13 may 2022 23:58
331

Bir dön bizim Şuşaya bax!

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri dövlət başçımızın bu sözlərinin təsdiqidir: «Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.»

«Biz real işlərin tərəfdarıyıq və gələcəkdə bölgənin inkişafı ilə bağlı bizim çox aydın təsəvvürümüz var, biz bilirik nə istəyirik və öz məqsədlərimizə bundan sonra da çatmaq üçün bütün imkanlardan istifadə edəcəyik.» Prezident İlham Əliyevin böyük əminliklə söylədiyi bu sözlərdə Böyük Qayıdışın yaxınlaşdırılması üçün davam etdirilən bərpa –quruculuq işlərinin, konseptual inkişaf proqramının mühüm istiqamətləri əks olunub. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»”in təsdiq edilməsi haqqında Sərəncamı imzalayan dövlət başçımız İlham Əliyev qüdrətli dövlət, yüksək rifah naminə həlli vacib vəzifələri müəyyənləşdirdi. Yaranan maliyyə imkanları hesabına güclü potensiala malik, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region ölkələri arasında fərqlənməsi də ölkədə həyata keçirilən uzunmüddətli proqramların uğurlu həllinin məntiqi nəticəsidir.

Bu nailiyyətlər 2030-cu ilə qədər olan dövrdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Qabaqcıl təşəbbüslərə əsaslanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışına təminatın verilməsi Azərbaycanın yeni inkişaf proqramının əsasını təşkil edir. İkinci Qarabağ müharibəsində daha çox dağıntıya məruz qalan ərazilərdə- Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri Azərbaycan reallıqlarının tərkib hissəsi, sonrakı infrastruktur layihələrin başlanğıcıdır. Əsas odur ki, qonşu ölkələr kimi bütün dünya birliyi postmünaqişə reallıqlarını qəbul edir, Azərbaycanın qazandığı nailiyyətləri müsbət hal kimi qiymətləndirirlər. 3+3 əməkdaşlıq formatının beynəlxalq aləmdə dəstəklənməsi isə o deməkdir ki, Azərbaycan ərazilərin bərpası ilə quruculuq işlərini planlı surətdə davam etdirir və uğurlu nəticələr qazanır.
 

Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin mərkəzləşdirilmiş qaydada davamı, Ağdam, Füzuli şəhərlərinin Baş planlarının hazırlanması, Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planlarına hazırlıq işlərinin davam etdirilməsi, Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramlarına beynəlxalq əhəmiyyətli layihələrin əlavə edilməsi, ərazilərin minalardan təmizlənmə prosesinin sürətləndirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılması görüləcək işlərin tərkib hissəsidir.

İşğaldan azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı işlərin sürətləndirilməsinə də xüsusi diqqətlə yanaşılır. «Azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir. İkisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində. Mənfur düşmən torpaqlarımızı tərk edərkən 30-dan çox elektrik stansiyasını dağıdıb, yandırıb, o stansiyaların qalıqları orada qalıbdır. Xüsusilə Kəlbəcər, Laçın rayonlarında olarkən bunu hər kəs görə bilər. Biz keçən il bu stansiyaların bərpasına başlamışıq. Bu il beş stansiya «Azərenerji»” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq» söyləyən Prezident İlham Əliyev bu sahədə sahibkarların fəallığını enerji istehsalının artırılmasının başlıca amili adlandırır. Hazırda Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlərlə danışıqlar aparılır. Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialından istifadə etməklə yaxın rayonların enerji ilə təchizatı da nəzərdə tutulur. Bərpaolunan enerji növlərinin ölkəmizin ümumi enerji balansımızdakı payının 30 faiz artırılması, yüksək qiymətlərlə ixrac edilməsi məqsədilə nəzərdə tutulan layihələr proqram üzrə davam etdirilir.
«Bu il «Xudafərin”» və «Qız qalası»” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir. İran İslam Respublikası ilə danışıqlar aparılır və hesab edirəm ki, daha da sürətlə aparılmalıdır ki, biz tezliklə burada da razılığa gələk. Çünki bu stansiyaların potensialı çox böyükdür - 240 meqavat gücündədir və bu stansiyalar inşa ediləndən sonra bunun yarısı bizə çatacaq. Beləliklə, biz bu imkanlardan da istifadə edə bilərik» söyləyən dövlət başçımız əlavə olaraq bildirir ki, bp şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi üzrə danışıqlar da səmərəlidir. Azad edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min meqavatdan çox potensialından, Xəzər dənizinin unikal imkanlarından səmərəli istifadə, Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərin çəkilişi də gündəlikdə duran məsələlərdəndir. İranla Azərbaycan arasında dəmir və avtomobil yollarının, körpülərinin tikintisi ilə bağlı imzalanan memorandumda elektrik xətlərinin çəkilişi ilə bağlı müddəaların yer alması göstərir ki, nəzərdə tutulan işlər konkret təkliflər əsasında reallaşır. «Əlbəttə, bu, Zəngəzur dəhlizinin açılmasını inkar etmir. Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır» söyləyən Prezident İlham Əliyev bildirir ki, nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirilir. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır. Bərdə-Ağdam dəmir yolunun gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Füzulidən sonra ikinci böyük hava limanı olacaq Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə ölkəmizin nəqliyyat infrastrukturunun beynəlxalq əhəmiyyəti daha da artacaq. 2024-cü ildə Laçın Beynəlxalq Hava Limanının inşasının planlaşdırılması ilə ölkəyə turist axını sürətlənəcək. Mühüm əhəmiyyətə malik Bərdə-Ağdam, Kəlbəcər-Laçın avtomobil yollarının inşasında, tunellərin çəkilişində işlər sürətlə davam etdirilir. «Ən vacib yollardan biri Toğana-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq, biz rahat tunellə keçəcəyik. Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi bu il davam etdirilir. Bunun da böyük rəmzi mənası var» söyləyən Prezident İlham Əliyev bir zamanlar müalicəvi əhəmiyyəti ilə seçilən İstisu sanatoriyasının insanlara yenidən xidmət etməsi üçün həmin ərazilərə yolların çəkilişini, müasir tələblərə cavab verəcək otellərin tikilməsini bu yerlərin əvvəlki şöhrətinin qaytarılması baxımından vacib hesab edir. Təbii ki, abadlıq, quruculuq işlərində Şuşanın tarixi simasının bərpası xüsusi əhəmiyyət daşıyır. Şuşada yeni teleqüllənin təməli qoyulması, 960 şagirdlik yeri olan məktəbin, 90 çarpayılıq xəstəxananın inşası kimi digər sosial obyektlərin tikintisinə diqqət artırılır. Bu günlərdə mədəniyyət paytaxtımızda yaşayış məhəlləsinin təməli qoyuldu, evlərin inşasına start verildi. Artsax xəyalpərəstlərinin adı keçmiş zamanda qalan separatçı rejimin şeytan yuvası «Dağlıq Qrabağ respublikası»nın parlamenti üçün nəzərdə tutduqları ərazidə yeni otel, konfrans zalı inşa olunur. Şuşa və işğaldan azad edilmiş digər ərazilərdə də aparılan bərpa- quruculuq işlərinin sürətlə davam etməsi ermənilərin də etiraf etdikləri bu reallığın təsdiqidir: «Qarabağ Azərbaycandır.»

Xuraman İsmayılqızı, «İki sahil»