25 may 2022 23:57
557

Türk Tarix Qurumunun sədri Birol Çətin NDU-da

İkitərəfli görüşdə ali təhsil ocağının rektoru qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluq duyduğunu ifadə edib. Rektor universitetin yaranma tarixi, mövcud ixtisaslar haqda məlumat verib. Universitetin artıq 55 illiyinin qeyd olunduğunu bildirən rektor ali təhsil ocağında Tarix ixtisasının da təməlinin elə məhz universitetin yarandığı dövrlə bağlı olduğuna diqqəti çəkib. Universitetin beynəlxalq əlaqələrinin yüksələn xətlə inkişafından danışan  rektor bunun aydın təzahürünü ilbəil artan xarici tələbə sayı dinamikasında göstərib. Vurğulanıb ki, ali təhsil ocağında 10 ölkədən olmaqla 1500-ə yaxın əcnəbi tələbə təhsil alır ki, bunun da 800 nəfəri türkiyəlidir. Məlumat verilib ki, universitetin beynəlxalq əlaqələrində Türkiyə Respublikası xüsusi əhəmiyyətə malikdir. Diqqətə çatdırılıb ki, dünyanın 130-dan çöx ölkəsi ilə beynəlxalq əməkdaşlığa malik olan universitetin Türkiyənin 80-dək ali təhsil ocağı ilə əlaqələri mövcuddur. Elbrus İsayev universitetdə fəaliyyətə başlayacaq Texnopark haqda danışaraq vurğulayıb ki, bu sahədə də qardaş Türkiyə universitetləri ilə beynəlxalq əməkdaşlıq müqavilələri imzalanıb. Rektor universitetin ikili diplom layihələrində fəal iştirakı haqda məlumat verib.  

Türk Tarix Qurumunun sədri Birol Çətin ilk dəfədir Naxçıvanda olmaqdan sevinc hissini dilə gətirib. Təmsil etdiyi Türk Tarix Qurumunun yaradılması, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən professor diqqətə çatdırıb ki, qurum 90 ildən artıq dövrünə nəzər salıb. Bildirilib ki, bu illər ərzində türk tarixinin araşdırılmasının əsas məqsəd kimi qarşıya qoyan qurumun son illər arxeologiya sahəsində aşkar etdiyi elmi faktlar bu sahənin inkişafına öz müsbət təsirini göstərib. Bütün ixtisas sahələrinin tarix elmi ilə əlaqədar məqamlarına toxunan professor bu elm sahəsində böyük inkişafın əldə olunduğunu diqqətə çatdırıb.  Birol Çətin müasir dövrdə fakt və həqiqətlərin dünyaya çatdırılmasında tarix elminin əvəzsiz xidmətini vurğulayıb. Professor dqeyd edib ki, keçirilən görüşlərin əməli nəticəsi olmalı və müəyyən məqsədə çatmaq üçün bir hədəf müəyyənləşməlidir.

Müzakirə şəklində keçirilən görüşdə əməkdaşlıq məsələlərinə toxunulub, birgə elmi nəşrlər, konfrans və görüşlərin keçirilməsi barədə razılığa gəlinib. Sonra Elbrus İsayev və Birol Çətin qarşılıqlı xatirə hədiyyələri təqdim ediblər.  

Qeyd edək ki, görüşdə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu Məhmət Emin Kiraz da iştirak edib.

Səadət Əliyeva,
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri