06 aprel 2022 23:57
1842

Vəhşiliyin və qəddarlığın qan donduran sübutları

Xocalı inzibati rayonunun Fərrux kəndində aşkar edilən qalıqlar göstərir ki, erməni işğalçıları o zaman həm döyüş meydanında həlak olan hərbçilərin, həm qətlə yetirilən mülki şəxslərin meyitlərini kütləvi şəkildə basdıraraq cinayətlərini gizlətməyə çalışmışlar

Azərbaycan xalqına qarşı ermənilər və onların havadarları tərəfindən məqsədyönlü siyasət həyata keçirilməklə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi əleyhinə təcavüz cinayətləri, qədim və tarixi torpaqlarımızda bütövlükdə XX və XXI əsrlərdə yerli əhaliyə qarşı soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə və terror cinayətləri törədilib. Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb. Qarabağın işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalinin yaşadığı məntəqələrdə terror aktları təşkil edib, nəticədə minlərlə günahsız insan həlak olub. Ermənistanda İkinci Qarabağ müharibəsinə qədər belə hesab edilirdi ki, bu ölkə tərəfindən həyata keçirilən savaş cinayətləri gizli qalacaq. Amma İkinci Qarabağ müharibəsi və onun nəticələri vəziyyəti kökündən dəyişdi. Torpaqlarımız azad olunub və ermənilərin kütləvi cinayətləri bir-bir üzə çıxır. Elə müxtəlif ərazilərdə aşkarlanan insan meyitlərinin qalıqları da bu cinayətlərdən xəbər verir.

Qatil xislətli ermənilərin daha bir vandallığı isə martın sonlarında Azərbaycan Ordusunun hərbçiləri tərəfindən Xocalı rayonunun Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən üzə çıxıb. Belə ki, onlar qazıntı apardıqları ərazidə insan skeletləri aşkar ediblər. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası faktla bağlı bildirib ki, Fərrux yüksəkliyi uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Eyni zamanda bu qurumda toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu Pirlər kəndində 46 nəfər, Ağdam rayonu Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb. Bundan başqa həmin dövrdə erməni qatilləri Ballıqaya, Qaradağlı, Ağdaban və Xocalı qətliamlarını da törətmişdilər. Vətən müharibəsindən sonra üzə çıxan başda Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıq olmaqla, Kəlbəcərin Başlıbel kəndində, Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında olan məzarlıqlar isə bu qətliamların əyani sübutudur.

Qeyd edək ki, Ermənistan uzun illər əsir götürülmüş, yaxud itkin düşmüş azərbaycanlılar haqqında məlumat verməkdən boyun qaçırıb. Halbuki, ötən il dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanla birgə görüşündə əsas diqqət mərkəzinə gətirilən məsələlərdən biri məhz Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı olub. Həmin görüşdən sonra Şarl Mişelin adından yayılan bəyanatda ilk dəfə olaraq Avropa İttifaqı gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu il fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Prezident İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə də bu məsələ Bakı tərəfindən diqqət mərkəzinə gətirilib. Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi kimi məsələləri xüsusi olaraq qabardıb. Ermənistan bu şəxslərə dair müvafiq məlumatları təqdim edəcəyini bildirsə də, yenə öhdəliyindən yayınır. Lakin toplanan faktlar onu deməyə əsas verir ki, İrəvan artıq məsuliyyətdən boyun qaçıra bilməyəcək.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxs kimi qeydiyyata alınan azərbaycanlıların sayı 3890 nəfərdir. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadındır. İtkin düşmüş şəxs kimi qeydiyyata alınan azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürüldüyü də faktlarla sübutunu tapıb. Bundan əlavə, əsir və girov götürülmüş şəxslərin böyük əksəriyyətinin erməni əsirliyində qətlə yetirilməsi, işgəncə və xəstəliklərdən vəfat etməsi, bir hissəsinin isə gizlədilərək Ermənistanda və işğal dövründə Qarabağda ermənilər tərəfindən ağır fiziki işlərdə qul kimi istifadə olunması sübuta yetirilib.

Azərbaycan dövləti erməni vəhşiliklərinin bütün dünyaya çatdırılması, onların faşist xislətindən hər kəsin xəbərdar olması üçün bu istiqamətdə böyük işlər görür, bu məsələləri beynəlxalq tribunalarda daim səsləndirir. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Baş katibi Antonio Quterreşə işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndi və Füzuli şəhərində kütləvi məzarlıqların aşkar edilməsi barədə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Həmin sənəddə diqqətə çatdırılıb ki, əsir-girovluqda olmuş azərbaycanlıların məcburi şəkildə daşınması və meyitlərin basdırılması özü-özlüyündə Ermənistan silahlı qüvvələrinin və onların əlaltılarının törətdikləri cinayətlərin qəddarlığından və amansızlığından xəbər verir. Tezliklə Ermənistan Azərbaycana qarşı həm Birinci, həm də İkinci Qarabağ müharibələri dövründə törətdiyi müharibə cinayətlərinə görə ədalət və hüquq qarşısında cavab verməli olacaqlar.

Sevinc Azadi, “İki sahil”