26 may 2022 00:17
621

Səma fatehi “Bayraktar”ın nüfuzu zirvələrə yüksəlir

Azərbaycanın şanlı Qələbəsi dünyada müdafiə sənayesi bazarında bu hərbi məhsula münasibəti kökündən dəyişib

İstər İkinci Qarabağ müharibəsi dövründə, istərsə də ondan sonrakı dönəmdə dünyanın bir çox ölkələri hərbi strategiyasını yenidən nəzərdən keçirməyə başladı. Buna səbəb Azərbaycan Ordusunun Vətən müharibəsində ilk dəfə geniş miqyasda süni intellektdən – pilotsuz uçuş aparatlarından, idarəolunan raketlərdən istifadə etməsi olub.

ABŞ-ın “Forbes” nəşrinin 24 may tarixli sayında  dərc olunan “Iranian, Turkish And Israeli Drones Will Be Built In Other Countries”  (İran, Türkiyə və İsrailə məxsus pilotsuz təyyarələr başqa ölkələrdə də istehsal olunacaq) başlıqlı məqaləsində də silahlı pilotsuz təyyarələrin qlobal yayılması, Azərbaycanın müasir hərbi texnologiyalardan, eləcə də dronlardan istifadə edilməsi təcrübəsi ilə bağlı maraqlı fikirlər, mühüm faktlar yer alıb. 

Məqalənin müəllifi, olan Yaxın Şərqin hərbi və siyasi məsələləri haqqında yazan jurnalist Paul İddon yazır ki, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi Türkiyə istehsalı olan müdafiə sənayesi məhsullarının, o cümlədən pilotsuz silahlı uçuş aparatlarının (SİHA) nüfuzunu bütün dünyada zirvələrə yüksəldib. İkinci Qarabağ müharibəsində böyük şöhrət qazanan “Bayraktar TB2” PUA-larına dünyada maraq getdikcə artır. Elə mayın 17-də Tacikistanda İranın  hərbi pilotsuz uçan aparatların istehsalı üçün zavodun açılışı Yaxın Şərqin aparıcı pilotsuz təyyarə istehsalçılarının pilotsuz döyüş aparatlarının (PUA) istehsalını və yayılmasını digər ölkələrə genişləndirməsinin ən son nümunəsidir.

Məqalədə, həmçinin PUA-ların Qarabağda mükəmməl tətbiqindən bəhs edilir.  Bildirilir ki, İkinci Qarabağ müharibəsində Türkiyə istehsalı olan zərbə dronları “Bayraktar TB2” çoxunun təəccübünə səbəb olub. Müəllif  qeyd edir ki, Ankara Cənubi Qafqazdakı yaxın müttəfiqi  olan Azərbaycana 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinə qarşı uğurla istifadə etdiyi “Bayraktar TB2” pilotsuz təyyarələrini satıb. Həmin müharibədən sonra Türkiyə və Azərbaycan 2021-ci ilin iyununda Şuşa Bəyannaməsini imzalayaraq müdafiə əlaqələrini genişləndirməyə çalışdılar . O zamanlar haqqında məlumat verilmiş layihələrdən biri Azərbaycan torpaqlarında türk pilotsuz təyyarələri, ehtimal ki, TB2-lər istehsal edən zavodun tikintisi idi. 

Məqalədə, eyni zamanda, döyüşlər zamanı İsrail istehsalı olan “Harop”un ermənilərin bir çox hədəflərini, o cümlədən artilleriya qurğularını, hava hücumundan müdafiə sistemlərini uğurla vurması haqqında qeyd olunub: “Azərbaycanın 2020-ci ilin payızında bu dronlardan daha əvvəl qəti şəkildə istifadə etməsi xarici ölkələrin onlara marağı kəskin şəkildə artırdı. Həmin müharibədə döyüş qabiliyyətini sübut edən digər pilotsuz təyyarə “İsrail Aerospace Industries” (IAI) tərəfindən inşa edilən “Harop” pilotsuz təyyarəsi idi. TB2-dən fərqli olaraq, Harop, əsasən, düşmənin hava hücumundan müdafiəsini yatırtmaq, hava hücumundan müdafiə vasitələrini (SEAD/DEAD) məhv etmək üçün nəzərdə tutulmuş sursatdır. Azərbaycanlılar İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın S-300 hava hücumundan müdafiə raket sistemlərinə qarşı öz “Harop”larından istifadə ediblər.”

