25 may 2022 22:28
575

Nəhəng enerji layihələri: Azərbaycandan dünyaya açılan pəncərə

Azərbaycanın son iqtisadi göstəriciləri ölkəmizin iqtisadiyyatının keyfiyyətcə yeni mərhələdə inkişaf etdiyini, qlobal şoklara, pandemiyanın təsirlərinə qarşı davamlılığını bir daha göstərmiş oldu. Belə ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2020-ci illə müqayisədə 5,6 faiz artıb. 2022-ci ilin əvvəlindən qeyri-neft məhsullarının istehsalının artımı təxminən 40 faiz təşkil edib. Bu isə həm də vergi daxilolmalarının artmasına səbəb olub. Vergi daxilolmalarında artım 250 milyon dollardır. Bununla yanaşı, nüfuzlu beynəlxalq qurumların Azərbaycanda iqtisadi artımla bağlı nikbin proqnozları da ölkənin iqtisadi inkişafı və investisiya mühiti ilə bağlı yaxşı perspektivlər vəd edir. Əlverişli biznes və investisiya mühiti, qeyri-neft sahələrinin inkişafı və əlverişli sərmayə qoyuluşunun təmin edilməsi məqsədilə reallaşdırılan islahatların uğurlu nəticələri ölkəmizin davamlı inkişaf edən, stabil siyasi-iqtisadi imicə malik, Cənubi Qafqazın lider dövləti kimi dünyada imicini xeyli dərəcədə gücləndirib. Məhz buna görə də öncül texnologiyalar tətbiq edən nüfuzlu xarici şirkətlər və investorlar Azərbaycanı seçir, bizneslərinin inkişafını Azərbaycanda davamlı iqtisadi inkişafla uzlaşdırırlar.

Bu xüsusda deyə bilərik ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Avropa İttifaqı qlobal siyasət və Avrasiya bölgəsinin mühüm birliklərindən biridir. Ölkəmizin Avropaya inteqrasiya yolunda, həmçinin diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb edən bu qurum Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində böyük rol oynayır. Aİ və Azərbaycan arasında hüquqi müqavilə imzalandıqdan sonra tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasında böyük önəm daşımağa başlayıb. Azərbaycan “Avropa Qonşuluq Siyasəti”nə qoşulduqdan bir neçə il sonra ölkəmizlə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb, 2008-ci ildə isə Bakı Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına qoşulmaqla siyasi, iqtisadi əməkdaşlığı daha da genişləndirib və qarşılıqlı əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Aİ Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu birliyə üzv dövlətlərin payına düşür. 2020-ci ildə tərəflər arasında ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub.

Yuxarıda qeyd edilənlər öz bariz təsdiqini bir neçə gün əvvəl keçirilmiş Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda təqdim edilmiş “Azərbaycanda Biznes Mühiti-2021” hesabatında da tapmış oldu. Belə ki, hesabata əsasən, ölkəmizdə təmsil olunan Avropa İttifaqı ölkələri şirkətlərinin 80 faizi iqtisadi fəaliyyət üçün yenidən Azərbaycanı seçmək, 53 faizi isə ölkəmizdə biznes fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını bildiriblər. Avropa İttifaqı ölkələri şirkətlərinin 54 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmaqda maraqlıdırlar, 14 faizi isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında artıq investisiya layihələri istiqamətində işə başlayıb.

Avropa ölkələri ilə Azərbaycan arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması da çox önəmlidir. Bu məqsədlə ölkəmizdə nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq ölkə olaraq müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, düzgün strategiya nəticəsində Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib.

Uğurlardan, inkişafdan danışarkən xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edən ölkədir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür. Nəzərə alsaq ki, il ərzində Avropa İttifaqı ölkələrinin 500 milyard kubmetr qaza tələbatı var. Bu nöqteyi-nəzərdən, Avropa İttifaqı Azərbaycana yeni alternativ enerji mənbəyi kimi baxır. Keçən il Azərbaycan Avropa İttifaqı ölkələrinə 8,2 milyard kubmetr qaz satıb. Bu il onun 9 milyarddan artıq olması proqnozlaşdırılır, gələn il isə 11 milyard kubmetrdən artıq Azərbaycan qazının Avropa bazarına çatdırılması planlaşdırılır. Hazırda Cənub Qaz Dəhlizi Azərbaycanın təbii qazını Avropa bazarlarına çatdıran əsas infrastruktur layihələrindən biridir. 2018-ci ilin mayında açılışı olan Cənub Qaz Dəhlizi Azərbaycanın enerji strategiyasında yeni mərhələnin əsasını qoyub. Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP seqmentlərindən  ibarət dəhlizin sonuncu hissəsi olan TAP 2020-ci ilin dekabrında tamamlanıb. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün xüsusi imkanlar yaradır. Bu cür nəhəng enerji layihələrinin icrası Azərbaycanın müstəqil siyasəti sayəsində mümkün olub. Avropanın enerji xəritəsini yenidən tərtib edilməsinə imkan verən bu cür layihələr Azərbaycanın Avropa bazarında da fəallaşmasına əlverişli şərait yaradır. Dünyada neft-qaz qiymətlərindəki yüksələn dinamikanı nəzərə alsaq o zaman bu il Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin də artacağı reallıqdır.

Sevinc Azadi, “İki sahil”