KÖŞƏ

Mahir Rəsuloğlu

Tanrı dağın tonqalları... Yanar olsun!

18 may 2022 01:36
806

Qalx Tanrı dağının başına, bir tonqal qala, oğul! Qoy, bütün yaxın-uzaq Türk obaları, ulusları, Oğuz elləri bilsinlər ki şad gündür, sevincimizə sevinsinlər, axışıb-yığışıb şənlənməyə gəlsinlər. Ağlı-qızılı çadırlar qurulsun, quyruğu yer süpürən üçillik qoçlar kəsilsin, qara sac üstündə isti yuxalar bişirilsin...

Azərbaycan qədər doğma və özəl Vətənin – o gözəl Türkiyəmin Rizə şəhərində meydanı dolduran insanların hayqırtısı dünyanın qulağının pasını açdı, düşmənlərin qorxaq canına vicvicə saldı. Yeri yerindən titrədən “Azərbaycan!” nidasını duyan bilməyənlər bildi, qanmayanlar qandı ki, uca Türk oyaqdır, ayaqdadır, qanıbir, canıbir qardaşını ağırlayır. Bu, yalnız bir açılış törəni deyildi. Yaxın-yağı hər kəs həm də onu bildi ki, Füzulidə olduğu kimi, Rizədə də hava limanlarından da ötəsi bütün cahana nümayiş etdirilən sarsılmaz birliyimiz və bərabərliyimizdir! Hər gün bir az daha artan doğmalığımızdır! Bir-birimizə olan tükənməz sevgimizdir! Birləşdikcə artan gücümüzdür!

...Bizim birləşdikcə artan gücümüzə düşmən yaxşı bələddir. Gün qisas günü, savaş günü olanda bunu hər kəs bir daha anlamışdı. Nəyi? Anlamışdı ki, Türk olmaq çətindir, çünki bütün dünyayla savaşırsan. Ancaq Türk olmamaq daha çətindir, çünki Türklə savaşırsan!

Qalx Tanrı dağının başına, iki tonqal qala, oğul! Qoy, hər kəs bilsin ki, elin başı dərddədir. Qoy, hər kəs dəmir donunu geyinsin, qara polad üz qılıncını qurşasın, “çal qılıncını, yetdim!” deməyə tələssin...

İkinci Qarabağ müharibəsində qardaşımızın ürəyi yanımızda, canımızda, əli kürəyimizdə idi. Döyüşdə də ki, iki ürəyin və kürəyini söykəməyə etibarlı dayağın oldumu, dizin yerə gəlməz. O üzdən pərən-pərən düşdü itim kafir! Ona görə kimsə durdura bilmədi bizi haqq savaşımızda. Ona görə nahaqqın yanında duranların çarəsiz baxışları altında onillərdir yurdumuzun yağmalamış yağının başına sayın Ərdoğanın sonralar “ümid mələyi”nə çevriləcək “qatil dronları” od ələdi. Torpağımızda goreşən kimi qazdıqları səngərlər onların cəhənnəm məskənlərinə çevrildi, düşmən zəbun oldu!

Görəsən, Vətən müharibəsi bizə hətta qardaş münasibətini də dəyişdi desəm, çoxmu yanılmış olaram? Məncə, yox. Daha çox qürurla baxırlar, əvvəlkindən artıq sevgi bəsləyirlər müqəddəs Vətənimizin barlı-bərəkətli Qarabağını azadlığına qovuşdurduğumuz üçün. Gücümüzü, yəni uca Türkün gücünü bir daha hər kəsə isbatladığımız üçün. Yolunu azmaq istəyənlərə gözdağı verdiyimiz üçün. İt-qurd qarşısında başımız sinəmizdə gəzmədiyimiz üçün! Bizim üçün çəkdikləri sıxıntıları, nisgilləri azaldı qardaşlarımızın, çox şükür. Hə, bir də daha çox əmin olduq ki, ayrı qalmaq zamanı deyil, həmişəkindən daha çox birləşmək zamanıdır. Cənnətə çevrilməli cənnət Qarabağ və daha neçə qarabağlar naminə, arzularımızın zirvəsi Turan naminə! Qızıl alma uğrunda!

Qalx Tanrı dağının başına, üç tonqal qala, oğul! Qoy, hər kəs belini-külüngünü götürüb köməyə gəlsin. Əl-ələ verib yağının dağıtdığı, daşını daş üstündə qoymadığı yurd yerlərimizi yenidən tikək, əkib-becərək, qurub-yaradaq. Axı torpağın Vətən olması üçün iki vacib şərtdən biri budur. Torpağı əkib-becərmədinsə, qurub yaratmadınsa onu yağıdan qorumağa dəyməz...

Can Türkiyəmiz Vətən savaşında verdiyi mənəvi dəstəyi müharibədən sonra başladılan bərpa-quruculuq işlərində praktiki köməyə çevirdi. Bu gün qardaş ölkənin onlarla şirkətinin yüzlərlə əməkdaşı Qarabağda yol çəkir, hava limanı tikir, tunel qazır, körpü salır. Azərbaycanlı qardaşlarının yanındadırlar, onlarla çiyin-çiyinə dayanıblar.. Və hamımız bilirik ki, görülən hər işlə doğma yurduna onillərdir həsrət qalmışların Böyük Qayıdış günü bir az daha yaxınlaşır, Vətən bir az daha artıq Vətən olur!

Qalx Tanrı dağının başına, bir tonqal qala, oğul! Qoy, hər kəs bilsin ki, Oğuzların bayramıdır – Türkiyənin Rizə şəhərində göylərə açılan “Rizə-Artvin” adlı yenihava qapısını bayram edirik. Dənizi ram edərək! Torpağı, suyu və səmanı birləşdirərək! Rizədən “Azərbaycan!” hayqıraraq! Birlikdə!

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?