02 aprel 2022 10:20
1822

Ora elə bil ki, “Bermud üçbucağı” idi… – Fərruxda itkin düşən hərbçinin ailəsindən REPORTAJ

“Hər dörd gündən bir böyük itki olurdu. Əksəriyyəti də Fərrux dağı ətrafında”

Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyində itkin düşən hərbçilərdən biri də Abdullayev Əlibala Teyyub oğludur. “İki sahil” xəbər verir ki, APA Azərbaycan Ordusunun Fərrux kəndinə nəzarəti bərpa etməsi və orada kütləvi məzarlığın aşkar edilməsindən sonra Əlibala Abdullayevin ailəsinin evində olub.

Kiçik bacısı Abdullayeva Ulduzə qardaşını özü üçün ən böyük sirdaş kimi xatırlayır: “Mənim üçün qardaşdan da artıq idi, ən böyük sirdaşım idi. Biz ailədə doqquz uşaq olmuşuq. Əlibala beş bacıdan sonra dünyaya gəlib. O, doğulanda 12 qurban kəsmişik. Elə bil ki, onun dünyaya gəlişi mənim üçün, ailəmiz üçün ayrıca bir sevinc idi, hətta mən deyərdim ki, ayağımızın yüngüllüyü idi. Məndən balaca olsa da, hər şeyimi onunla bölüşürdüm, mənə arxa idi, dayaq idi.

Anam adını Hüseyn qoymaq istədi, atam nəsə razı olmadı, Əlibala adını verdi. Amma anam həmişə onu Hüseyn kimi çağırdı.

O vaxt kolxozda işləyəndə onu öz yanıma işə də düzəltmişdim. Ailəmiz kasıb olub, amma həmişə birlikdə çalışıb vuruşmuşuq. Qardaşımın itkin xəbərindən sonra, vallah, 5-6 il nə toy etdik, nə də bayram. Elə bil hər şey, hər sevincimiz ürəyimizdə qaldı.

Döyüşlərdə olanda oradan bizə məktublar yazırdı. Ən son məktubu sentyabrın 8-9-u yazıb, amma məktub bizə itkin düşəndən sonra gəlib çıxmışdı, hamısını saxlamışıq, hamısını qorumuşuq.

Qardaşım futbolu dəhşət sevirdi. Hər şeyini saxlamışam, futbol corablarını, saatını, pul qabını... Bu 30 ildə, Allah haqqı, həmişə ümidlə gözləmişik, yenə də ümidliyik”.

Əlibala Abdullayevin Sankt-Peterburqda hərbi xidmət keçdiyini deyən Ulduzə xanım qardaşının oradan qayıtdıqdan sonra ancaq Qarabağı düşündüyünü, döyüşlərə qatılmağı arzuladığını deyir: “1991-ci ildə əsgərlikdən qayıdandan sonra Xocalı hadisələrini görüb heç cür özünə yer tapa bilmirdi. Orda öldürülənlər, o faciə – hər şeyi günbəgün izləyirdi. Gedib-gəlib deyirdi ki, mən də döyüşmək istəyirəm, qisasımızı almaq istəyirəm. Vallah, onun içində Qarabağ sevgisi başqa cür idi, tamam başqa idi”.

Ulduzə xanım Əlibala Abdullayevin döyüşlərə yollanmasını da indiki kimi xatırlayır: “İndiki kimi yadımdadır. Onu 1992-ci ilin iyulun 29-da evdən – Neftçala rayonundan yola saldıq. Bizim əslimiz Neftçaladandır. Üzündən öpdük, amma heç birimizə imkan vermədi ki, iki yanağından da öpək. Bizə dedi ki, qoy gedim qisasımızı alım, sağ-salamat qayıdım, onda o biri üzümdən də öpərsiniz. Mən indi də o şeyin yanğısı ilə yaşayıram. Elə bilirəm ki, gələcək, söz verdiyi kimi qayıdacaq, mən də onu qucaqlayıb öpəcəm”.

“Orada dedilər ki, bəs Əlibala və bir qrup əsgər Fərrux dağına tərəf döyüşə gediblər, amma hələ qayıtmayıblar”

Böyük bacısı Bağırova Məsmə isə Əlibala Abdullayevin itkin düşməsi xəbərindən sonra uzun müddət onu axtardıqlarını söyləyir: “Onun döyüş yolu çox ağır olub. Biz onu nə qədər axtardıq, çox yerlərə müraciət elədik. Hərbi komissarlığa gedirdik, müraciətlər edirdik ki, bilək ki, haradadır, harada döyüşür, necədir? O vaxt vəziyyət indiki kimi deyildi, qarışıq idi. Ona görə də bizə konkret söz deyən yox idi. Bircə sentyabrın 8-i bizə məlumat gəldi ki, Ağdamdadır. Balaca bacımın sentyabrın 19-da toyu olacaqdı, atama dedi ki, bəs əgər imkan olsa, qardaşımı da gətirək. Atam da getdi Ağdama. Həm də bir gün qabaqdan bacım yuxuda görmüşdü ki, Əlibala deyir ki, gəlin məni Çıldırdan aparın. Tez-tez ancaq bu sözü deyirdi. “Məni Çıldırdan aparın”. Atam da getdi Ağdama. Ona orada dedilər ki, bəs Əlibala və bir qrup əsgər Fərrux dağına tərəf döyüşə gediblər, amma hələ qayıtmayıblar. 11 nəfər olublar. Heç bir iz olmadan, qansız-qadasız yoxa çıxıblar, elə bil ki, onları bir andaca oradan götürüblər. Dadaşov İlham olub, Mehman olub, Bəxtiyar olub – hamısı bir yerdə olublar. Bu xəbərlər hamısı o vaxt qəzetlərdə yazılırdı.

Döyüşlərdə onların silah yoldaşları içində snayper qadınlar da var idi. Yelena və Mehparənin adı yadımdadır. Yəni o vaxt hamı çiyin-çiyinə döyüşürdü, qardaşım da onlardan biri idi”.

“Müharibə vaxtı ən çox itki xəbəri məhz Fərrux yüksəkliyi ətrafından gəlirdi”

Müharibə zamanı ən çox itki xəbərinin məhz Fərrux yüksəkliyi ətrafında olduğunu deyən Məsmə xanım tez-tez qərargahdan xəbər aldığını bildirir: “Qardaşım müharibədə olanda tez-tez qərargaha gedirdim. O vaxt qərargah “Funikulyor”un yanında yerləşirdi. Hər dəfə görürdüm ki, döyüşdən ağır itkilərlə qayıdırdılar. Hər dörd gündən bir böyük itki olurdu. Əksəriyyəti də Fərrux dağı ətrafında. Elə bil ki, ora “Bermud üçbucağı” kimi bir yer idi, müəmmalı itkilər olurdu. İndi siyahıda 62 nəfər yazılıb, amma, bəlkə, daha çoxdur, nə bilmək olar?

Bizə itkin düşməsi xəbəri də, dediyim kimi, sentyabrın 19-u verilib. Ondan sonra çox yerlərə müraciət etdik, amma heç kəsdə dəqiq məlumat yox idi”.

“Azərbaycan Ordusunun Fərrux kəndinə nəzarətinin bərpa olunduğunu televiziyadan eşitdim”

Azərbaycan Ordusunun Fərrux kəndinə nəzarətinin bərpa olunduğunu televiziyadan eşitdiyini deyən Məsmə xanım xəbərə necə sevindiklərini dilə gətirib: “Bu xəbəri eşidəndə inanın elə sevindik ki... İlk düşündüyümüz isə bu oldu ki, bəlkə də xəyallarımız gerçək olar, bir iz taparıq. Elə oldu ki, orada da kütləvi məzarlıq aşkar olundu. Mən dərhal Beynəlxalq Qızıl Xaç Komitəsinə zəng vurdum, məni Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına yönləndirdilər. Ordan mənə deyildi ki, 62 nəfər Fərrux dağında itkin kimi qeydiyyatdadır. Araşdırılıb məlumat veriləcək. Bizə sadəcə gözləmək qalır. Bacım onun haqqında çoxlu xatirələr, məktublar yazır.

Bu yaxınlarda bizdən gəlib DNT testi götürdülər. Nə bilim, gözləyirik...

Neftçalada bizim ata yurdumuz var. Qardaşımla bağlı bütün xatirələr hamısı ora ilə bağlıdır, o evlə bağlıdır. Anamız oğul deyə-deyə vəfat elədi. Bizə vəsiyyət elədi ki, qardaşımın şəklini baş daşıma vurarsınız. Amma atam icazə vermədi. Atam dedi ki, mən öləndə ikimizin şəklini bir vurarsınız. Elə oldu ki, sonradan atam da rəhmətə getdi, biz də anamla atamın baş daşının ortasına qardaşımın şəklini vurduq.

Vallah, qəbrinin olması da bir təsəllidir. Amma yoxdur. Bu günə qədər ağlaya-ağlaya gözləmişik. İndi az da olsa, ümidliyik ki, heç olmasa, bir qəbri olar”.

Əlibala Abdullayevin qardaşı Elşən isə onu əsgərliyə yola salanda uşaq olmasına rəğmən hər şeyi yadında saxlayıb: “Əsgərliyə yola saldığımız günü xatırlayıram. Mən onda uşaq idim – 9 yaşım var idi, onun da 19 yaşı var idi. İtkin olması xəbərini də bizə atam verdi. O vaxt nə telefon var idi, nə də başqa bir şey. Atam gəldi, səssiz-səmirsiz baxdı-baxdı, sonra dedi ki, Əlibala itkin düşüb, vəssalam.

Bu kütləvi məzarlığın aşkarlanmasını nə qədər qəribə olsa da, sevinclə qarşıladıq. Görək axırı necə olacaq...”

Abdullayevlər ailəsi ötən 30 ildə olduğu kimi, yenə də ümidlidirlər. Onlar üçün sadəcə Əlibalanın məzarının olması da kifayətdir. Ən azından, təsəlli tapa bilmələri üçün...