21 may 2022 20:20
389

Azərbaycanın xarici dövlət borcu açıqlandı

Bu il yanvarın 1-nə Azərbaycanın birbaşa xarici dövlət borcu 7 393,4 milyon ABŞ dolları (ÜDM-in 13,5 %-i), dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər 742,3 milyon ABŞ dolları (ÜDM-in 1,4 %-i) olmaqla, xarici dövlət borcu 8 135,7 milyon ABŞ dolları və ya 2021-ci il üzrə ÜDM-in 14,9 %-ni təşkil edib.

"İki sahil" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası" haqqında hesabatda bildirilib.

Sənədə əsasən, hesabat ilinin əvvəli ilə müqayisədə xarici dövlət borcunun həcmi nominal ifadədə 685,8 milyon ABŞ dolları və ya 7,8 % azalıb. Bununla yanaşı, COVID-19 pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər, habelə neftin qiymətinin yüksək olması nəticəsində 2021-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 82 632 milyon manat səviyyəsindən nominal ifadədə 10 225,7 milyon manat daha artıq olaraq 92 857,7 milyon manat səviyyəsində qərarlaşması xarici dövlət borcunun ÜDM-ə nisbətinin ilin əvvəli ilə müqayisədə 5,8 faiz bəndi azalaraq 14,9 %-ə enməsini şərtləndirib.

İmzalanmış müqavilələrə uyğun olaraq xarici dövlət borcunun 46 %-nin 10 ilədək olan müddətdə, 48,1 %-nin 10 ildən 20 ilədək olan müddətdə, 5,9 %-nin isə 20 ildən yuxarı olan müddətdə qaytarılması nəzərdə tutulur.

Hesabat ilində xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:

XBH – 3,7 %, valyutalar üzrə isə ABŞ dolları ilə – 84,2 %, avro – 7,9 %, yapon yeni – 3,3 %, digər valyutalar – 0,9 %.

Dəyişkən faiz dərəcəsi ilə olan kreditlər xarici borc məbləğinin 41,2 %-ni, sabit dərəcə ilə olan kreditlər isə 58,8 %- ni təşkil edib.

Ötən il ərzində daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları üzrə cəlb olunmuş vəsait və daxili dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla 2021-ci ilin sonuna birbaşa daxili dövlət borcu 2 507,1 milyon manat (ÜDM-in 2,7 %-i), dövlət müəssisələri tərəfindən cəlb edilmiş daxili borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər 561,3 milyon manat (ÜDM-in 0,6 %-i) olmaqla, daxili dövlət borcu 3 068,4 milyon manat və ya 2021-ci il üzrə ÜDM-in 3,3 %-ni təşkil edib. 2021-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 1 126,1 milyon manat məbləğində, ÜDM-də payı isə 0,6 % artıb ki, bunun da əsas səbəbi dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcalmaların əvəzlənməsi məqsədilə daxili dövlət borcalmasının həcminin artırılması olub.

Qeyd olunanların nəticəsi olaraq, dövriyyədə olan dövlət istiqrazlarının həcmi 2021-ci il 31 dekabr tarixinə 2 500,2 milyon manata çatdırılıb ki, bunun da 150 milyon manatı qısamüddətli (dövriyyə müddəti 1 ilədək), 2 309,4 milyon manatı ortamüddətli (dövriyyə müddəti 1 ildən 5 ilədək), 40,8 milyon manatı isə ilk dəfə emissiya olunmuş uzunmüddətli (dövriyyə müddəti 7 il) dövlət istiqrazlarının payına düşür.