22 iyun 2022 22:30
274

44 günlük Vətən müharibəsi XXI əsrin müharibəsi kimi tarixə yazıldı

Azərbaycan 44 günlük Vətən müharibəsində döyüş meydanında, informasiya cəbhəsində üstünlüyünü bir daha işğalçı Ermənistana və ona 30 illik iğal dövründə dəstək olub danışıqların imitasiya naminə aparılmasına səbəb olan dövlətlərə nümayiş etdirdi. Təbii ki, uğurlarımız keçilən yolun təqdimatıdır. Hər bir bayram tədbirinin bir hesabat olduğunu da düşünsək, Azərbaycan Silahlı Qüvvələr Günündə  hər birimizə Zəfər sevincini yaşadan ordumuzun şücaətindən, qəhrəmanlığından, dünya hərb tarixinə yazdığı səhifədən bəhs edəcəyik. Bu uğur özlüyündə 104 yaşını qeyd etməyə hazırlaşan Azərbaycan Ordusuna diqqət və qayğının bütün dövrlərdə prioritet olduğuna işıq salır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Qəhrəman Azərbaycan əsgəri, Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli!” çağırışı xalqımızın bir amal uğrunda birliyinin, həmrəyliyinin möhkəmləndirilməsinə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə, torpaq, Vətən sevgilərinin artmasında, ən əsası hər an torpaqlarımızı işğaldan azad etmək üçün “Hücum!” əmrinə hazır olmalarına stimul oldu.

Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən ordu quruculuğu sahəsinə xüsusi diqqət göstərərək “Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsi qədər olmalıdır” tezisini irəli sürdü və bu istiqamətdə mühüm addımlar atıldı. Dövlət büdcəmizdən ayırmalarda müdafiə qabiliyyətimizin gücləndirilməsi birinci yerdə dayanır.  Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Prezident İlham Əliyevin bütün sahələrin inkişafı, o cümlədən ordu quruculuğu ilə əlaqədar vədinə sadiq olduğunu təsdiq edir. Belə ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəldi, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı və hazırda bu  işlər uğurla davam etdirilir.  Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması da görülən işlərin və dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatların nəticəsidir.

Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Əldə olunan  Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. 44 günlük Vətən müharibəsinin  rəmzinə çevrilən  “Dəmir yumruq” Azərbaycan xalqının və ordumuzun gücü ilə yanaşı,  birliyimizin  təqdimatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin son illər səsləndirdiyi bəyanatlar sırasında “Dəmir yumruq yerindədir” xüsusi yer tutur. Bu, içğalçı Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələrə ünvanlanan mesajdır. Azərbaycan Ordusu 44 gündə Errmənistan silahlı qüvvələrini diz şökdürdü, torpaqlarımızdan qovdu. Şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsi kimi tarixə yazıldı.  44 günlük Vətən  müharibəsinin hər bir günü zəfər günü idi.  Dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan, müharibələr tarixində  təkrarolunmaz hərbi taktika və strategiyası ilə  diqqət çəkən Azərbaycan  Ordusu bu gün  təchizatı, nizam-intizamı, hərbi hazırlığı ilə  nümunə göstərilir.

Bir çox ölkələrin hərbi ekspertlərinin də qeyd etdikləri kimi, ən müasir silahlarla təmin olunmuş Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində göstərdiyi rəşadət  XXI əsrin döyüş təcrübəsidir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2018-ci ildə   Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda böyük əminliklə səsləndirdiyi “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” fikirləri reallığa çevrildi.

2020-ci il 10 dekabr tarixində qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatıldığı, dövlət başçısı İlham Əliyevlə çiyin-çiyinə dayandığı Zəfər paradında işğaldan azad edilmiş ərazilərimizdə qaldırılan üçrəngli bayrağımız Azadlıq meydanına gətirilməklə yanaşı, Ermənistan ordusunun məhv edilmiş, eyni zamanda, qənimət kimi götürülmüş hərbi texnikası nümayiş olundu. Azərbaycanın Zəfəri, Ordunmuzun gücü, qüdrəti bir daha dünyaya təqdim olundu. Bu gün Xətai rayonu ərazisində açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkının ziyarətçiləri Zəfərimizin reallıqları ilə yaxından tanış olur, Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti ilə qürur duyurlar.  Böyük Qələbəmiz haqqın, ədalətin təntənəsi kimi dünyaya səs saldı, qalib Azərbaycanın postmünaqişə dövrünün reallıqları fonunda hədəflərini açıqladı.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri