KÖŞƏ

Mahir Rəsuloğlu

Paşinyan yaxşı bilir ki...

17 iyun 2022 01:58
1040

Ermənistanın ərazi bütövlüyümüzü şübhə altına alması Azərbaycanı da bu ölkəyə qarşı analoji addımlar atmağa vadar edir

Paytaxt İrəvandakı Fransa meydanında qurulmuş çadırların sökülməsi ilə Ermənistanda müxalifətin baş nazir Nikol Paşinyan əleyhinə aprelin 26-dan başlatdığı etiraz aksiyalarının nəticəsiz yekunlaşacağı proqnozları özünü doğrultmuş oldu. Aksiyaların güc tətbiqi və qarşıdurmalara çevrilməsi cəhdləri nəzticəsiz qaldığından “eks”lərin və revanşistlərin yaratdığı “müqavimət” hərəkatının liderləri mübarizə formasını dəyişdiklərini elan etdilər. “Müqavimət”in əsas fiqurlarından olan Ermənistan Milli Məclisinin sədr müavini İşxan Saqatelyan hərəkatın “modernləşdirildiyini”, çadır şəhərciyinin saxlanılmasının məqsədəuyğun olmadığı qənaətinə gəldiklərini açıqladı. O, “biz anladıq ki, 40 dərəcə istidə bu çadır şəhərciyində olmaqla resursları israf edirik, ona görə də onu sökmək qərarına gəldik” sözləri ilə həm də istəmədən etiraf etdi ki, siyasi resursları tükənmək üzrədir, erməni xalqı onların arxasınca getmək istəmir. Ümumiyyətlə, təxminən 50 günə qədər davam edən gündəlik aksiyalar Ermənistanda əhalinin əksəriyyətinin baş nazir Nikol Paşinyanı dəstəklədiyini, ona bir əvvəl keçirilmiş növbədənkənar seçkilərdə olduğu kimi etimad bəslədiklərini göstərdi. Məhz xalqın bu siyasi dəstəyinə güvəndiyi üçün N.Paşinyan əleyhdarlarına qarşı güclü dayanmağı bacardı və hüquq-mühafizə orqanlarına müxalifətin son aksiyaları zamanı daha sərt davranmaq səlahiyyəti verdi. Nəticədə, həyata keçirilən çoxsaylı həbslər müxalifət düşərgəsinin gücünü bir az da zəiflətdi, fikir ayrılıqlarına və qarşılıqlı ittihamlara səbəb oldu.

İki aya yaxındır ki, Fransa meydanında olan parlament müxalifəti isə çadırlar yığışdıqdan sonra yeni mübarizə strategiyası seçdiyini bəyan etdi. Onlar avqustun 2-dək bu vaxta qədər olduğu kimi davamlı olmasa da hakimiyyətə qarşı küçələrdə mübarizə aparacaqlar. Bəlli olduğu kimi, həmin gün Paşinyanın növbəti dəfə baş nazir təyin olunmasından bir ili tamam olacaq. Ermənistan qanunvericiliyinə görə isə hökumət başçısına bir ilə qədər etimadsızlıq göstərilə bilməz. Odur ki, həmin gündən sonra müxalifətin baş nazirə qarşı etimadsızlıq aksiyasına başlamaq imkanı var. Yəni müxalifət avqustun 2-dən sonra mübarizəni küçələrdən parlamentə “daşımağı” planlaşdırır. “Müqavimət”çi deputatların say etibarilə hakim fraksiyaya böyük fərqlə uduzduğunu nəzərə alsaq (impiçment üçün müxalifətin ən azı 25 əlavə səsə ehtiyacı olacaq) Milli Məclisdə qanuni yolla hər hansı nəticə əldə edə biləcəyi də inandırıcı görünmür.

Bəs hadisələrin bu cür gedişi Paşinyan üçün hansı əlavə imkanlar qazandırır? Yaxud baş nazir bu “qələbəsindən” hansı planlarını reallaşdırmaqda istifadə edə bilər?

