21 may 2022 18:54
392

Adı Vətənlə bir yaşayanlar

Mayor Amid Heydərov Vətən müharibəsində canını fəda etməklə milyonlarla insanın qəlbində əbədi yaşamaq hüququnu qazandı. Dağlar diyarı Lerik camaatı isə hər yerdə, hər zaman öz şanlı, şöhrətli  oğlunun adını qürurla çəkir, onu özünə iftixar  mənbəyi bilirlər. İndi elə bir lerikli tapılmaz ki, bu Vətən sevdalısının   şəkilini evində asmasın. Həm də rayonda onun xatirəsinə yaşadan yadigarlar çoxdur. Bu günlər isə dağların döşünə sığınan Lerik şəhərində Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun doğum günü və  mərkəzdə yerləşən 2 saylı körpələr evi- uşaq bağçasına adının verilməsi münasibətilə möhtəşəm  tədbir keçirildi.  Tədbirə qatılanlar ehtiram əlaməti olaraq əvvəlcə şəhidin məzarını və Lerik şəhərində ucaldılmış büstünü ziyarət etdilər. Daha sonra  körpələr evi-uşaq bağçasına gəldilər,  Dövlət Himnin oxunması ilə  açıq elan edilən tədbirdə  Vətən müharibəsində  canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Amid Heydərovun körpələr evi-uşaq bağçasının girişindəki barelin    üzərindən örtük götürüldü, ətrafına gül-çiçək dəstələri  düzüldü.

Tədbirin aparıcısı  şəhidin həyatı və döyüş fəaliyyəti haqqında ətraflı məlumat verdi:-

  Amid Rəbbil oğlu  Heydərov  1988-ci il mayın 20-də Lerik şəhərində anadan olmuşdur. 1995-2006-cı illərdə Valeh İbrahimov adına Lerik şəhər orta internat məktəbində təhsil almış, 2006-cı ildə Bakıda Ali Hərbi Akademiyaya qəbul olmuşdur. 2010-cu ildə Ali Hərbi Akademiyanı bitirən Amid Heydərov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə taqım komandiri təyin olunur. 2015-ci ildə baş leytenant hərbi rütbəsi alıb 4 il bölük komandiri vəzifəsində çalışır. 2016-cı ilin Aprel döyüşlərində Lələ təpə yüksəkliyində gedən döyüşlərdə iştirak edir, göstərdiyi xüsusi qəhrəmanlığa görə ona Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən vaxtından əvvəl kapitan hərbi rütbəsi verilir. Amid Heydərov 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində  fəal iştirak etdiyinə görə  mayor hərbi rütbəsinə layiq görülür  və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komandiri vəzifəsinə yüksəlir.

 Vətən müharibəsi başlanan günü  Amid  yağıya qarşı döyüşə girir, böyük şücaət göstərərək onun çoxlu sayda tankını və digər döyüş texnikalarını sıradan çıxardır. Cəbrayıl rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.  Ölümündən sonra  müharibə zamanı göstərdiyi şücaətləri dövlət tərəfindən nəzərə alınaraq ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilməklə, həm də “Vətən uğrunda”, Cəbrayılın, Fizulinin azadlığına  görə medalları ilə təltif edilir.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev çıxışında   bildirdi ki, Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi həmişə ehtiramla yad edilir, onların keçdiyi döyüş yolu bir nümunə kimi təbliğ olunur. Xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dəmir yumruq kimi birləşərək qalib tərəfi kimi tarix yazdı, işğal altında olan torpaqlarını azad etdi. Çoxlarımız şahidik ki, həmin günlərdə ehtiyatda olan hərbi vəzifəli vətəndaşlar da  əməliyyatlara könülü qoşuldular. Vətən müharibəsində Lerikin qəhrəman oğulları da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hərbi əməliyyatlarda misilsiz rəşadət göstərdilər,  qanları bahasına Vətən torpaqlarını azad etdilər. Möhtəşəm qələbədə  leriklilərin də imzası vardır. Şəhid mayor Amid Heydərov  belə igidlərdən biridir. Hamımızın borcudur ki, şəhidimizin həyatı və keçdiyi döyüş yolu həmişə təbliğ olunsun.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi polkovnik A. Həsənov: “Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi həmişə əziz tutulacaq və   adları ürəklərdə yaşayacaq”,- dedi. Amid Heydərovun döyüş yoldaşları mayor Ş. Quliyev, mayor E.  İsmayılov və leytenant R. Rəhimov, təhsil işçisi H. Əliyev, şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin direktoru G. Şıxəliyeva çıxış edərək şəhid Amid Heydərovu çox yaxından tanıdığını, onun həmişə haqq-ədalətə böyük önəm verdiyini, peşəkar hərbçi kimi uğurlu döyüş əməliyyatlarında  qəhrəmanlıq göstərərək canından keçdiyini  bildirdilər. Şəhidin atası Rəbbil Heydərovun qürurla dilə gətirdikləri  isə belə oldu:” Oğlum hələ uşaq yaşlardan hərb sənətinə böyük maraq göstərir, hərbçi olmağı arzulayırdı. General Həzi Aslanovun döyüş yolunu özü üçün nümunə götürmüşdü və onun kimi general olmaq istəyirdi. Amid Heydərov Vətənə ləyaqətlə xidmət etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş “Dəmir yumruq” əməliyyatında düşmən məğlub edildi, uzun müddət işğal altında qalmış torpaqlarımız azad edildi.”

Tədbirdə məktəblilərin ifasında şəhid Amid Heydərov haqqında yazılmış şerlər səsləndi,  gənc yazar Tural Əliyev şəhid haqqında qələmə aldığı “Mən general olacağam” adlı kitabını şəhidin  atasına bağışladı.

 Zəfər  Orucoğlu, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü