KÖŞƏ

Vəli İlyasov

Arlarını yeyib namuslarını... peşkəş edənlər

04 iyun 2022 01:55
922

Revanşistlərin iddialarının yeriməyi cəhənnəm, heç ayaq tutmur

Ermənistanın Azərbaycanla sülh müqaviləsinə əngəl yaratmaq istəyən bir qrup qaragüruhçu İrəvanda yenidən aranı qatmaq, sülh prosesini pozmaq kimi çirkin plana əl atıb. Erməni toplumunu yenidən müharibəyə sürükləməkdən belə çəkinməyən həmin qaragüruhçular sadə ermənilər üçün mənasız və nəticəsi bəlli olmayan işlərə qurşanıblar. Hikkəsini yeritməyə can atan müharibə tərəfdarları yenidən soydaşlarının qanının axıdılmasının belə fərqində deyillər.

Ermənistanda ciddi ictimai dəstəyi olmayan radikal müxalifət cəmiyyətin diqqətini cəlb etmək naminə indi də başqa hoqqaya əl atıb. Revanşislər və daşnaklar nazirlikləri, idarə və müəssisələri gəzərək, onların rəhbərlərindən “artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” ifadəsini almağa çalışır,  əks təqdirdə, onları ifşa edəcəkləri ilə hədələyirlər. Amma öz istəklərinə çox vaxt nail olmurlar.

Məsələn, az öncə xarici işlər naziri Mnatsakan Safaryan onu XİN binasında yaxalamış radikalların təkidlərinə baxmayaraq, həmin ifadəni təkrarlamadı. Bundan bir qədər sonra isə parlamentin spikeri Alen Simonyan “artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” söyləməkdən imtina edib: “Mənim parlament sədri kimi ”artsax"ın heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacağı barədə bəyanat verməyə haqqım yoxdur. Danışıqlar prosesi gedir və indi belə bəyanatların verilməsi həm danışıqları aparan tərəfi, həm də bütün prosesi fakt qarşısında qoymaq demək olardı", - deyə Simonyan opponentləri əməlli-başlı pərt edib.

Eləcə də digər qurumların rəhbərləri ictimai qınaqdan çəkinib-eləmədən məlum avantürist ifadəni dilə gətirmir, müxalifəti başlarından edirlər.

Çünki ağlı az-çox başında olan, reallıq hissini itirməyən ermənilərin hamısı anlayır ki, 44 günlük müharibədən sonra keçmiş Dağlıq Qarabağın mifik “müstəqilliyindən” və ya Ermənistanın tərkib hissəsi olmasından danışmaq özünü aldatmaq, ədalətli sülhə süni əngəl yaratmaq cəhdidir.

Vallah, bu ermənilər qəribə millətdirlər. Qəribə olduqları qədər də donqar burunlarından uzağı görməyən toplumdurlar.  Azərbaycan dövləti bir ovuc Qarabağ ermənisinə heç mədəni muxtariyyət verməyə də hazırlaşmır, bunlar isə həya etmədən müstəqillikdən dəm vururlar. Sanki İkinci Qarabağ müharibəsində məğlub olan bunlar deyil.  “Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” nə deməkdir? Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib! Ancaq revanşistlərdən fərqli olaraq 44 günlük müharibədən sonra  ağlı başına gələn bir çox ermənilər hazırkı vaxtda Azərbaycanın səbir göstərməsinin özləri üçün son şans olduğunu anlamaqdadırlar.

Radikalların nümayəndələrindən biri, şərəfsiz “Şərəfim var” fraksiyasının deputatı Ayk Mamidcanyanın bu xüsusda etirafı diqqət çəkir. “ Artıq heç bir beynəlxalq struktur ”artsax"ın öz müqəddəratını təyinetmə hüququndan danışmır. Üstəlik, vəziyyət o yerə çatıb ki, artıq “artsax”da yaşayan etnik erməni əhalisinin hüququndan danışırlar. Bizim “artsax”ı Qarabağ adlandırırlar".

Xatırladaq ki, cəmi bir il əvvəlki parlament seçkilərində erməni seçicilərinin səs verib qalib etdiyi siyasi qüvvə indi məhz “artsax” heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacaq" söyləməkdən imtina edənlərdir, yəni Paşinyanın partiyasıdır. Təəssüflər olsun ki, Rusiyaya bağlı, reallıqla barışmaq istəməyən cığal və faşist ünsürlər hələ də suyu bulandırmağa, hansı yolla olursa-olsun öz varlıqlarını sübut etməyə, Azərbaycanla Ermənistan arasında başlamış kövrək sülh prosesini pozmağa çalışırlar. Radikalların seçkilər yolu ilə hakimiyyətə gəlmək şansı isə ümumiyyətlə, yoxdur. Yalnız qeyri-qanuni, antikonstitusion, terror üsulları seçə bilərlər.    

Ancaq bu da var ki, Ermənistanda siyasi mübarizədə terror üsulu, xüsusən də daşnaklar, "Qarabağ klanı" tərəfindən dəfələrlə sınaqdan çıxarılıb. Hazırda nə Rusiya, nə də Qərb Paşinyanın zorakı yolla iqtidardan uzaqlaşdırılmasında maraqlı görünmür. Rəsmi İrəvana, erməni cəmiyyəti və müxalifətinə şimaldan, okeanın o tayından və Avropadan ən müxtəlif səviyyələrdə çatdırılan siqnallardan bu qənaət hasil olur. Qalır radikal-revanşistlərin bundan hansı nəticəni çıxarmaları. Onların çıxaracaqları nəticə nədən ibarət olursa-olsun heç nəyi dəyişə bilməz. Çünki boş lafların arxasında real hərbi güc yoxdur.

Azərbaycan isə bütün variantlara hazırdır. Bu Prezident İlham Əliyev mayın 27-də Zəngilandakı çıxışı zamanı bir daha erməni radikal-revanşistləri sərt şəkildə xəbərdar edərək bildirib: “Ermənistanda faşistlər hələ də baş qaldırmağa cəhd göstərirlər. Onlara elə gəlir ki, əgər onlar hakimiyyətdə olsaydılar, müharibənin nəticələri başqa cür ola bilərdi. Qətiyyən yox! Onlara elə gəlir ki, əgər onlar hakimiyyətə gəlsələr, nə isə əldə edə bilərlər. Qətiyyən yox! Əksinə, əgər istəmirlərsə ki, onların başı bir daha əzilsin, otursunlar və bu tərəfə heç baxmasınlar. Biz hələ ki səbirlə bu mənzərəni izləyirik. Amma bunu Ermənistan faşistləri - bizə hürməyə çalışan faşistlər bilsinlər ki, hər an onların dərsini verməyə bir daha hazırıq..."

Əgər revanşistlərin sifətində az da olsa abır-həya qalıbsa, Azərbaycan Prezidentinin bu sözlərindən sonra çəkilib öz xarabalarında sakit oturarlar. Ancaq bunlarda elə düşüncə çətin tapıla. Bunlar arlarını yeyib, namuslarını da... peşkəş ediblər.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?