Əleydarlarının uğursuzluğu, həmçinin Qarabağ da daxil heç bir münaqişə və müharibə istəməyən əksər ermənilərin onun arxasında durması N.Paşinyanı daha da cəsarətləndirib. Bunu düşmən ölkənin hökumət başçısının son çıxışlarında da görmək olar. Təxminən iki aya yaxın müddətdən sonra Paşinyanın müxalifətin mitinqlərə başlamasına səbəb olan Qarabağla bağlı fikirlərini yenidən parlamentdə səsləndirməsi göstərir ki, Nikol indi daha güclü və qətiyyətlidir. O, Milli Məclisdə dövlət büdcəsinin icrası ilə bağlı müzakirələrdə çıxışı zamanı bildirib ki, regionda hərtərəfli sülhə gedən yolu çətin, lakin zəruri hesab edir. N.Paşinyan növbəti dəfə sələflərini danışıqlar zamanı “Dağlıq Qarabağ”ın Azərbaycanın tərkib hissəsi olmasının mümkünlüyünü müzakirə etməkdə ittiham edərək bildirib ki, əgər əvvəllər danışıqlarda erməni tərəfinin konsepsiyası “Dağlıq Qarabağ”ın statusuna əsaslanırdısa, indi o, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinə əsaslanır. Paşinyan onu da əlavə edib ki, ölkəsi bundan sonra qonşuları ilə tam sülhün bərqərar olması və regionda sabitliyin yaradılması yolu ilə getməyə çalışır. Göründüyü kimi, düşmən ölkənin baş naziri opponentləri üzərində artan üstünlüyün verdiyi imkanlardan istifadə edərək Ermənistanı münaqişəsiz ölkəyə çevirməyi və bununla da düşdüyü ağır sosial-iqtisadi böhrandan çıxarmağı hədəfləyir.

N.Paşinyanın ölkəsinin taleyi üçün narahatlıq keçirməsi və sülh danışıqlarında konkret nəticələrə nail olunmasının vacibliyini vurğulaması səbəbsiz deyil. Çünki bunun əksi Ermənistanın bir dövlət kimi mövcudluğunu da sual altında qoya bilər.

Yeri gəlmişkən, iki ölkə arasında dayanıqlı sülhə nail olunması, sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı başladılmış işdə konkret nəticələr əldə edilməsi, həmçinin kommunikasiyaların açılmasını özündə ehtiva edən Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın qəti tələbidir. Vasitəçi beynəlxalq təşkilatlar və dövlətlər də artıq öz missiyalarını bu tələblər və ölkəmizin sülh danışıqları üçün Ermənistan tərəfinə təqdim etdiyi 5 prinsip çərşivəsində qurmalı olurlar. Düşmən ölkədən baş verənlərdən nəticə çıxarmadan ərazi bütövlüyümüzü şübhə altına alan fikirlər səslənməsi isə ermənilərə daha ağır nəticələrə səbəb ola bilər. İyunun 16-da paytaxtımızda işə başlayan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev məhz bu məqama toxunaraq Ermənistana növbəti dəfə xəbərdarlıq edib. Dövlətimizn başçısı bildirib ki, Ermənistanla münasibətlərin normallaşması ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən təkliflərə ölkələrin bir-birinin sərhədlərinə qarşılıqlı hörməti də daxildir. Lakin Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır və Azərbaycanı da onun ərazi bütövlüyünə qarşı analoji addımlar atmağa vadar edir.

Prezident İlham Əliyev vurğulayıb ki, tarix baxımından Azərbaycanın buna daha çox haqqı çatır: “Çünki ötən əsrin tarixi göstərir ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan 6 ay sonra – 1920-ci ilin noyabr ayında sovet hakimiyyəti ölkəmizin tarixi ərazisi olan Zəngəzuru bizdən alıb Ermənistana birləşdirib. Bu səbəbdən, əgər Ermənistan Qarabağ erməniləri üçün status tələb etməkdə davam edərsə niyə azərbaycanlılar Qərbi Zəngəzur üçün status tələb etməsinlər? Çünki bu ərazinin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub.”

Dövlətimizin başçısı növbəti dəfə xəbərdarlıq edib ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsindən dərs çıxarmalı və Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır.

Göründüyü kimi, Azərbaycanın mövqeyi haqlı olduğu qədər də qəti və dəyişməzdir. Ermənistanın isə bircə çıxış yolu var. Yəqin ki, bunun nədən ibarət olduğunu Paşinyan bilməmiş deyil.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?