KÖŞƏ

Zahid Rza

Təsir agentlərinin “lunapark”ı

18 may 2022 23:31
588

Anti-Azərbaycan şəbəkənin əlaltısı missiyasını canla-başla yerinə yetirən dağıdıcı müxalifət düşərgəsinin təmsilçiləri absurd teatrında öz rollarını məharətlə oynamaqda davam edirlər. Bu günlərdə Bakı şəhərində Fəvvarələr parkı deyilən ərazidə məlum başıpozu dəstənin aksiyası ilə bağlı sosial şəbəkələrdəki haray-həşirləri, vay şüvənləri bunun əyani təsdiqidir. Bəllidir ki, nə AXCP sədri Əli Kərimlini və “Milli Şura”nın rəhbəri Cəmil Həsənlini  və onların ətrafındakıları ölkənin, xalqın taleyi maraqlandırmır. Onlar ancaq şəxsi qazancları naminə, milli maraqlarımızı satmaq yolu ilə var-dövlət sahibi olmaq, cah-cəlal içərisində yaşamaq arzusundadırlar. Yalançı vədlərlə aldadıb, ətraflarına yığdıqları gəncləri isə, necə deyərlər, bədbəxt ediblər. Bu üzdəniraqlar siyasətə yalnız qazanc mənbəyi kimi baxırlar.

Doğrudan da, ötən əsrin 90-cı illərində öz şəxsi mənafeləri, ambisiyaları, kreslo, hakimiyyət sevdaları üzündən müstəqilliyini yenicə bərpa etmiş respublikamızı cəhənnəm atəşinə atan Ə.Kərimli, C.Həsənli kimilər bu gün də öz əməlləri, çirkin xislətləri ilə Azərbaycanımıza oddan köynək biçmək istəyirlər. Tam çılpaqlığı ilə demək olar ki, onların dərdi demokratiya, azad seçkilər, filan deyil. Bu üzdəniraqların əsl məqsədi ermənilərin, ermənipərəst qüvvələrin dəyirmanına su tökərək ölkəmizdəki sabitliyi pozmaq, xaos, anarxiya yaratmaq, necə deyərlər, bulanıq suda balıq tutmaqdır. Əsla və əsla buna nail ola bilməyəcəklər. Çünki bu gün azadlıq və sabitlik adası olan Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi vardır.  Təəssüf ki, bütün bu nailiyyətləri hər şeydə qara axtaran “sapı özümüzdən olan baltalar”- dağıdıcı müxalifətin başbilənləri görmək istəmirlər.

Bir müddət əvvəl dağıdıcı düşərgənin “lokomotivlər”indən olan və antimilli ünsürlərin lunaparkına çevrilən AXCP-də və “Milli Şura”da baş verənləri keçmiş “cəbhəçi” K.Rəhimov “stajlı cəbhəçi” kimi tam detalları ilə açıqlamışdır: “Orda 5-6 nəfər var, istəyirlər qışqır-bağır salmaqla siyasi mühacir statusu alsınlar. Məndən də bir-iki dəfə xahiş edən olub ki, bəy, kömək elə tutulum, mən siyasi mühacir olmaq istəyirəm. Bunlar arayış sata-sata siyasi mühacir yetişdirirlər. Ancaq şəxsən mən siyasi mühacir olmaq, Azərbaycanı tərk etmək fikrində deyiləm”. 

Uzun illərin təcrübəsi, hadisələrə bələdliyi, dağıdıcı düşərgədə baş verənlərin təfərrüatını bilən, “liderlər”ini sümüyünə, iliyinə qədər tanıyan keçmiş “cəbhəçi” bildirmişdi ki, onlarda olan dəlillərə görə bu lidercikləri kənardan idarə edən dairələr var.

Anti-Azərbaycan şəbəkənin missionerləri olan dağıdıcı düşərgədəkilərin iç üzü budur. Hələ bu harasıdır? Sular durulduqca çox şeylər üzə çıxacaq, çox mətləblərin üstünə gün işığı düşəcək.  O zaman ictimaiyyət hər şeydən əli üzülən bu dağıdıcı düşərgənin başbilənlərinin çıxardığı oyunlardan daha yaxından xəbərdar olacaq. Əslində düz iyirmi ildir ki, onlar bu işlərlə məşğuldurlar. İndi də pulla “müxalifətçi” vəsiqəsi satır, anti-Azərbaycan dairələrə və xarici kəşfiyyat orqanlarına “təsir agentləri hazırlayırlar. Bu gün Avropanın müxtəlif şəhərlərində ölkəmizin əleyhdarları olan dairələrin quyruq bulayanları Tural Sadıqlı, Azər Kazımzadə, Vidadi İsgəndərli, Məhəmməd Mirzəli, Qənimət Zahid, Sevinc Osmanqızı kimilər də məhz belələrindəndirlər. Bu vəsiqələri alan həmin xəyanətkarlar, belə demək mümkünsə “təsir agentləri” xarici ölkələrə gedib yerli hakimimiyyət orqanlarını aldadaraq “siyasi mühacir” donuna bürünərək, əslində isə dağıdıcı müxalifətin “lokomotiv”ləri olan AXCP-nin və Müsavat Paretiyasının üzvləri kimi çıxış edən bu marginalların əsas məqsədi ölkəmizdə sabitliyin pozulması, xaos, anarxiya və qarşıdurmanın yaranmasıdır. Elə ki, yerlərini rahatladılar ermənipərəst şəbəkələrin dilənçi payı ilə respublikamıza qarşı şər-böhtan, qarayaxma piarı ilə məşğul olurlar. Milli mənlik şüurundan, vətəndaşlıq qürurundan, Vətənə məhəbbət hissindən uzaq olan belələri zombiləşərək köləcəsinə öz ölkələrinə düşmən kəsilirlər. Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, hətta iğtişaşlar törətməyə hazır olan bu dağıdıcı ünsürlərin iç üzünü artıq xalqımız yaxşı tanıyır, onların kimlərə, hansı məkrli məqsədlərə xidmət etdiklərini də yaxşı bilir. Məhz bu reallıqdan çıxış edən ictimaiyyətimiz dağıdıcı müxalifət funksionerlərinin, eyni zamanda, xaricdəki “söyüş müxalifəti”nin  qanunvericilik  çərçivəsində cəzalandırılmasını və ədalət məhkəməsi qarşısına çıxarılmasını tələb edir.

 

Mahir Rəsuloğlu
Müharibə isterikası
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?