25 may 2022 23:20
649

XXI əsr müharibələrinin qalibiyyət rəmzi - Dronlar

Azərbaycan postmünaqişə dövrünü yaşayır. Lakin buna baxmayaraq hələ də  dünyanın ən qabaqcıl kütləvi informasiya vasitələri Azərbaycan Ordusunun  İkinci Qarabağ müharibəsində tətbiq etdiyi döyüş taktikalarından yazır.  Xarici ekspertlər 44 günə qazanılan Qələbənin sirlərini müzakirə edir, öyrənir və təqdir edirlər. Bütün təhlillərdə, polemikalarda, məqalələrdə etiraf olunur ki, İkinci Qarabağ müharibəsində qüdrətli Azərbaycan dünyaya XXI əsr müharibəsini nümayiş etdirərək suverenliyini və ərazi bütövlüyünü bərqərar etdi.

İkinci Qarabağ savaşında ilk dəfə müasir döyüş texnologiyaları tətbiq olunaraq hərb elminin verdiyi modern imkanlar qızğın döyüşlərdə nümayiş etdirildi. Azərbaycan Silahlı Qüvvələrinin peşəkar təlim görmüş heyəti müasir silahlardan, pilotsuz uçuş aparatlarından istifadə etməklə, minimal itki ilə işğal edilmiş ərazilərimizi düşməndən təmizlədi. 44 günlük zaman kəsiyində ordumuzun əsgər və zabitləri müasir, effektiv döyüş üsullarının bütün incəliklərini və nüanslarını nümayiş etdirdi.

Xatırladaq ki, PUA-lardan əvvəllər ABŞ və Türkiyə kimi NATO ölkələri, habelə İsrailin də istifadə etməsinə baxmayaraq, İkinci Qarabağ savaşında onlardan məhz döyüşlərdə geniş istifadə olunması hərb tarixində ilk təcrübə idi. Vətən müharibəsinin davam etdiyi günlərdə, eləcə də Zəfərimizdən sonra ərazi bütövlüyümüzün təmin olunması istiqamətində ən vacib elementə çevrilən pilotsuz uçuş aparatlarının işinin səmərəliliyini əyani şəkildə təsdiq edən saysız videoçarxlar da  nümayiş etdirildi. Dronlardan istifadənin digər bir üstünlüyü də onda idi ki, bu qurğular hərbi obyekti dəqiq nişan alaraq məhv edir. Yəni, heç bir infrastruktur obyekti, sıravi vətəndaş yanlışlıqla hədəfə alınmırdı. Baxmayaraq ki, dünyada belə hallara dəfələrlə rast gəlinib. Məsələn, ABŞ ordusunun yaxın Şərqdə həyata keçirdiyi antiterror əməliyyatlarında səhvən belə hallar yaşanıb.

PUA-lar düşmən tərəfdə psixoloji qorxuya da səbəb olur. Belə ki, ermənlərin sosial mediada yerləşdirdikləri video və fotogörüntülərdə onların qeyri-ixtiyari səmaya baxdıqları kadrlarla dəfələrlə qarşılaşmışıq. Erməni separatçılarının Azərbaycan ərazilərində, Qarabağ səmasında havada peyda olan “bayraktar”lardan necə qaçıb tələsik gizlənməyə çalışdıqlarını əks etdirən videokadrlar yəqin ki, hamının xatirindədir. Bəli, sözügedən qurğular, yəni PUA-lar birbaşa təyinatı ilə yanaşı, həm də daha bir mühüm xüsusiyyətə- güclü psixoloji təsirə malikdir.

Erməni lobbisindən ruhlanan, ermənilərdən maliyyələşərək işğalçıların maraqlarını müdafiə edən bəzi “şərhçilər” belə sonradan Azərbaycan Ordusunun 44 günlük əks-hücum əməliyyatında PUA-ların istifadəsinin effektivliyini gözlənilmədən etiraf etdilər. Qərb mətbuatında yazılan rəylərdə isə qeyd olunur ki, yaxın gələcəkdə dünyanın bu və digər nöqtəsində yarana biləcək hərbi münaqişənin hansı ssenari üzrə cərəyan edəcəyinin əyani nümunəsi məhz İkinci Qarabağ müharibəsidir.

