KÖŞƏ

Mahir Rəsuloğlu

Təhlükəyə çevrilən “azadlıq”...

01 iyun 2022 00:24
701

Vaxt itirmədən “reket” “jurnalist”lərə və xəyanətkarlara qarşı ciddi tədbirlər görülməlidir!

İstənilən şəxsin heç bir maneə və bürokratik əngəllə rastlaşmadan özünə xəbər saytı, yaxud son vaxtlar daha sürətlə artmaqda olan internet televiziyası aça bilməsinin özü artıq Azərbaycanda mövcud olan söz, mətbuat və özünüifadə azadlığının göstəricisidir. Bu, həm də qürur duyulacaq tarixə malik milli mətbuatımızın yeni inkişaf dövrünü yaşadığını göstərir – mətbuat, həmçinin media sahəsində çalışmaq hər kəs üçün eyni dərəcədə əlçatandır. Ölkəmizdə söz azadlığının təmin edilməsi üçün lazım olan şəraitin mövcudluğunu, eyni zamanda, hansısa maraqları naminə bunun əksini iddia edənlərin fikirlərini çatdıra bilmək üçün tribuna əldə edə bilmələri sübut edir. Daha sadə desək, nə qədər gülünc görünsə də Azərbaycanda sərbəst özünüifadə azadlığının olmadığını Azərbaycanın özündə mətbuat vasitəsilə iddia edə bilirlər. Özü də nəinki hazırda fəaliyyət göstərən mətbuat vasitələri və ya sosial şəbəkələr, hətta yeni yaratdıqları çap və internet mediası vasitəsilə.

Maraqlıdır ki, dünyanın bütün demokratik ölkələrində azad söz tribunaları şər və böhtan atmaq, kimlərisə məqsədli şəkildə ləkələmək vasitəsilə qazanc əldə etmək üçün deyil, məhz demokratik dəyərləri müdafiə etmək üçün istifadə olunur. Bu zaman həm medianın imkanlarından yararlananlar üçün, həm də onların oxucuları, dinləyiciləri və tamaşaçıları üçün ədalət prinsipləri

pozulması ilk növbədə mənəvi cinayət sayılan sui-istifadə etməmək sərhədidir. Tabular və qadağalar hər bir halda var, olmalıdır, ancaq ədalətə xidmət etmək şərti ilə. Bəs bizdə mövcud olan söz və mətbuat azadlığından necə, həmişə hamı vicdan və ədalət çərçivəsində yararlanırmı? Cəmiyyətimiz azad sözün varlığına nə qədər hörmət qoyur?

Sadəcə “reket jurnalistika”, yaxud “reket media” anlayışlarının mövcudluğu “təəssüf ki” ilə başlayan ilk cümlənin yaranmasına əsasdır. Təəssüf ki, bu cümlələrin hamısı mürəkkəb, üstəlik “şərti budaq cümlələri”dir. Və yenə də təəssüf ki, hamımızın, xüsusilə mətbuatda çalışanların ciddi narahatlığına, görülən çoxsaylı tədbirlərə (bu fikri şablonluqdan çıxarmaq üçün son illər “reket jurnalist” fəaliyyəti göstərərkən aidiyyəti qurumlar tərəfindən həbs edilən və ədalət məhkəməsi qarşısına çıxarılan “həmkarlarımızı” xatırlatmaq yerinə düşər) baxmayaraq, yaradılan imkandan öz mənfəətləri üçün bəhrələnməyə çalışanlar problemi var, davam edir. Üstəlik, şərəfli peşə sayılan jurnalistikanın və bütün vicdanlı jurnalistlərin adını ləkələyən “reket” “həmkarlar” indi işlərini daha da irəli aparıb texnologiyanın yaratdığı imkanlardan bəhrələnirlər. Dünən ayda-ildə bir dəfə 4 A3 vərəqi həcmində “qəzet” çıxararaq özünü hamıya, xüsusilə bölgələrdə və xüsusilə şər-böhtan ataraq “hər kəsə biabır etmək” adı ilə pul qoparmaq üçün hədəfə çevirdikləri insanlara “jurnalist” deyə sırıyanlar bu gün artıq “TV” rəhbərinə çevrilib. Əslində bundan əvvəlki cümlədə olan rəhbəri sözü də dırnaq işarəsi içərisində işlənməlidir, çünki söhbət hamımızın bildiyi, baxdığı normal televiziya kanallarının normal rəhbərlərindən getmir. O “TV”lərdən danışırıq ki, onu cəmi 2-3 nəfər, bəzənsə hətta bütün texniki məsələləri adi mobil telefonlar vasitəsilə həll etməklə, özü həm operator, həm jurnalist, həm redaktor olan cəmi bir nəfər də işlədə bilər. Deməli, “reket”lər indi də internetin imkanlarından yararlanaraq əməllərinə “YouTube” platformasında “internet TV”lər vasitəsilə davam edirlər. Acı da olsa, faktdır ki, jurnalistikaya heç bir aidiyyəti olmayanlar ölkədə yaradılmış azad media mühitinin imkanlarını asan qazanc əldə etmək vasitəsinə çeviriblər. Özü də təkcə jurnalistika peşəsinin tələbləri deyil, bütün insani keyfiyyətlər də tapdanaraq – kimə istəyirsən, necə istəyirsən şər-böhtan yağdır, adını qorumaq üçün məcbur qalıb pul verənə qədər şantaj et, ləkələməyə çalış. Ən pisi isə odur ki, açıq-aşkar “reket”liklə məşğul olan belə “jurnalist”lər yuxarıda bəhs etdiyimiz istisnaları saymasaq, bəzi, daha dəqiq əksər hallarda cəzasız qalırlar. Onların bəlkə “gözəgörünməz” olmaları isə qəti inandırıcı görünmür. Deməli, bu mövzuda aidiyyəti qurumlara ünvanlamalı suallar var. Özü də az deyil...

Ən qorxulusu və təhlükəlisi isə odur ki, belə “TV” rəhbərlərinin, “reket jurnalist”lərin nə vasitə ilə olur-olsun asan qazanc əldə etmək ehtirasları bəzi hallarda düşmən dəyirmanına su tökən, milli maraqlarımıza zidd addımların atılması ilə də nəticələnə bilər. Çünki bəzən paylaşdıqları “fake news”un (saxta xəbər) yaratdığı, yaxud yarada biləcəyi problemlərin fərqinə varmayanlar bununla ən yüngül halda qanunları pozduqlarından, bəzənsə Vətənə xəyanət etdiklərindən xəbərsiz olurlar və ya özlərini elə göstərirlər. Onların ölkədə yayımlanan və heç kəsin oxumadığı çap media məhsullarından fərqli olaraq internet “TV”-ləri hər kəs, Azərbaycan əleyhinə ən cüzi imkanlardan belə yararlanmağa hazır dayanmış düşmənlər də izləyirlər. Bu “reket”lərin siyahısına aldıqları “tulapayı”na xaricdə oturub millətimizin və dövlətimizin əleyhinə təxribatlarla məşğul olan xəyanətkarları və son zamanlar onların sıralarına qoşulmağa çalışan daxildəki satqınları da əlavə etsək, vəziyyətə müdaxilə edilməsinin zərurətə çevrildiyi məlum olur. Odur ki, vaxt itirmədən aidiyyəti orqanlar tərəfindən belə “jurnalist”lərə, “TV” “rəhbərlərinə” və xəyanətkarlara qarşı ciddi tədbirlər görülməli, söz azadlığından şəxsi maraqları üçün sui-istifadə edənlərin fəaliyyətləri araşdırılmalıdır! Vaxt itirmədən, təcili və ətraflı!..

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?