17 iyun 2022 17:30
1358

"Azəriqaz"dan müştəriləri məmnun edəcək daha bir yenilik FOTO

Vətəndaşlar mobil telefon tətbiqi ilə borclarını və sayğaclarındakı problemləri öyrənə biləcəklər

İyunun17-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

E. Vəliyev «Azəriqaz» İB-nin rəhbərliyi  səviyyəsində paytaxtda və bölgələrdə sahibkarlarla keçirilən görüşlər barədə məlumat verərək bildirib ki, özəl sektor təmsilçilərinin, yəni  sahibkarların fəaliyyətinin stimullaşdırılmasına dəstək vermək bir dövlət müəssisəsi olaraq bizim əsas vəzifələrimizdən biridir: «Ona görə də onların təbii qazla bağlı  problemlərini həmişə diqqətdə saxlayırıq. Hətta təbii qaza olan borclarını ödəmələri üçün bəzi hallarda onlara vaxt güzəştləri də tətbiq edirik. Anlayırıq ki, sahibkarlar ölkədə yeni iş yerləri açan, ərzaq bolluğu yaradan işgüzar bir təbəqədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin də daim çıxışlarında qeyd etdiyi kimi, sahibkarlara dəstək  inkişafa dəstək deməkdir.»

Tədbirdə Birliyin «104 çağrı» mərkəzinin rəhbəri Xalidə Şimşək bildirib, ki, hazırda «Azəriqaz.az» saytının mobil versiyası hazırlanır. Onun sözlərinə görə, vətəndaşlar bu tətbiqi mobil telefonlarına yükləyərək lazımi məlumatları əldə edə biləcəklər. Belə ki, proqram vasitəsilə abonentin kodunu, borcunu və digər məlumatları əldə etməsi mümkün olacaq. Həmçinin proqrama sayğac nömrəsini qeyd etməklə abonentlər digər problemlərini də öyrənə bilərlər.

Birliyin Sayğaclara nəzarət şöbəsinin rəisi Rövşən Məhiyəddinov bildirib ki, ötən dövrdə 2 milyon 400 min  qaz sayğacının 600 minə qədərinin dövri yoxlama müddəti tamam olub. Eyni zamanda, abonentlərdən sayöaclarla bağlı 8 min 986 müraciət daxil olub. Müraciətlərdə əsas problem kimi sayğacların koda düşməsi və klapanların bağlanması göstərilir.

Rövşən Məhiyəddinov jurnalistlərə  yeni növ sayğaclar barədə də məlumat verib: «Neçə müddətdir ki, NFC təminatı olan telefonlar vasitəsi ilə «Gallus Pay» sayğaclarına onlayn ödəniş edilirdi.  Artıq bundan sonra «Zenner» smart-kart tipli sayğaclar vasitəsi ilə də onlayn ödəniş etmək mümkündür ki, bu da abonent məmnunluğunun təmin olunması istiqamətində daha bir yenilikdir.»

Qeyd edək ki, «Açıq qapı» aksiyası «Facebook»  sosial şəbəkəsi üzərindən canlı yayımlanıb. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılıb.

Elçin Zaman, "İki sahil"