Onu da qeyd edək ki, dünya mediasında dərc olunan məqalələrdə kamikadze dronlarının da ilk dəfə İkinci Qarabağ müharibəsi zamanı real döyüş əməliyyatlarında uğurla istifadə edildiyi dərc olunurdu. “The Conversation” portalında dərc olunan məqalədə Azərbaycanın hərbi əməliyyatlar zamanı PUA-lardan uğurla istifadə etdiyi öz əksini tapmışdır: “İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan pilotsuz uçuş aparatlarından kəşfiyyat, artilleriya və reaktiv yaylım atəşi sistemlərini hədəfə almaq və əməliyyat vəziyyəti haqqında tam təsəvvür formalaşdırmaq üçün istifadə edib. Dronlardan əldə edilən məlumatların mükəmməl koordinasiyasına misal olaraq Ermənistan silahlı qüvvələrinin Xocavənd döyüşü zamanı istifadə etdiyi hava hücumundan müdafiə sisteminin məqsədyönlü şəkildə məhv edilməsi göstərilib”.

“washingtonpost”da martın 22-si 2022-ci ildə dərc etdiyi məqalədə müəllif bunları yazırdı: “TB2 pilotsuz uçan aparatları və İsrail istehsalı olan dronlar 2020-ci ildə Azərbaycanın Ermənistan üzərində Zəfər qazanmasına səbəb oldu. Əvvəllər xəbər verdiyim kimi, Ermənistanın döyüş texnikalarının 47 faizi zədələndi və ya məhv edildi.”

 “Forbes” portalında ötən gün “İran, Türkiyə və İsrailin pilotsuz təyyarələri başqa ölkələrdə də qurulacaq” başlıqlı məqalədə İranın mayın 17-də Tacikistanda hərbi pilotsuz təyyarələrin istehsalı üçün zavodun açılışının yaxın Şərqin aparıcı pilotsuz təyyarə istehsalçılarının PUA-ların istehsalını və yayılmasını digər ölkələrdə genişləndirilməsinin ən son nümunəsi olduğu qeyd olunub. Məqalədə, eyni zamanda, Vətən müharibəsində uğurla istifadə olunan TB2 dronlarından da bəhs edilərək aşağıdakı fikirlər yazılıb: “Ankara Cənubi Qafqazdakı yaxın müttəfiqi Azərbaycana Bakının 2020-ci ildə Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinə qarşı uğurla istifadə etdiyi Bayraktar TB2 dronlarını  satıb. Həmin müharibədən sonra Türkiyə və Azərbaycan 2021-ci ilin iyununda Şuşa Bəyannaməsini imzalayaraq müdafiə əlaqələrini genişləndirməyə çalışdılar. O zamanlar haqqında məlumat verilmiş layihələrdən biri Azərbaycan torpaqlarında türk pilotsuz təyyarələri, ehtimal ki, TB2-lər istehsal edən zavodun tikintisi idi. Həmin layihənin hazırkı vəziyyəti bəlli deyil.”

İnsanlara ölüm və fəlakət gətirən müharibəni heç bir vətəndaş istəmir. Ümummilli lider Heydər Əliyev bəyan edirdi ki, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Hazırda Azərbaycan Ordusu ən müasir hərbi texnika və avadanlıqlarla təmin edilmiş qüdrətli ordular sırasındadır. Sülhün, ədalətin tərəfdarı olan Prezident İlham Əliyev daim qeyd edir ki, Azərbaycan istənilən halda insanlara fəlakət gətirən müharibələrin əleyhinədir. Amma dövlətin varlığını qorumaq üçün ilk növbədə güclü müdafiə qüdrəti formalaşdırılmalı, gözlənilən zərbələrə qarşı daha sərt tədbirlər görülməlidir. Bu baxımdan “Güclü ordu qüdrətli dövlət deməkdir”, ifadəsi hər bir dövlətin siyasətinin başlıca istiqamətidir.  

Günel Eyyubova, “İki sahil”