25 may 2022 22:12
187

Səidə Məmmədovanın 80 illik yubileyi ali təhsil ocağında qeyd edilib

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, Fortepiano kafedrasının professoru Səidə Məmmədovanın 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva yubliyarın ömür yoluna nəzər salıb, mədəniyyət və incəsənətin inkişafına verdiyi töhvələri tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Universitetin rektoru Elbrus İsayev Səidə Məmmədovanı təkcə muxtar respublika üçün deyil, Azərbaycan  mədəniyyəti üçün unudulmaz dəyər adlandırıb. Bildirilib ki, ömrünün 60 ilini muxtar respublikada mədəniyyət və incəsənətin inkişafına həsr edən Səidə Məmmədova 30 ilə yaxın müddətdə ali təhsil ocağının Konservatoriyasında  kadr hazırlığı istiqamətində də öz xidmətləri ilə seçilən dəyərli ziyalımızdır. Rektor Naxçıvan Musiqi Kollecinin yaradılmasında Səidə Məmmədovanın xüsusi xidmətlərini qeyd edərək onun kollecin ilk direktoru kimi fəaliyyətinə nəzər salıb. Vurğulanıb ki, yubliyar həmçinin dövlət qayğısından hərtərəfli bəhrələnən dəyərli sənətkarlarımızdandır. Elbrus İsayev bildirib ki, Səidə müəllim nəinki Azərbaycanda, hətta xarici ölkələrdə də incəsənətimizi layiqincə təmsil edib. Rektor öz işinə olan yüksək məsuliyyəti və intizamı ilə seçilən yubliyara universitet Elmi Şurasının fəxri fərmanını, portret və gül dəstəsini təqdim edib.

Ssenari müəllifi Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nazilə Qardaşbəyova olan universitet televiziyasının hazırladığı yubliyarın həyat və yaradıcılığına həsr olunan filmə baxış olub.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova Naxçıvan musiqi mədəniyyətinin inkişafında təməl sütunların hesab olunan Səidə Məmmədova haqda danışıb. Bildirilib ki, xor sənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən Səidə müəllim həm də ilk qadın dirijor kimi mədəniyyət və incəsənət sahəsində öz dəst-xətti olan dəyərli sənətkarlarımızdandır. Natəvan Qədimova Bəstəkarlar təşkilatının üzvü olan Səidə Məmmədovanın bir bəstəkar kimi də peşəkar fəaliyyətindən söhbət açıb.

Azərbaycan Respublikasının xalq artisti, professor Çingiz Axundov, yubliyarın həyat və fəaliyyəti haqda “Bir ömrün sənət zirvəsi” adlı kitabının müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Qalibə Hacıyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi,  “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Etiqad Seyidov yubliyar haqda xoş xatirələrini bölüşüb, ürək sözlərini ifadə ediblər.  

Səidə Məmmədovanın ilk tələbələrindən olan Bakı şəhər Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Məhin Orucova öz müəllimi haqda xoş sözlər səsləndirib.

Musiqi və çıxışların bir-birini izlədiyi tədbir proqramı qonaqlara xoş ovqat bəxş edib.

Universitetin Konservatoriyasının, Naxçıvan Musiqi Kollecinin müəllim və tələbə heyətinin birgə hazırladığı konsert proqramında Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm”, C.Cahangirovun “Ana”, musiqisi Səidə Məmmədovaya məxsus “Sevirəm yurdumu”, “A nazlı dilbər” və digər mahnılar tamaşaçıların ruhunu oxşayıb.

Tədbirə Bakı şəhər Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin “Çinar” xoru “Sevgili yar” mahnısı ilə qatılıb. Musiqi məktəbini beynəlxalq müsabiqə laureatı olan “Çinar” xoru və beynəlxalq müsabiqə laureatları violada Hülya Orucova, tarda Təyyar Binnətli, fortepianoda Gülər Məmmədova təmsil edib. Qonaqların  ifasında “Ad libitum” triosu tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.

Sonda yubliyar oan göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını ifadə edib.

Səadət Əliyeva,
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri