25 may 2022 17:34
576

Prezident İlham Əliyevin Brüssel səfəri Azərbaycanın növbəti diplomatik qələbəsidir

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı vəziyyət, ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq hüququn tələblərinin təmini olduğu üçün 44 günlük savaşın nəticələri qlobal miqyasda qəbul olundu. Hətta müharibə günlərində Azərbaycana qarşı əsassız ittihamlar səsləndirən, erməni təəssübünü çəkən siyasi mərkəzlərin də bu reallıqlarla razılaşmalı oldular.

Artıq müharibə geridə qalıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Ermənistanın ciddi cəhdlərinə baxmayaraq, dünya ictimaiyyəti postmüharibə şəraitində yalnız yeni reallıqlara uyğun davranmağı vacib sayır. Yeni reallıqlarda isə Ermənistanın 44 günlük müharibəyə qədər irəli sürdüyü yersiz və əsassız iddialara yer yoxdur və heç vaxt da olmayacaq. Hətta münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrin əvvəlki formatda aparılması da artıq qeyri-mümkündür. Vaxtilə danışıqlar prosesində vasitəçi olan tərəflər də qəbul edirlər ki, Minsk qrupu ömrünü başa vurub. Ən əsası onu da bilirlər ki, münasibətlərin normallaşdırılması prosesində prioritet Azərbaycanın şərtləri və tələbləridir.

Ümumilikdə bu gün beynəlxalq miqyasda qəbul olunan reallıq ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdırılmalı və bu istiqamətdə nəticəyönümlü danışıqlar aparılmalı, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası həyata keçirilməli, son nəticədə isə sülh əldə olunmalıdır. Əlbəttə, bunun üçün ilk növbədə Ermənistanın indiyədək üçtərəfli bəyanatlarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi mütləqdir. Azərbaycanın bu məsələdə mövqeyi prinsipial və qətidir.

Ötən ilin dekabrından başlanan "Brüssel prosesi"ndə də müzakirələr bu müstəvidə həyata keçirilir. Öncə onu qeyd edək ki, Azərbaycanın yaratdığı yeni reallıqlarda, regionda münasibətlərin normallaşdırılması prosesində vasitəçiliklə bağlı missiya da dəyişib. Artıq bu missiyanı Avropa İttifaqı üzərinə götürüb və ötən ilin dekabrından başlanan "Brüssel prosesi" münasibətlərin normallaşdırılması ilə bağlı konkret nəticənin əldə olunmasına hədəflənib. Artıq bu prosesdə ikili standartlara, beynəlxalq hüququn tapdalanmasına yer yoxdur. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Ermənistana 5 prinsipdən ibarət təklif göndərib. Bu prinsiplərdə qeyd olunan məsələlərin hər biri BMT-nin Nizamnaməsindən başlamış, bütün beynəlxalq təşkilatların sənəd və konvensiyalarında da öz əksini tapıb. Bu baxımdan Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində irəli sürdüyü prinsiplər regionda sülhü təmin edə biləcək ən səmərəli təkliflərdir. Bu prinsiplər beynəlxalq səviyyədə də təqdir olunur. "Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Niyyətimiz budur. Hesab edirəm ki, nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir", - deyə Prezident cənab İlham Əliyev bildirib.

Cari ilin may ayının 22-də sayca üçüncü olan Avropa İttifaqının prezidenti Şarl Mişelin təşkilatçılığı və iştirakı ilə Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri arasında 5 saat davam edən görüşdə əldə olunan razılaşmalar, müzakirə edilən digər məsələlər bu format çərçivəsində aparılan danışıqların uğurla nəticələnəcəyinə ümidləri daha da artırır. Prezident Şarl Mişelin ev sahibliyi ilə gerçəkləşən müzakirələrdən sonra verdiyi bəyanata əsasən, əldə olunan anlaşmalar sırasında sərhədlə və sülh sazişi ilə bağlı məsələlər əsas diqqət mərkəzində dayanıb:  Sərhəd məsələləri ilə bağlı komissiyaların birinci birgə iclasında dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq və delimitasiya, sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər müzakirəyə çıxarılacaq; Kommunikasiya, nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılıq əldə edilib və yaxın günlərdə baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər; Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirilməsi və yaxın həftələrdə xarici işlər nazirlərinin başçılığı ilə nümayəndə heyətləri bu prosesi həyata keçirilməsinə dair razılıq əldə olunub.

Prezident Şarl Mişelin “biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik” açıqlaması deməyə əsas verir ki, bu dəfəki görüş daha məhsuldar olub və qeyd olunan razılaşmaların irəli aparılması, bu istiqamətdə tezliklə real addımlar atılması gözlənilir. Və iyul-avqust aylarına planlaşdırılan növbəti görüşə qədər kommunikasiyaların açılması istiqamətində daha konkret ikitərəfli müzakirələr aparılacaq, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və başqa məsələlərlə bağlı irəliləyişlər baş verəcək. Eyni zamanda, sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə müzakirələr intensivləşəcək, əldə olunan razılaşmaların gerçəkləşməsi ilə bağlı proses aktiv fazaya qədəm qoyacaq. Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması ilə paralel, Avropa İttifaqının əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasına dəstəyini ifadə etməsi də təqdir olunmalı məqamdır və rəsmi Bakı hər zaman bu məsələ ilə bağlı işlərin aparılmasına dəstək verib. Üçtərəfli görüşdə humanitar sahədə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi də yenidən müzakirə olunub ki, bunlar da xüsusi önəm daşıyan məqamlardır.

Avropa İttifaqı prezidenti Şarl Mişelin mətbuata bəyanatında sərhəd məsələləri, kommunikasiyaların açılması, sülh müqaviləsinin əldə olunması istiqamətində işlərin görülməsi ilə bağlı məsələlərdən əlavə sosial-iqtisadi inkişaf məsələsindən də bəhs edilib. Qeyd edilib ki, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyi və Avropa İttifaqının öz dəstəyini gücləndirməyə hazır olması vurğulanıb.

Brüssel görüşünün nəticələrini ümumiləşdirsək, Azərbaycanın mövqeyi verilən bəyanatda əks olunub: Azərbaycan postmüharibə dövründə irəli sürdüyü təkliflərə sadiqdir və müzakirələr də bu çərçivədən kənara çıxmır. Sərhədlərin və ərazi bütövlüyünün tanınması, kommunikasiyaların açılması, Zəngəzur dəhlizi layihəsinin gerşəkləşməsi, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması Azərbaycanın dəyişməyən mövqeyidir. Bu mövqe indiyə qədər beynəlxalq dəstək qazanıb və Avropa İttifaqının timsalında davam etdirilən müzakirələrin detalları bu dəstəyin real ifadəsidir.

Məhz dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası həyata keçirilməsi ilə əlaqədar olaraq may ayının 23-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb.

Bəxtiyar Nəbiyev,

YAP Yasamal rayon təşkilatının sədri