KÖŞƏ

Mənsumə Babayeva

Zəfər yolu ilə Şuşaya...

24 may 2022 00:23
991

Azərbaycana səfər edən həm xaricdə yaşayan həmvətənlərimizin, həm də beynəlxalq ictimaiyyətin nümayəndələrinin mütləq yollarını azad olunan ərazilərimizdən salır, Zəfər yolu ilə Qarabağın incisi, mədəniyyətimizin beşiyi Şuşanı ziyarət etmələri artıq ənənəyə çevrilib. Eyni zamanda, xarici qonaqlar mədəniyyət paytaxtımızın evsahibliyi etdiyi beynəlxalq tədbirlərdə iştirak edir, bu uca, qədim şəhərdə tarixən var olan mədəni ab-havanın ümumi ahənginə töhfə vermiş olurlar.

Bu günlərdə Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak edən dövlətlərin parlament nümayəndə heyətləri də bu  ənənəyə sadiq qalaraq mayın 18-də Azərbaycanın mədəniyyət paytaxtına səfər etdilər.

Qeyd edək ki, Avrasiyada əhəmiyyətli regional birlik olan İƏT-in əsas məqsədi üzv dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, onların  davamlı iqtisadi inkişafının təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişafı, iqtisadiyyatın və ticarətin liberallaşdırılması və regiondaxili ticarətin təşviqi, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsindən ibarətdir. Adından da göründüyü kimi, bu təşkilat üzv ölkələr arasında iqtisadi əməkdaşlığı özündə ehtiva edir, amma xüsusilə vurğulanmalı məqamdır ki, İƏT həm də artıq həllini tapmış Qarabağ məsələsində daim Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə edib.

Türkiyə, Pakistan, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan parlament nümayəndə heyətləri Şuşaya sözügedən səfərlərində mədəniyyət paytaxtımızda aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olublar. Eyni zamanda, Şuşada erməni vandallığının izlərinə də əyani şahidlik edən qonaqlar şəhər meydanında Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat alıblar. Parlamentarilər şəhərdə gəzinti zamanı da ermənilərin mədəniyyət abidələrimizə vurduqları ziyan, qədim artefaktlarımızı saxtalaşdırmaları barədə məlumatlandırılıblar.

Qürur qalamızın əsrarəngiz mənzərələrini seyr edən Şuşanın qonaqları bu gün əlamətdar tədbirlərin keçirildiyi baş meydana çevrilən Cıdır düzündə olublar. Keçilməz sıldırımları aşaraq Cıdır düzünə qalxan və canları, qanları bahasına Şuşanı azad edərək Azərbaycana Zəfər qazandıran qəhrəman oğullarımızın şücaətinə bir daha əhsən deyiblər.

Ümumiyyətlə, işğaldan azad edilən torpaqlarımıza səfər edən beynəlxalq ictimaiyyətin nümayəndələri qısa müddət ərzində Azərbaycan dövlətinin bu ərazilərdə gerçəkləşdirdiyi möhtəşəm işləri, həyata keçirdiyi böyük layihələri gördükcə heyranlıqla təqdir edirlər. Bir daha Azərbaycan xalqının quruculuq, bərpa, rifah, tərəqqi əzminə şahidlik edir, milli dəyərlərə əsaslanan bu mənəvi qüdrətini örnək götürüləsi nümunə sayırlar.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?