26 may 2022 00:38
553

Müqəddəs adlara xələl gətirmə

Bəzi dələduzlar şəhid ailəsi və qazi adının arxasında gizlənməklə çirkin niyyətlərini reallaşdırmağa cəhd edirlər

Müzəffər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərin ailə üzvlərinin, qazilərin və müharibə iştirakçılarının sosial müdafiəsi istiqamətində həyata keçirilən genişmiqyaslı işlər bu gün də davam etdirilir.  Xüsusilə 2022-ci ilin büdcəsində sosialyönümlü xərclərin həcmi 13,5 faiz artırılaraq 13,851 milyard manata çatdırılıb ki, burada da məqsəd şəhid ailələrinin və qazilərin rifah halının daha da yüksəldilməsidir. Həmçinin Birinci Qarabağ müharibəsi zamanı xəsarət alan, lakin sığorta məbləğini almayan hərbi qulluqçulara və onların varislərinə sığorta məbləğinin ödənilməsi üzrə qəbul olunan öhdəliklərin mərhələli şəkildə qarşılanması üçün 2022-ci ilin dövlət büdcəsindən 67 milyon  manat vəsait  ayrılıb. Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən qayğının növbəti ifadəsi olaraq onlara vergi güzəştləri iki dəfə artırılıb.

İkinci Qarabağ müharibəsi qəhrəmanlarının sosial müdafiəsi üçün sosial təminat sistemində yeni təqaüd növü kimi 2 min manat məbləğində Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü təsis olunub. Bundan başqa, bu günədək dövlət sosial dəstək paketi çərçivəsində 6 mindən çox şəhid ailəsi üzvlərinin, qazlərin məşğulluğu həll edilib. Eyni zamanda, ölkə başçısı tərəfindən 8 dekabr 2020-ci il tarixində təsis edilən «YAŞAT» Fondu tərəfindən indiyədək 48,49 milyon manatdan çox ödənişlər həyata keçirilib. Ödənişlərin 64,8 faizi müraciət edənlərin məişət şəraitinin yaxşılaşdırılmasına (31,8 milyon manat), 22,7 faizi  tibbi xərclərin ödənilməsinə (11,13 milyon  manat), 11,2 faizi borc öhdəliklərinin qarşılanmasına (5,51 milyon  manat), 1,3 faizi isə təhsil peşə və s. (0,63 milyon  manat) istiqamətlərə yönəlib.

Şəhid ailələri və müharibə əlillərinə bu il ərzində ümumilikdə  3 min mənzil və fərdi evin verilməsi planlaşdırılır. Artıq 1 900 mənzil bu kateqoriyadan olan vətəndaşlara təqdim olunub. İndiyədək isə 11,1 min şəhid ailəsi və müharibə əlilinə mənzillər və fərdi evlər verilib. Dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evlərin verilməsi nəzərdə tutulur.

Onu da qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra Vətən müharibəsinin 6 mindən çox qazisinə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda bu işlər davam etdirilir. Həlak olan hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişi, dəfn mərasiminin təşkili üçün 3 min manat maliyyə yardımı, şəhid ailələrinə aylıq 500 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. Həmçinin şəhid ailəsi üzvlərinin özünüməşğulluq proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur və proqram çərçivəsində kiçik ailə təsərrüfat və müəssisələrini yaratmaları üçün onlara mal və materiallar formasında aktivlər təqdim edilir. Bundan əlavə,  onların müəssisələrdə yüksək maaşlı işlə təminatı həyata keçirilir.

Bütün bu rəqəm və faktlara nəzər saldıqda görürük ki, Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğıya görə, dünyada ən ön sıralardadır. Lakin son zamanlar bəzi dələduzla özlərini şəhid ailəsi və qazilər  kimi təqdim edərək imtiyazlar əldə etmək məqsədilə  dövlət orqanlarını şantaj yolunu tuturlar. Hətta onlar bəzi qaragüruhçuların fitvası ilə müxtəlif yalançı səhnələr quraşdıraraq dövlət orqanlarını qınaq hədəfinə çevirməyə cəhd göstərirlər.

Mən belə saxta qazi  oyunlarının şahidi olanda təəssüflənərək onları qınamışam. Təxminən  bir ay əvvəl Hacıqabul rayonundan Bakıya  gələndə Daxili İşlər Nazirliyinin Respublika  Baş Dövlət Yol Polisi İdarəsinin  Nəvai postuna çatmamış seriya nömrəsiz bir avtomobil  bizim avtomobilimizi  sürətlə ötüb keçib başqa bir avtomobili  yoldan sıxışdıraraq ciddi bir qəza şəraiti yaratdı.  Saatda 130- 140 kilometr sürətlə  gedən bu avtomobilin dövlət nömrə nişanı yerinə «mən qaziyəm «sözləri yazılan bir lövhə asılmışdı. Postdakı polis əməkdaşları avtomobili saxlatmağa cəhd etsələr də bacarmadılar və sürücü polislərə əlləri ilə «korsan, görmürsən qazi maşınıdır» işarəsi verdi.  Açıqca hiss etdim ki, polis əməkdaşları da onun bu qanunsuzluğuna  ciddi reaksiya vermək istəmədilər.

Bundan başqa, qanunsuz tikinti işlərini aparanların bir çoxu özlərini qazi və şəhid ailəsi kimi təqdim edirlər. Lakin sonradan məlum olur ki, həmin qaziyə və şəhid ailəsinə dövlət tərəfindən təmirli və məişət avadanlıqları ilə təmin olunmuş mənzillər verilib. Sadəcə, bəzi torpaq dəllalları onları qabağa verərək  qeyri-qanuni işlərinə dəstək qazanmaq istəyirlər. 

Daha bir qınanılası fakt isə odur ki, bir qadın avtomobilinin seriya nömrəsinin yerinə «Mən şəhidin həyat yoldaşıyam» yazılmış plakat asıb. Məhz buna görə sosial şəbəkələrdə həmin qadın qınaq obyektinə çevrildi. Ona görə ki, xalqımız da, dövlətimiz də şəhid ailələrinə və qazilərə ən yüksək səviyyədə diqqət və ehtiram göstərir. Lakin bu tip insanlar isə şəhid ailəsi və qazi adından sui- itifadə edirlər. Həmin saxtakarlar bu iyrənc  əməlləri ilə bir rəzillik yaradırlar. Cəmiyyətimizin isə ciddi tələbi belədir ki,  saxtakarlar şəhid ailəsi və qazi adının müqəddəsliyinə xələl gətirməsinlər.

Elçin Zaman, "İki sahil"