Təmirsiz və baxımsız həyətlərin bərpasına yönəlmiş layihənin sehrindən gözəlləşən həyətlərin sayı artır
Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Belə ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində 600-dən artıq nəfər sakinin yaşadığı Moskva prospekti 90 və 92 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib. Layihəyə uyğun olaraq bir vaxtlar təmirsiz və baxımsız vəziyyətdə olan bu həyət də indi müasir təmiz abad və rahat görkəm alıb.
Moskva prospekti 90 və 92 saylı binaların fasadları və dam örtükləri əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib.
Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə 2000 kv.m asfalt örtüyü, 1500 kv.m-dən artıq qazon, 500 kv.m tamet daşı vurulub, 300 p.m-dən artıq yeni bardürlər və kiçik tullantıların atılması üçün yeni zibil qutuları qoyulub, 150 p.m. istinad divarı bərpa olunaraq aqlay daşla üzlənib. Əlillərin sərbəst hərəkəti üçün panduslar quraşdırılıb.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları quraşdırılıb.
Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəlləyə 50 ədəd müxtəlif növ həmişəyaşıl ağac, 500-dən artıq gül-çiçək kolları əkilib, mövcud yaşıllıqlara və ağacara aqrotexniki qaydada qulluq olunub. Yaşıllıqların suvarılması üçün 200 p.m su xətti, atmosfer sularının kənarlaşdırılması üçün kanalzasiya xətti çəkilib. Həyətdə işıqlandırma sistemləri yenidən qurulub.
Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.
Bir vaxtlar baxımsız və təmirsiz vəziyyətdə olan həyətlər indi müasir, təmiz, abad və rahat görkəm alıb. Maraqlıdır, bu yenilik, gözoxşayan dəyişiklik haqqında sakinlər nə düşünür?
“İki sahil” sakinlərin təəssüratlarını təqdim edir:
Həcər Quliyevanın sözlərinə görə, əvvəllər bu həyət çox bərbad vəziyyətdə olub: “Həyətimizin indiki və əvvəlki görünüşü arasında yer və göy qədər fərq var. Əvvəllər bir çox problemlər var idi. Asfalt olmadığından hər yan palçıq idi. Bu da bizi narahat edirdi. Bu gün isə müasir, abad və rahat həyətimiz var. Həyətimizin abadlaşmasında, gözəlləşməsində əziyyət çəkən hər kəsə təşəkkür edirəm.
Bununla yanaşı, balacalarımız üçün rəngarənq və maraqlı əyləncə zonası yaradılıb. Orada uşaqlarımız oynayıb və əylənirlər. Yaşlı insanlar əyləşmək üçün oturacaq tapmırdı. İndi isə çoxlu ağaclar əkilib ətrafında da rahat oturacaqlar quraşdırılıb. Bir tövsiyə etmək istərdim ki, binamızın sakinləri təmizkar olsun, bu gözəlliyi qoruyub saxlamağı bacarsınlar ki, abad həyətimiz uzunömürlü olsun. Rahatlıq, səliqə, gözəlliyi ancaq İcra Hakimiyyətindən gözləmək doğru deyil. İnsanlar da diqqətli və məsuliyyətli olmalıdır. Bu qədər əziyyət çəkilib, bunu qiymətləndirmək lazımdır”.
Daha istirahət, əyləncə üçün başqa yerə getməyə ehtiyac yoxdur
Açılış mərasimində iştirak edən sakinlərdən biri də Həvva Nuriyeva idi. Həvva xanım sevincini və təşəkkürlərini belə ifadə etdi: “Çox sevinirik ki, abadlaşdırılan həyətlərdən biri də bizim həyət oldu. Sağ olsun ki, bizim həyətimizi diqqətdən kənar qoymadılar. Daha istirahət, əyləncə üçün başqa yerə getməyə ehtiyac yoxdur. Mənim qədər nəvələrim də çox sevinclidir. Çünki artıq onlar bu təmiz və gözəl həyətdə rahat şəkildə müxtəlif oyunlar oynayacaqlar. Yaradılan bu müasir və rahat şəraitdən həm böyüklər, həm də kiçiklər çox razıdır. Sakinlər üçün bundan gözəl nə ola bilər ki? Bizə bu sevinci bəxş edən hər kəsə binamızın sakinləri adından dərin təşəkkürümü bildirirəm.”
Baxdıqca insanın ürəyi açılır
Əli Həbibli də vurğuladı ki, 60 ildir ki, bu binada yaşayıram: “ Əvvəllər binamız da, həyətəmiz də çox bərbad bir halda idi. Bu gün isə nəticə gözqabağındadır. Təmirdən sonra yaranan real vəziyyət isə çox gözəl və səliqəlidir. Baxdıqca insanın ürəyi açılır. Həyətimiz abadlaşdırılarkən çoxlu yeni ağaclar, yaşıllıq salınıb. Bu da həm həyəti daha da gözəlləşdirib, həm də məhəllə sakinlərinin sağlamlığına xidmət edir. Yaradılan şəraitə görə Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, eləcə də əziyyəti çəkən bütün əməkdaşlara həyətimizin gözəlləşməsində və yeniləşməsində göstərdikləri diqqətə və əməyə görə minnətdaram. . “İki sahil TV”yə də təşəkkür edirəm ki, Nəsimi rayonunda abadlaşan həyətlərin, eləcə də bizim həyətimizin yenilən görüntüsünü işıqlandırırsınız. İnşallah, ölkə başçımızın rəhbərliyi ilə xalqımıza daha da gözəl günlər görmək nəsib olar.”
Əvvəlllər bura çox bərbad vəziyyətdə idi, çox əziyyət çəkirdik, indi abad həyətimiz var
Təşkilat Süleymanov isə bildirdi ki, neçə ildir bu binada yaşasa da, həyətlərini heç vaxt bu qədər abad, rahat və səliqəli görkəmdə görməyib: “Həyətimizin bugünkü görkəmindən çox razıyam, burada çox gözəl işlər görülüb. Əvvəl bura çox bərbad vəziyyətdə, səliqəsiz görkəmdə idi. Uşaqlarımızın oynamağı, sakinlərimizin istirahəti üçün heç bir şərait yox idi. Sakinlər də çox əziyyət çəkirdi. Şükürlər olsun ki, bu gündən artıq mən də abad həyət sakiniyəm. Binamızın təmiri, yenilənməsi üçün əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Onlara cansağlığı arzulayıram. Sağ olsunlar ki, biz sakinləri, eləcə də övladlarımızın qəlbini sevindirib, üzlərini güldürdülər.
Abadlaşan həyətlərin isə hər kəsdən çox körpələrin balaca qəlbində xoş təəssürat yaratması, sevinməsinə səbəb olması hiss olunurdu. Bu həyəti quşların havaya ucalan cəh-cəhi, uşaqların sevincli gülüşləri yazın təravətli ab-vası daha da gözəlləşdirir, qəlboxşayan aura yaradırdı.
Apardığımız müşahidələr əsasında bu qənaətə gəldik ki, Nəsimi rayonu ərazisində abadlaşan və müasir görkəm alan həyətin sakinləri hazırkı vəziyyəti böyük razılıqla qarşılayırlar. Rayon sakinləri görülən işlərə görə ölkə başçısına, Nəsimi rayon icra hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildirirlər.
Sağlam mühit, sağlam həyat deməkdir. Elə ona görə də, əvvəl bərbad, indi isə abad həyətinin gözəl görkəmini, təmizliyini qoruyub saxlamaq bundan sonra sakinlərin başlıca vəzifəsidir.
Yaqut Ağaşahqızı, “İki sahil”