20 may 2022 02:34
1511

Astaranın Sipiyəpart kəndində səyyar qəbul

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sipiyəpart kəndində əhali ilə  səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

“İki sahil” xəbər verir ki, səyyar qəbul-görüşdə iştirak edənlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

İcra başçısı bu ucqar və səfalı kənddə dəfələrlə görüş keçirdiyini, qaldırılan problemlərin həlli istiqamətində ölkə Prezidentinin yüksək diqqət və qayğısı ilə mühüm işlərin görüldüyünü qeyd etmişdir. Rayonun ucqar dağ kəndlərində rahatlıqla əhali ilə görüşə gəlməsini ölkənin yüksək inkişafı ilə əlaqələndirərək, əvvəllər yolların bərbad olması üzündən bunun mümkünsüz olduğunu xatırlatmışdır. Bildirmişdir ki, saatlarla gedilən yolları indi rayon mərkəzindən 40 dəqiqəyə gəlmək mümkündür. Bu yolların çəkilməsi ilə rayonumuzun tarixində yeni bir səhifə açılıb, sakinlərin ən böyük problemi həllini tapıb, insanlar rahatlığa qovuşub. Ucqar bir kənddə görülən belə möhtəşəm işlər ölkənin yüksək iqtisadi gücünü göstərir.  

Sakinlər çıxış edərək ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmən üzərində qazanılan qələbədən qürurla danışmış, qalib xalq imicini xalqımıza qaytaran Ali Baş Komandanla fəxr etdiklərini bildirmişlər. Cənab Prezidentin məqsədyönlü siyasəti ilə respublikada və rayonda aparılan quruculuq-abadlıq işlərindən razılıq edərək, rahat yaşayışlarının təmin edilməsindən ötrü həyata keçirilən sosial layihələrin həyatlarını dəyişdiyini söyləmiş, bu diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını ifadə etmişlər.  

Pandemiyadan sonra yenidən yaşadıqları kənddə səyyar qəbul keçirdiyinə, sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına görə rayon rəhbərliyindən razılıqlarını bildirən kənd sakinləri pay torpaqlarının yerinin göstərilməsinə, kəndə status verilməsinə, telefon xəttinin çəkilişi və internetin verilməsinə  köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı səmimi görüşə görə sakinlərə minnətdarlıq etmişdir. Bildirmişdir ki, dağ kəndlərinə asfalt yolun çəkilməsi ilə əhalini narahat edən əsas problem həllini tapmış, digər məsələlər də tədricən həll olunacaqdır.

Əvvəllər əhali ilə keçirdiyi görüşləri xatırladaraq şəraitsizlikdən əziyyət çəkən əhalinin son illər aparılan tikinti-quruculuq işləri ilə nə qədər rahatlığa qovuşduqlarından məmnunluğunu ifadə etmişdir.

 Bildirmişdir ki, yüksək dağlıq ərazidə, çətin relyefdə yerləşən dağ kəndlərinin yolları bərbad olduğu üçün əhali bundan böyük əziyyət çəkirdi. Mövcud olduğu illərdə normal yolu olmayan bu kəndlərə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamı ilə ayrılmış vəsait hesabına yüksək səviyyəli avtomobil yolu çəkilmişdir. Yol rahatlıqdır, müasirlikdir, inkişafdır. Avtomobil yolunun çəkilişindən sonra gözəllikləri üzə çıxan bu səfalı yerlərə gələnlərin sayı ildən-ilə artır. Bu cənab Prezidentin ölkənin hər bir vətəndaşının rifahının yaxşılaşdırılmasına yüksək diqqət və qayğıyla yanaşdığının bariz nümunəsidir. Burada və qonşu kəndlərdə təkcə yol deyil, yeni məktəb binaları, xəstəxana tikilib istifadəyə verilmiş, elektrik təsərrüfatının təmiri istiqamətində işlər görülmüş, əhaliyə dayanıqlı elektrik enerjisinin verilməsi təmin edilmişdir.

İcra başçısının əhaliyə verdiyi daha bir sevindirici xəbər isə Sipiyəpart və Noyabud kəndlərinə təbii qaz xətti layihəsinin təsdiq edilməsi barədə olmuşdur. Güzəranlarının  yaxşılaşdırılmasına, rahatlıqlarının təmin edilməsinə yönələn bu tədbirdən sevinən sakinlər bu diqqət və qayğıya görə cənab Prezidentə hədsiz minnətdarlıq etmişlər.  

44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qələbəsindən danışan icra başçısı, hazırda azad edilən doğma torpaqlarda mina təmizləmə işləri ilə yanaşı, böyük layihələrin icra edildiyini, tamamilə dağıdılmış, talan edilmiş şəhər, qəsəbə və kəndlərdə sürətli tikinti abadlıq işlərinin aparıldığını diqqətə çatdırmışdır.    

Bütün bunları ulu öndər Heydər Əliyevin siyasətini müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi kimi dəyərləndirən icra başçısı müstəqil dövlətimizin davamlı inkişafı və uğurlu gələcəyinin təmin edilməsi istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.