26 may 2022 00:08
582

Ərzaq təhlükəsizliyi: Resurslar səmərəliliyi yüksəldibmi?

Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün ötən il 454,8 milyon manat xərclənib.Hesablama Palatasının  “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında bildirilir ki, dövlət büdcəsindən ayrılmış 467,5 milyon manat məbləğində vəsaitin 97,3 faizi sərf edilib ki, bu da 2020-ci illə müqayisədə 52,2 milyon manat və ya 13 faiz çoxdur.

Ərzaq təhlükəsizliyi üçün vəsaitin 57,9 faizi (263,4 milyon manat) kənd təsərrüfatı bitkilərinin becərilməsi məqsədilə fermerlərə əkin subsidiyasının verilməsinə xərclənib. Eyni zamanda, kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqlarının və suvarma sistemlərinin qiymətlərinə güzəştlərin tətbiq edilməsi üçün 80 milyon manat, təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə tədarükçülərə məhsul subsidiyasının verilməsi üçün 32 milyon manat, ölkə daxilindən və xaricdən alınan damazlıq heyvanların satış qiymətinə güzəştin tətbiq edilməsi üçün 17 milyon manat, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə heyvan subsidiyasının verilməsi üçün 10 milyon manat, ölkədə istehsal edilən, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə toxum subsidiyasının verilməsi üçün 7,8 milyon manat vəsait yönəldilib.

Məlumdur ki, hər bir ölkənin ərzaq təhlükəsizliyi onun iqtisadi və milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Əhalinin ərzaq məhsulları ilə təmin edilməsi dövlət üçün mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan sosial-iqtisadi problemlərdən biridir. Bu mənada ərzaq təhlükəsizliyi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Belə ki, dövlət səviyyəsində sosial-iqtisadi sistem ərzaq təhlükəsizliyi ilə sıx əlaqədardır. Məhz bu baxımdan ərzaq təhlükəsizliyinin təmini daxili resursların səfərbər edilməsinə əsaslanır.  

Dünya bazarlarında ərzaq məhsullarının qiymətinin artmaqda davam etməsi fonunda ərzaq təhlükəsizliyinin daha da aktuallaşmasını nəzərə alanda bu sahəyə xərclənən dövlət vəsaitlərinin nə dərəcədə səmərəli olması ön plana gəlir. Bu baxımdan maraqlıdır, görəsən sözügedən vəsait ötən il ərzaq təhlükəsizliyimizi nə dərəcədə təmin edə bilib?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9 milyard 163,4 milyon manat təşkil edib ki, onun da 4 milyard 652,4 milyon manatı heyvandarlıq, 4 milyard 511 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Ötən il 2020-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8 faiz, bitkiçilik məhsulları üzrə isə 4 faiz artıb.

2021-ci ildə dənlilər və dənli paxlalı bitkilərin istehsal 3,3 faiz artıb. İstehsal olunmuş dənlilərin və dənli paxlalı bitkilərin 56,1 faizini buğda təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0,97 faiz çoxdur. Bundan əlavə, 2020-ci ilə nisbətən kartof istehsalı 2,3 faiz, tərəvəz istehsalı  4,4 faiz, bostan məhsulları 2,6 faiz, meyvə və giləmeyvə  6,3 faiz, günəbaxan 4,2 faiz  artıb,  pambıq 14,9 faiz, şəkər çuğunduru 23,7 faiz, tütün 7,7 faiz azalıb.   

Heyvandarlığa gəlincə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ildə quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2 faiz, süd istehsalı 1,4 faiz artıb, yumurta istehsalı isə 3,5 faiz azalıb.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xərclərin, eyni zamanda, kənd təsərrüfatında ümumi məhsul istehsalının artmasına baxmayaraq bu dövrdə ölkəyə bir çox sayda  yeyinti məhsullarının  gətirilməsi də artıb. Ümumilikdə, 2020-ci illə müqayisədə 2021-ci ildə mühüm məhsul növlərindən xam şəkər idxalı 1,9 dəfə, təzə meyvə 1,1 faiz, şokolad və şokolad məhsulları 11,5 faiz, unlu qənnadı məmulatları – 21,4 faiz, kartof 17,7 faiz, quş əti və onun əlavə məhsulları  3,7 faiz, təzə tərəvəz  12,4 faiz artıb. Nəticədə ötən il  dünya bazarlarında qiymət artımlarını da nəzərə alanda Azərbaycanın yeyinti məhsulları üzrə idxalının dəyəri 2020-ci illə müqayisədə 17,6 faiz artıb.

Eyni zamanda, ötən il 2020-ci illə müqayisədə  ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə inflyasiya 8,1 faiz olmaqla ümumi inflyasiya göstəricisini (6,7 faiz) üstələyib. 

Ceyhun Piriyev, “İki sahil”