KÖŞƏ

Mahir Rəsuloğlu

Eşşək(li) müxalifət...

03 iyun 2022 01:15
867

Künc zərbəsi

Ermənistanda “müqavimət hərəkatı”nın aksiyaları niyə heç bir nəticə vermir?

İnsafən, eşşək ziyanlı heyvan deyil – sakitdir, zəhmətkeşdir, ağıllı (özü olmasa da) baxışları, gözəl gözləri var, az yeyib, çox işləyir. Di gəl eşşəklər dünyanın heç yerində sadaladığımız müsbət məziyyətlərinə layiq olduqları hörməti görmürlər. Əksinə, sahiblərinə nə qədər xeyir versələr də qulaqları normadan xeyli uzun bu canlılar əksərən başları qapazlı, üzləri tüpürcəkli, ləqəbləri də ki “qanmaz” və “tərs”dir. “Dünyanın heç yerində”yə bir, uzaqbaşı iki istisna tapılar. Biri dəqiqdir. Ermənistan. Niyəsə görə ermənilər bir millət olaraq eşşəklərə xüsusi simpatiya bəsləyir, onlara doğmaları kimi yanaşırlar...

Mövzudan yayındıq deyəsən. Daha çox dəvələrin yaratdığı karvana dərindən aidiyyəti olmasa da karvansarayda eşşəklərə də həmişə yer tapılıb. Bir müddət öncə Ermənistanın gerçək adı Karvansaray, erməniləşdirilmiş variantı İcevan olan rayonundan paytaxt İrəvana “siyasi çevriliş” etməyə gedən “eşşəkli oğlan” Sjada Qukasyan vətənə xəyanət ittihamı ilə iki aylıq həbs edilib. Ermənistan mətbuatının məlumatına görə, S.Qukasyan məlum və məşhur “siyasi fəaliyyətindən” sonra demək olar ki, hər gün dindirilmək üçün polis idarəsinə çağırılıb. İndi erməni müxalifəti bu “sadə oğlanın hərəkətindən hakimiyyət orqanlarının niyə belə təşvişə düşməsinin” səbəblərini öyrənməyə çalışır. Səbəbini öyrənməli başqa bir maraqlı nüans da var – insan niyə vətəninə eşşəyi ilə birlikdə xəyanət etsin ki?

“Eşşəkli oğlan” haqqında irəli sürülmüş ittiham aktı nə dərəcədə sübuta yetiriləcək məlum deyil. Ancaq dəqiq məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyan əleyhdarlarının hamısını eşşəkdən düşmüşə çevirib. Müxalifətin uzun müddətdir səngiməyən etiraz aksiyaları heç bir nəticə vermədiyindən nəinki hakimiyyəti ələ keçirmək, hətta hakimiyyətə təzyiq vasitəsi olmaqdan da çıxıb. Revanşistlər get-gedə hörmətləri kimi tərəfdarlarını da itirirlər. Üstəlik, Nikol hakimiyyətinin sərt üzü ilə də qarşılaşmaqdadırlar. Meydan proseslərini müxaliflərdən daha yaxşı bilən “Soros adamı” nümayişlərin, etiraz aksiyalarının kütləviləşmədiyinə, xalqın onun “Qarabağsız və münaqişəsiz Ermənistan” siyasi kursuna həvəslə dəstək verdiyinə əmin olandan sonra opponentlərinə qarşı daha kəskin addımlar atmaqdadır. Ölkənin müxtəlif yerlərindən gələn həbs xəbərləri çoxalıb və artıq hədəfə alınanlar arasında müxalifət liderləri, eks-iqtidar təmsilçilərinin yaxınları da var. Məsələn, iki gün əvvəl keçmiş prezident Serjik Sarkisyanın qardaşı oğlu

Hayk Sarkisyan narkotik maddə satışında şübhəli bilinərək həbs edilib. Təbii ki, həm H.Sarkisyanın vəkili Amram Makinyan, həm də “müqavimət hərəkatı”nın üzvləri bu həbsi də siyasi motivli, sifarişli və qərəzli həbs adlandırırlar.

Bu gün artıq etirazçılara qoşulan və ya qoşulmayan müxalifətçilərin özləri də hərəkatda birlik olmadığını, problemlərin mövcudluğunu etiraf edirlər. Ümumi fikir dəyişikliyə ehtiyac olmasıdır. Ümumi mənzərə isə müxalifətin “müqavimət hərəkatı”nın fiaskoya uğramaqda olduğunu göstərir. Səbəblərinə gəlincə, ilk növbədə sosial problemlərdən cana doymuş erməni xalqının böyük əksəriyyəti uzun illərdən sonra nəhayət ki, sülh və inkişaf üçün yaranmış imkanların reallığa çevrilməsinin tərəfdarıdır. Ermənistan əvvəlki hakimiyyətlərin uğursuz siyasətlərinin və heç bir nəticə verməyən torpaq iddialarının fəsadlarını hələ uzun illər yaşayacaq. İkincisi, Azərbaycanın Cənubi Qafqazda yaratmış olduğu reallıqların bölgə ölkələri, o cümlədən regionda sülhün təmin olunmasında maraqlı görünən aparıcı dövlətlər tərəfindən qəbul edilməsidir. Daha bir səbəb isə N.Paşinyanın hələ də kifayət qədər yüksək olan reytinqi və ona bəslənən ümidlərlə bağlıdır. Müxalifətin əksini iddia etməsinə və arzulamasına rəğmən çoxluq yenə də Nikolu “bizim sevimli baş nazirimiz” adlandırmaqdadır. Deməli, bundan sonra da “eşşək(li) müxalifətinə rəğmən Ermənistanın siyasi kursunda daha loyal yanaşma görə bilərik...

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?