19 may 2022 23:47
388

Regiona sülh gətirən dostluq...

Azərbaycan-Türkiyə qardaşlığı növbəti sınaqdan da alnıaçıq çıxdı

Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq ənənələri sarsılmazdır. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlət” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşlarının şüarıdır, onlar üçün örnəkdir. Bu gün dünya Türkiyə-Azərbaycan əlaqələrinə,qardaşlığına qibtə edir. Cari ilin yanvar ayında Türkiyə ilə münasibətlərimizin 30 ili tamam olsa da əslində bu dostluğun, qardaşlığın kökü Azərbaycanın müstəqilliyinin ilk dəfə elan edildiyi tarixə, yəni 1918-ci ilə gedib çıxır. Azərbaycanın müstəqilliyinin bərpasından sonra isə ölkələr arasında ikitərəfli dostluq və qardaşlıq əlaqələri bütün sahələrdə inkişaf etdirildi.

Uzun illər təfəkküründən,  ictimai-siyasi proseslərdə iştirakından asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşının qarşısında strateji vəzifə dururdu: işğalda olan torpaqlarımızı azad etmək, həmin ərazilərdə Azərbaycanın suverenliyini bərpa etmək və 1 milyondan artıq yurd-yuvalarından qovulmuş, köçkün düşmüş həmvətənlərimizi dədə-baba torpaqlarına qayıtmalarını təmin etmək. Ən əsası da bu 30 illik zaman kəsiyində beynəlxalq aləmdə Azərbaycan çox haqsızlıqlarla, dünyanın ikili siyasəti ilə üzləşdi. Lakin qardaş Türkiyə ərazilərimizin işğal atında saxlanıldığı 30 ilə yaxın dövrdə də bütün beynəlxalq kürsülərdə Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Haşiyəyə çıxaraq qeyd edək ki, məhz Türkiyə ərazilərimizin işğalına etiraz olaraq Ermənistanla sərhədlərini də bağladı və bütün təzyiqlərə rəğmən açmadı. İkinci Qarabağ müharibəsi dövründə, 44 günlük Zəfər salnaməsinin yazıldığı günlərdə Azərbaycan-Türkiyə qardaşlığı növbəti sınaqdan da alnıaçıq çıxdı. Yenə də Türkiyə Azərbaycanı birmənalı şəkildə dəstəklədi. Qardaş ölkənin Prezidenti başda olmaqla 84 milyonluq Türkiyə “Can Azərbaycan!” deyib bizə çox böyük siyasi və mənəvi dəstək göstərdilər. Postmünaqişə dövründə də bu iki ölkə arasında münasibətlər yüksələn xətlə davam etdi.

Bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatlarında dinamizm meyilləri müşahidə olunub. Çünki bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb.

İşğaldan azad olunan torpaqlarımızda sülhün bərqərar olması üçün qardaş ölkə yenə öz yardım əlini uzatdı. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Türkiyə və Azərbaycan arasında bundan sonra da müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq davam etdiriləcək. Ali Baş Komandan İlham Əliyev Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanata əsasən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması ilə Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsini tarixi hadisə adlandırdı. Göründüyü kimi, Azərbaycanla Türkiyə arasındakı hamının şahidi olduğu dostluq və qardaşlıq münasibətləri yalnız regional yox, həm də beynəlxalq miqyasda bütün ölkələr üçün bir nümunədir.

May ayının 14-də Prezident İlham Əliyev qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etdi. Açılış mərasimindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü oldu.Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Söhbət zamanı siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi. Bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi vurğulandı.

Xatırladaq ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə siyasi, iqtisadi, ticari əlaqələr, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesindəki əməkdaşlıq, hərbi əməkdaşlıq və qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi və s. mühüm məsələlər öz əksini tapıb. Şuşa Bəyannaməsinin tarixi Qars müqaviləsinin (1921-ci il) analoqu olduğu qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünü xarici təsirlərdən birgə müdafiə edilməsinə hüquqi baza yaradır. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri də məhz hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”. Yeri gəlmişkən xatırladaq ki, NATO-nun üzvü olan Türkiyə dünyanın aparıcı ordularından birinə malikdir.

Daha sonra Rize-Artvin Hava Limanının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir daha dünyaya mesaj göndərərək bəyan etdi ki, biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçib: “Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.

Günel Eyyubova, “İki sahil”