Müəllif  diqqətə çatdırıb ki, “Harop” və TB2-lərin birləşməsi istənilən ordunun arsenalında ölümcül olduğunu sübut edə bilər, necə ki, Azərbaycan təxminən iki il əvvəl nümayiş etdirdi.

Paul Iddonun Azərbaycanın dahiyanə hərbi taktikasından bəhs edən digər məqaləsində isə qeyd edilir ki, Azərbaycanla Ermənistan arasında Qarabağ bölgəsi uğrunda gedən müharibədə Azərbaycan ölkəni əldən sala biləcək bahalı və uzunmüddətli müharibədən yayındı. Üstün hərbi texnikanı mükəmməl istifadə etməklə Azərbaycan böyük üstünlük qazandı. Ermənistan dağıdıcı və qəti bir məğlubiyyətlə üzləşdi. Rəsmi Bakı dron kimi müasir hərbi texnologiyadan istifadə etməklə qarşı tərəfə gücü çata biləcəyindən daha şiddətli zərbə endirdi.

Qısa təhlil əsasında  bu qənaətə gəlirik ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qazandığı şanlı Qələbə dünyada müdafiə sənayesi bazarında hərbi məhsullara münasibəti kökündən dəyişib. Hazırda dünya müdafiə sənayesi bazarında Türkiyənin SİHA-larına (Silahlı pilotsuz uçuş aparatı-SPUA) böyük maraq var. Bunun əsas səbəblərindən biri yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın böyük rəşadətlə apardığı 44 günlük Vətən müharibəsində “Bayraktar TB2” PUA-larının döyüş meydanında sınaqdan uğurla çıxması, digəri isə Türkiyə SİHA-larının davamlı olaraq texnoloji yeniliklər əsasında təkmilləşdirilməsidir. Xarici ölkələr, hətta Türkiyə ilə münasibətləri o qədər də yaxşı olmayan ölkələr belə “Bayraktar TB2”yə maraqlarını gizlətmirlər. Türkiyə isə bu sahədə  daha çox dost və qardaş ölkələrlə əməkdaşlığa üstünlük verir.

İkinci Qarabağ müharibəsində mühüm rol oynamış Türkiyənin istehsal etdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının alıcısı olan ölkələrin sayı artıb. PUA-lar Azərbaycandan sonra Ukrayna, Polşa, Mərakeş, Efiopiya, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Tunis, Liviya, İraq və Suriyaya ixrac edilir. Bununla yanaşı, Macarıstan, Serbiya, Nigeriya, Anqola, Qətər və Albaniya Türkiyə istehsalı olan PUA-larla maraqlanır. Ümumilikdə isə Türkiyə müdafiə sənayesinin ümumi ixrac həcmi 2021-ci ilin sonunda rekord səviyyəyə çatıb.

Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya  festivalı olan “TEKNOFEST” festivalı ərəfəsində pilotsuz uçuş aparatlarının simasında süni intellektdən istifadənin nə dərəcədə əhəmiyyətli olmasını göstərən belə məqalənin dərc olunması bir daha  göstərir ki, ən böyük güc zəkadır.

Bir sözlə, Azərbaycanın Vətən müharibəsində “Bayraktar”ın qazandığı tarixi uğur əsrimizin səma fatehini həm beynəlxalq mediada, həm də arenada populyarlaşdırıb.  Bu da göstərir ki, döyüş meydanında mühüm uğurlar qazanan, dünyanı heyrətləndirən, düşməni zəbun edən, erməni muzdlularının müharibənin kabusu kimi xatırladığı və uzun illər unutmayacağı "Bayraktar"lar daha böyük perspektivlərə malikdir.

Yaqut Ağaşahqızı, “İki sahil”