14 may 2022 08:45
260

Rusiyada inflyasiya son 20 ilin rekordunu qırıb

Rusiyada illik inflyasiya 2022-ci ilin aprelində martdakı 16,69 %-dən 17,83 %-ə yüksəlib.

"İki sahil" Federal Dövlət Statistika Xidmətinə istinadən xəbərinə görə, 2022-ci ilin əvvəlindən qiymətlər bütün ötən ilin eyni dövrü ilə müqayisədə daha çox artıb və artımın 3/4-ü mart ayında baş verib ki, bu da 1998-ci ilin dekabrından artıq inflyasiya statistikası baxımından ən pis ay olub.

Qeyd olunur ki, aylıq istehlak qiymətləri 1,56 % artıb. Apreldə ərzaq məhsulları mart ayına nisbətən 2,87 %, illik isə 20,48 % bahalaşıb. Ən çox qənd bahalaşıb – 67 %. Bahalaşma digər ərzaq məhsullarına da daxildir: marqarin - 12,9 %, qara çay, kakao, şəkərli qatılaşdırılmış süd, peçenye - 7,1-8,9 %, süd, qatıq, mayonez, meyvə şirələri, qara bibər, duz, qazlı içkilər, mineral su, ketçup, dondurma, qəhvə, yaşıl çay, zəncəfil çörək - 5,0-7,0 % bahalaşıb.

Qeyri-ərzaq məhsulları aprel ayında 0,53%, illik isə 20,19 % bahalaşıb. Apreldə xidmətlərin dəyəri aylıq ifadədə 1,07 %, illik ifadədə isə 10,87 % artıb.

Bundan əvvəl Mərkəzi Bank 2022-ci ilin qarşıdakı aylarında Rusiyada inflyasiyanın artacağını bildirib. Mərkəzi Bankın proqnozlarına görə, ilin sonuna 18-23 %-ə çata bilər.