20 may 2022 09:46
335

Postmüharibə təşəbbüsünü Ermənistan özü pozdu

Aydın Quliyev

Vətən müharibəsinə qədərki Qarabağ prosesləri öz dramatikliyi və nisbi konfidensiallığı  ilə seçilirdisə, müharibədən sonrakı proseslər dolğunluq və nisbi aşkarlığı ilə seçilir. Müharibəyə qədərki diplomatik ssenarilərin çox  cüzi hissəsinin detalları açılıb. Ancaq müharibədən sonrakı diplomatik döyüşlərin saysız maraqlı detalları artıq məlumdur. Heç şübhəsiz ki, yalnız Prezident İlham Əliyevin sayəsində bu diplomatik detallar cəmiyyətimizin, ekspertlərin və rəsmilərin çox  istədiyi ictimai aşkarlığa yetişib. Maraqlıdır, niyə məhz Azərbaycan Prezidenti müharibədən sonrakı reallıqların diplomatik,siyasi və bəzi xüsusi pərdəarxası məqamlarının  açıqlanmasında daha təşəbbüskar və daha maraqlıdır?. Cavab sadədir - İlham Əliyev Vətən müharibəsində Azərbaycanın rayonlarının azad edilməsini bütün hədəflərin fövqündə qoyan və ikinci-üçüncü dərəcəli  maraq məsələlərin önə çıxmasına qəti imkan verməyən, bunda marağı olmayan tək oyunçu idi, tək müharibə tərəfi idi. Prezident İlham Əliyevin müharibədəki hədəf və maraqları aydın, dəqiq, konkret, hər yerdə və hər kürsüdə açıq və cəsarətlə ifadə oluna biləsi məsələlər idi, açıq da ifadə və müdafiə etdi. Bizim Prezident hamının gözünə və üzünə deyirdi ki, mən xalqımın tarixi torpaqlarının azad edilməsi kimi şərəfli bir hədəfi vururam. Biz müharibədə Ermənistan öz hədəfini açıq, aydın, hər kəsin başa düşdüyü formada cəsarətlə deyə bilirdimi? Xeyr! Ermənistanın konkret hədəfi ümumiyyətlə nə idi? Ya heç nə, ya da açıb-ağardılması mümkün olmayan yalanlar idi...

Gələk Rusiyaya, bəs onun  konkret və aydın hədəfi var idimi, var idisə nə idi? Rusiya inamla deyə bilirdimi ki, biz bu bölgəyə azərbaycanlıları ermənilərlə həqiqətən barışdırmaq üçün gəlmişik? Buna heç uşaqlar da inanmaz. Kim bilmirdi ki, bizi düşmən edən elə Rusiyanın özüdü. Bütün bunlardan sonra nə Rusiya, nə Ermənistan pərdə arxasındakı diplomatik və siyasi gizlinləri açmaqda heç cür maraqlı ola bilməzdilər. Çünki sağlam və təmiz oyunçular deyildilər, əsil hədəf və mənafelərini  maskalamışdılar, həqiqət əri açıb-ağarda bilmirdilər. Hədəfləri və məqsədləri  yeganə sağlam oyunçu İlham Əliyev olduğu üçün müharibə dövrünün və ondan sonrakı dövrün diplomatik -siyasi gizlinlərini ən çox o, açır. Çünki gözü kölgəli olmadığı üçün bütün həqiqətlərin üstünə başını dik tutaraq yürüyə bilir.

Bəzi ilginc mətləbləri açmaq təşəbbüslərində ən öncül mövqe Azərbaycan Prezidentinə məxsusdur. Bunun səbəbini də belə izah etdik ki, İlham Əliyev tək sağlam və dürüst  oyunçu olduğu üçün nələrinsə açılmasından narahat deyil.

İkinci, İlham Əliyev müharibədən sonra Ermənistanla sülh sazişi imzalanması təşəbbüsünü də ilkin olaraq irəli sürmüşdü. Kimin nə deməyindən asılı olmayaraq mən əminəm ki, İlham Əliyev bu addımı tam dəqiq hesablanmış taktiki  hücum addımı kimi atdı. Baxın, 10 noyabr sənədi təzə imzalanıb, Ermənistan şokdadır, cəmi 44 gündə hər şey tərsinə çevrilib, çoxları bu düşüncədə idi ki,yeni reallıqların tam oturuşması və vəziyyətin sabitləşməsi üçün bir qədər gözləmək lazımdır. Əksəriyyət bu düşüncədə ikən, İlham Əliyev aydın səmada ildırım effekti yaradan təklifini gurultu ilə sədləndirdi-sülh sazişini də imzalamaq lazımdır ki, hər şey bitsin. Bu bəyanat Ermənistanın şokunu bir az da dərinləşdirdi. Təsadüfi deyil ki, Ermənistan liderləri  İlham Əliyevin sülh sazişi ideyasına uzun zaman heç bir reaksiya verə bilmədi, daha doğrusu vəziyyəti tam anlaya bilmədilər. Müəyyən süstlükdən sonra əvvəlcə dedilər ki, saziş təklifi Azərbaycanın inhisarında ola bilməz və daha sonra "biz də saziş təklif edirik "dedilır...

Özlərini itirmişdilər, vəziyyət onlar üçün qeyri-müəyyən idi. Özlərinə gələndə isə artıq gec idi, dünya istəsə də, istəməsə də İlham Əliyevin  saziş təklifi ilə barışmağa məcbur olmuşdu. Çünki inkar etmək mümkünsüz idi, bir növ İlham Əliyev onların boynuna yükləmişdi ki, müharibə bitdiyi üçün saziş mütləq şəkildə imzalanmalıdır.

Üçüncü, İlham Əliyev minalanmış sahələrin  xəritəsinin verilməsini də ilk olaraq qaldırdı. Ermənilər əvvəlcə dandılar, daş atıb baş tutdular. Sonra İlham Əliyevin təzyiqləri beynəlxalq dəstək aldığı üçün ermənilər "daşı ətəklərindən tökdülər". Doğrudur,  cəmi 25 faizi həqiqi olan xəritə verdilər ,ancaq boyunlarına aldılar ki,sahələri  xəritələr əsasında minalayıblar.

Dördüncü, anklav kəndlərin məsələsini də ilk dəfə Azərbaycan qaldırdı. Ermənistandan ziddiyyətli cavablar gəldi. Xüsusi səfir hələ sovet dövründən heç bir anklava dair sübutların olmadığını desə də, TŞ katibi anklavların mübadiləsi kimi məsələni önə çəkdi. Yəni qəbul etdilər ki,Ermənistanda Azərbaycanın anklav kəndləri var, azı 8 kənd...

Postmüharibə reallıqları üstündə Ermənistanın bircə təşəbbüsündən danışmaq mümkündür, onu da Azərbaycan qəbul etsə də özləri pozdu və biabır oldular. Aprelin 6-da Brüssel razılaşmasından sonra  Ermənistan təklif etmişdi ki, delimitasiya üzrə ilk görüş sərhəddə olsun. Azərbaycan razılıq verdi, əvəlcə aprelin 29-na, sonra mayın 8-ə təyin olunmuş görüşlərə Ermənistan gəlmədi və erməni XİN başçısı birdən bəyanat yayaraq ilk sərhəd görüşünün Moskvada keçirilməsini istədi. Beləliklə, Ermənistan əvvəlcə görüşün Rusiyasız formatda, az sonra isə Avrobirliksiz formatda Moskvada  keçirilməsini təklif etməklə oyuncaq (oduncaq) dövlət olduğunu ortaya qoymuş oldu.

Qeyd edək ki, Ermənistanın sərhəddə görüş təklifini məhz özlərinin pozmasını da Azərbaycan Prezidenti açdı. Prezident  İlham Əliyev üçün burada da gizlədiləsi bir  şey yoxdur, müstəqil ölkənin başçısı olduğu üçün istər sərhəddə, istər Brüsseldə, istərsə də  Moskvada görüş təklifini eyni rahatlıqla qəbul edə bilir...