tərəfindən inşa edilmiş zürafə malikanəsi oteli “İnstagram”da ən çox paylaşılan otellərdən biridir. 12 otaqdan ibarət bu malikanəyə gəldikdə burada olan işçilər sizə zürafələri düzgün yemləmək qaydalarını öyrədir çünki zürafələr hər an gəlib yeməyinizə şərik çıxa bilər. Bu otelin yaranma tarixi isə 1930-cu illərə gedib çıxır. O illərdə bu ərazidə inşa olunmuş binaların pəncərələrindən zürafələr başlarını tez-tez içəri salarlarmış. Bunu görən sahibkar isə buranı otelə çevirmişdir.Çox maraqlıdır ki, burada  hər bir otel nömrəsində zürafə yemi mövcuddur.

“Fantasyland” otel-Kanada

Təkcə bir məkana getməklə özünüzü müxtəlif məkanlardakı kimi hiss etmək artıq mümkündür. Demək olar ki, Kanadada yerləşən “Fantasyland” otelində butün arzularınızı yerinə yetirə bilərsiniz. Alış-veriş mərkəzində yerləşən bu otel sizə 120 müxtəlif  otaqlar təklif edir. Seçimlər arasında kosmik gəmi, yanacaqdoldurma məntəqəsi, Polineziya, Roma, Ərəbistan səhrası və həbsxana kamerasına bənzəyən otaqlar var. Burada, həmçinin su parkı, miniatür golf və boulinq salonu da var.

UNO-ya bənzər otel- İsveç

İsveç meşələrində yerləşən bu otel   uçan boşqaba bənzəyir( UNO). Yüksək texnologiyalı müasir materiallardan tikilən otel beş nəfərin - iki böyük və üç uşağın özünü rahat hiss etməsi üçün nəzərdə tutulub.

Üç otaqdan ibarət olan otelin  ümumi sahəsi təxminən  30 kv.m-dir. Qeyri-adi yerlərə səyahət etməyi sevən insanlar üçün bu oteldə bir gecə belə qalmaq çox maraqlı olacaq. Müasir texnologiyalar ilə inşa edilən ekzotik otelin  hər bir otağında  Wi-Fi da mövcuddur.

“Helga’s Folly”- Şri Lanka

Əgər normal, gözəl dizayn olunmuş bir otel axtarırsınızsa bu otel sizin üçün deyil. Dünyanın ən qəribə dizayna sahib olan otellərindən biri olan bu otel Şri Lankanın Kandy şəhərində yerləşir. 40 otaq bir-birinə dar kolidorlarla bağlanmış,pilləkanlar isə sanki qorxulu  filmlərdən çıxıb. Otaqlar başdan-başa qeyri-adi  əl işləri, skletlər, şamlarla bəzədilmişdir. Burada özünüzü Tim Burton filmlərində imiş kimi hiss edəcəksiniz. Gecə qalmağı düşünmürsünüzsə mütləq şam yeməyi üçün oraya gedin.

“Palacio de Sal” hotel- Boliviya

Duzdan otel görmək istəyirsinizsə onda mütləq  Boliviyaya gedin. Buradakı  “Palacio de Sal” adlı otel tamamilə duzdan inşa olunmuşdur. Qeyri-adi otelin divarları, tavanı,içərisindəki dekorasiyalar, hətta  mebellərinin əksəriyyəti  yataqlar da daxil olmaqla böyük duz kərpiclərindən hazırlanmışdır. Döşəmələr isə qalın, xırtıldayan bir təbəqə ilə örtülmüşdür.Məhz bu səbəbdən otel hər 10-15 ildən bir yenilənmək məcburiyətindədir çünki yağış suları bu duz kərpicləri zamanla yuyub aparır.4000 m-ə yaxın yüksəklikdə yerləşən bu otel, həmçinin spa, planetin ən böyük duz mədəni olan “Salar de Uyuni”yə turlar da təşkil edir.

İnsan bağırsağına bənzər otel-Hollandiya

Holland rəssamı Coep van Liskut tərəfindən tikilmiş otel tam olaraq insan bağırsağına bənzəyir. Düz bağırsağa bənzəyən bu oteldə gecələmək üçün 35 avro ödəmək lazımdır. Otelin interyeri insanın anatomik quruluşuna bənzəyir. Çox maraqlıdır ki,  bu oteldə cəmi iki nəfərlik çarpayı var.

Samirə Tağıyeva, “İki sahil”