25 may 2022 21:27
520

Lənkəranda 28 May – Müstəqillik Gününə həsr olunmuş konfrans

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbir Azərbaycan Ağsaqqallar Şurasının təşəbbüsü ilə keçirilirdi. 28 May – Müstəqillik Gününə həsr edilmiş bu konfransın iştirakçıları- Ağsaqqallar Şurası sədrinin müavini professor Elmira Süleymanova, Lənkəran ŞİH başçısı Taleh Qaraşov və digəri əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoydular.

Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu konfransı giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dedi:- Lənkəran ağsaqqalları hər zaman ölkənin ictimai-siyasi həyatında və taleyüklü məsələlərin həllində dövlətin yanında olublar və milli maraqlar prizmasından çıxış ediblər. Heydər Əliyev siyasi kursuna sadiqliyi ilə seçilən Lənkəran ağsaqqalları bu gün də eyni sədaqətlə ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməklə yeni və gənc nəslin dövlətə və dövlətçiliyə bağlılğı istiqamətində üzərinə düşən şərəfli missiyanı vicdanla və məsuliyyətlə yerinə yetirirlər. Dünyanın heç bir ölkəsində Vətən uğrunda canından keçənlərə Azərbaycanda olduğu qədər diqqət və qayğı yoxdur. Bütün bunlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi və xüsusi nəzarəti sayəsində görülür.

Tədbirin əhəmiyyətindən danışan, Ulu Öndərin “Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir” fikrini xatırladan Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanova isə bildirdi ki, müstəqillik xalqın sərvətidir, onu qorumaq hər bir vətəndaşın mənəvi borcudur. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun gücü və Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsi sayəsində xalqımız möhtəşəm Zəfər qazandı. Son illər Ağsaqqallar Şurası tərəfindən millət vəkili, professor Eldar Quliyevin başçılığı altında xalqın həyatında mühüm rol oynayan çox dəyərli işlərə imza atılır. Bu fəaliyyətin aktivliyi bir çox rayonlarda olduğu kimi Lənkəranda da nəzərə çarpır.

Daha sonra Ağsaqqallar Şurasının üzvləri çıxış edib respublika həyatında baş verən maraqlı məqamlara toxundular.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü