25 may 2022 15:31
584

Azərbaycanın şərtləri əsasında Ermənistan öhdəliklərini yerinə yetirməyə məcburdur

22 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Brüsseldə növbəti işgüzar səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə təkbətək görüşü və həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş keçirildi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə təkbətək görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Bu ilin aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycan aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirib və bu xüsusda danışıqlara hazırdır”. Sonra dövlətimizin başçısı iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Keçirilmiş üçtərəfli görüşün yekunlarına dair Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin mətbuata verdiyi açıqlamalar göstərir ki, ötən ilin dekabrından başlamış bu prosesin müzakirə mövzusu olan bütün məsələlər regionda yaranmış yeni reallıqların prinsiplərini özündə ehtiva etməklə Azərbaycanın milli maraqlarına tam uyğundur. Bu görüş prezidentimizin və xalqımızın növbəti uğuru olmaqla Azərbaycanın maraqlarının təmin olunması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin növbəti təntənəsidir.

Görüş bir daha təsdiq edir ki, Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm  müəyyənləşib. Bu format əvvəlki formatlarla müqayisədə obyektivdir. İndi görürük ki, Aİ Şurasının prezidenti Şarl Mişelin iki dövlət arasındakı münasibətlərin normallaşdırılması istiqamətində təşəbbüsləri, bu prosesə dəstəyi  tərəfsizdir. Hazırkı yanaşma Aİ Şurası prezidentinin münasibəti bir vaxtlar mövcud olmuş Minsk qrupunun həmsədrlərinin ortaya qoyduqları mövqedən tamamilə fərqlənir və real nəticənin əldə olunmasına hesablanıb.

Artıq Azərbaycan sülh danışıqlarına başlanılması və sazişin bağlanması istiqamətində vacib 5 şərtini Ermənistana çatdırıb. Azərbaycanın şərtləri: Dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Qalib komandan kimi Prezident İlham Əliyev yalnız bu şərtlərin yerinə yetiriləcəyi təqdirdə məğlub ölkənin rəhbəri ilə sülh müqaviləsini imzalaya biləcəyi əsas amil kimi diqqət çəkirdi. Daha dəqiqi qalib ölkənin təklifinə əməl olunarsa, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərdi.Brüssel görüşündə başqa yolu qalmayan məğub ölkənin rəhbəri Azərbaycanın irəli sürdüyü  regionun  sabitliyi və inkişaf üçün vacib olan beş maddəlik bu təklifi qəbul etdi! Burada əsas məqsəd, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, Cənubi Qafqazda sülhün bərqərar olmasıdır. Çünki Avropa İttifaqı Azərbaycan Prezidenti İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Belə olan halda Azərbaycanın növbəti siyasi-diplomatik uğuru olan üçüncü Brüssel görüşü həm də onu təsdiq etdi ki,Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa məhkumdur. Beləliklə qalib Azərbaycanın şərtləri əsasında məğlub Ermənistan öhdəliklərini yerinə yetirməyə məcburdur.

Seyfəddin Əliyev,

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri