KÖŞƏ

Mahir Rəsuloğlu

“Qurd qapanı” bağlanır

27 may 2022 00:57
732

Ancaq bu dəfə tələyə düşən qurdlar deyil, qorxaq çaqqallardır

Daha birmənalı olaraq separatçıların və günlərdir Ermənistanda vəziyyəti gərginləşdirməyə çalışan erməni müxalifətçilərin özlərindən başqa heç kim “Qarabağın statusu” ifadəsini işlətmir. İndi yalnız Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan etnik ermənilərin hüquqları və təhlükəsizlikləri haqqında danışılır ki, Azərbaycan bunun daxili işi olduğunu, Ermənistan da daxil başqa dövlətlərlə müzakirə olunmayacağını qətiyyətlə nümayiş etdirir. Status yoxdur, olmayacaq, “cəhənnəmə getdi”...

Əminliklə söyləmək olar ki, Azərbaycan yurütdüyü uğurlu xarici siyasət sayəsində Ermənistanla münasibətlərin maraqlarımız çərçivəsində normallaşdırılması, dayanıqlı və sərfəli sülhə nail olunması istiqamətində məqsədlərinə doğru mərhələli şəkildə inamla irəliləyir. Bu kursu təxminən 44 günlük İkinci Qarabağ müharibəsində tətbiq edilən “Aypara” və ya “Qurd qapanı” taktikasının siyasi versiyası kimi də təqdim etmək olar – ermənilərin bütün cəhdlərinə, çabalamalarına baxmayaraq ayparanın ucları birləşməkdə, qapan bağlanmaqdadır.

Bu gün artıq həm ilk vaxtlardan iki ölkə arasında vasitəçilik missiyasını üzərinə götürməyə çalışan Rusiya, həm Cənubi Qafqazda sülhün təmini üçün səylərini artıran, Azərbaycan və Ermənistan liderlərinin görüşlərini və rəsmilərin birbaşa təmaslarını təşkil edən Avropa İttifaqı, həm də ATƏT-in “təqaüdə göndərilmiş” Minsk qrupuna üzv dövlətlər regionda yaranmış olan yeni reallıqları qəbul edirlər. Bu reallıqların ən vacib və görünən detallarından biri isə, qeydsiz-şərtsiz, Qarabağ ərazisində yaşayan etnik ermənilərin Azərbaycan vətəndaşları olması, onlarla bağlı hər hansı münasibət və ya müzakirə zamanı bu amilin nəzərə alınmasıdır.

Sonrakı proseslər göstərdi ki, mayın 22-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında reallaşan sayca üçüncü görüş əvvəlkilərlə müqayisədə daha məhsuldar keçib və danışıqlar zamanı əldə edilmiş razılaşmalar praktiki addımlar mərhələsinə zəmin yaratdı. Görüşdən dərhal sonra hər iki ölkə lideri sərhədin delimitasiyası üzrə komissiyanın tərkibini müəyyənləşdirən rəsmi sənədləri imzaladılar, hətta qısa müddətdə komissiyanın ilk görüşü də baş tutdu. Bununla da işçi qrupların fəaliyyətinə start verilmiş oldu. Bu fəaliyyətin vasitəçilikdən kənarda qalmış ABŞ və Fransa tərəfindən də dəstəklənməsi isə bir daha Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının və sülh müqaviləsinin imzalanmasının alternativinin olmadığını göstərdi.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken rəsmi “Tvitter” səhifəsində ölkəsinin Azərbaycan və Ermənistan arasında ikitərəfli sərhəd komissiyalarının ilk birgə iclasını alqışladığını, həmçinin Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqları dəstəklədiyini yazıb.

Ermənilərin böyük ümidlər bəslədikləri Fransanın da məsələyə münasibəti eynidir. Bu ölkənin Xarici İşlər Nazirliyinin saytında yer alan məlumatda bildirilir ki, Fransa Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında Brüsseldə baş tutan görüşün nəticələrini alqışlayır: “Fransa Aİ-nin himayəsi altında iki ölkə arasında dialoqu dəstəklədiyini bir daha təsdiqləyir və bu dialoqa milli zəmində töhfə verəcək.”

Göründüyü kimi, daha bu prosesə erməni müxalifətinin təsir etmək imkanları qalmayıb, Qarabağ Ermənistanda siyasi üstünlük qazandıran kart limitini doldurub.

Brüssel görüşünün yekunları ilə bağlı Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin bəyanatı, eyni zamanda, ermənilərin Qarabağ ümidlərinin üzərinə beynəlxalq səviyyədə də xətt çəkildiyini dəqiq şəkildə göstərdi. Göstərdi ki, otuz ildir işğalçılıq siyasəti yürüdən düşmən ölkənin bu mövzuda əldə edə biləcəyi heç nə qalmayıb, yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyanın məsələyə münasibəti realistdir. O, vəziyyəti başa düşür və reallığı belə ifadə edir: “Azərbaycan təkid edir ki, tərəflər bir-birinə qarşı ərazi iddialarının olmadığını bəyan etsinlər. Biz deyirik ki, bu, məqbuldur, çünki bizim üçün “Dağlıq Qarabağ” məsələsi ərazi məsələsi deyildi. Biz deyirik ki, bu, hüquq məsələsidir.”

Ermənistandakı revanşistlərə və Azərbaycan ərazisindəki separatçılara gəlincə, Ş.Mişelin bəyanatda yer alan “Qarabağ regionunda etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərini həll etmək lazımdır” fikri onlar üçün, necə deyərlər, soyuq duş effekti yaradıb. Azərbaycandakı separatçıların rəhbəri, qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezidenti” Arayik Arutyunyan Ş.Mişelin bu ifadəsini “qəbuledilməz” adlandırıb. O, “siyasi qüvvələrinin tələbi ilə çağırılan Təhlükəsizlik Şurasının genişləndirilmiş iclası”nda bildirib ki, bu sözlər Qarabağ ermənilərinin son otuz ildə beynəlxalq ictimaiyyətə açıq şəkildə səslənən və xalqların öz müqəddəratını təyinetmə hüququna əsaslanan tələb və istəklərini əks etdirmir.

Ermənilərin narahatlığı və təşvişə düşmələri bir daha onu göstərir ki, Azərbaycan Brüssel görüşündə onun maraqlarını təmin edən bütün hədəflərə nail olub və döyüş meydanında olduğu kimi, danışıqlar masasından da qalib ayrılıb. Məhz aparılan uğurlu və məqsədyönlü siyasət nəticəsində nəhayət ki, uzun illərdir Azərbaycanın və Cənubi Qafqazın sabitliyinə, dinc inkişafına maneə olan erməni problemi birdəfəlik həll olunmaq üzrədir. Ədalət qalib gəlir, “qapan bağlanır”, özü də bu dəfə tələyə qurdlar deyil, çaqqallar düşəcək. Separatçı, qorxaq erməni çaqqalları...

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?