25 may 2022 23:45
618

Sarsılmaz birlik nümunəsi

“TEKNOFEST - 2022”  festivalına ev sahibliyi etmək bizə hansı dividendlər qazandıracaq?

“TEKNOFEST” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur.

“TEKNOFEST Azərbaycan” tədbiri 2022-ci ilin 26-29 may tarixlərində “Baku Crystal Hall”da və Dənizkənarı bulvar ərazisində keçiriləcək. Festivalın təşkilatçıları “Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir. Festivalda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iştirak edəcəklər.

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunacaq. Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və helikopterlərin sərgilənməsi nəzərdə tutulur.

Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.

Artıq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıqlar yekunlaşmaq üzrədir. Hazırda Festivalın keçiriləcəyi “Baku Crystal Hall”un ərazisində şirkətlərin stendlərinin quraşdırılması prosesi gedir. Təhlükəsizlik tədbirlərinin görülməsi çərçivəsində əraziyə təcili tibbi yardım avtomobilləri və helikopterlər, həmçinin yanğından mühafizə avadanlıqları gətirilib. Tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib.

Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır. Bu il mayın 20-si tarixinə olan məlumata əsasən, 45 682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9 897-dir.

Sammitdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı nəzərdə tutulur. Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.

Festival çərçivəsində “Smart Qarabağ” Hakatonu keçiriləcək. Hakatonun məqsədi işğaldan azad edilmiş ərazilər üçün “ağıllı” şəhər, kənd, ev təsərrüfatı, nəqliyyat və s. həllərin yaradılmasıdır. İştirak üçün 188 müraciət (151-i Azərbaycandan, 57-si Türkiyədən) daxil olub. Finala Azərbaycandan 21, Türkiyədən 10 komanda olmaqla ümumilikdə 85 iştirakçı vəsiqə qazanıb.

Festival çərçivəsində mayın 26-da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT üzrə Nazirlər Toplantısı təşkil olunacaq. Dəvət olunan ölkələr arasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan vardır. Təşkilatın Baş katibi tərəfindən iclasın yekunlarına dair Protokolun imzalanması nəzərdə tutulur.

Belə bir möhtəşəm tədbirə ev sahibliyi etmək Azərbaycanın imicinin daha da artmasına səbəb olacaq və xarici texnologiya şirkətlərinin, transmilli holdinqlərin ölkəmizə marağı artacaq. Məhz 44 günlük Vətən müharibəsində də bizim qələbə çalmağımıza şərait yaradan vasitələrdən biri də texnologiyanın son nailiyyətlərindən istifadə etməyimiz oldu. Məhz həmin dövrdə Azərbaycanın hərb tarixində ilk dəfə olaraq 5-ci nəsil müharibə əməliyyatları aparması ilə hərb tarixinə düşdü. Bu gün dünyanın qabaqcıl hərbi məktəblərində bizim Vətən müharibəsindəki taktika və strategiyamız tədris olunur. Məhz İkinci Qarabağ müharibəsində bizim istifadə etdiyimiz və ən son texnoloji həllərə malik “Bayraktar TB2” dronları sonradan dünyanın bir sıra ordularının arsenalına qatıldı.

“TEKNOFEST Azərbaycan” festivalı yerli şirkətlərin, startapların özlərini tanıtması, investor cəlb etməsi baxımından böyük əhəmiyyət kəsb edəcək: “Bu, həmçinin xarici şirkətlərin Azərbaycanda mərkəzləşməsinə də imkan yaradacaq. Bu isə gələcəkdə ölkəmizin regional “hub”a çevrilməsinə şərait yaradacaq. Ölkə başçısının rəhbərliyi altında azad edilmiş torpaqlarımız “yaşıl enerji” və texnologiya zonasına çevrilir. Məhz bu ərazilərdə yaradılan “ağıllı kənd” və “ağıllı şəhər”lərin əhatə dairəsinin genişləndirilməsi üçün də qeyd etdiyimiz festivalın əhəmiyyəti böyükdür. Belə ki, “TEKNOFEST Azərbaycan” bizə dünyanın müxtəlif dövlətlərindən olan potensial investorları azad edilmiş ərazilərdə görülən və görüləcək işlərlə tanış etməyə, onların buraya sərmayə yatırmasına təşviq etməyə imkan yaradacaq.

Cavid Əkbərov, “İki sahil”