31 mart 2022 21:29
1573

“Azərbaycanlılara qarşı soyqırımı siyasəti: səbəbləri və nəticələri”

AMEA-nın Naxçıvan Bölməsində “Azərbaycanlılara qarşı soyqırımı siyasəti: səbəbləri və nəticələri” mövzusunda konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik ermənilərin Cənubi Qafqaza gəlməsi, məqsədli şəkildə tarixi Azərbaycan torpaqlarına köçürülməsi, irəli sürdükləri əsassız ərazi iddialarından bəhs edib. “Əsrlərdir izlədikləri ideologiyaya xidmət edən ermənilər dinc azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış, dəhşətli qırğın və soyqırımları törətmişlər”,- deyən İsmayıl Hacıyev 1918-ci il mart soyqırımının ağır nəticələri konfrans iştirakçılarının diqqətinə çatdırıb, Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsl həqiqətlərin araşdırılaraq qeydə alındığını, lakin sovet hakimiyyəti dövründə məqsədli olaraq real faktların təhrif olunaraq ört-basdır edildiyini bildirib. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə bu qanlı hadisələrə ilk dəfə olaraq hüquqi-siyasi qiymət vermiş, həmin tarixdən başlayaraq 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur. Bu tarixi sənədin qəbulu çoxsaylı tədqiqatların aparılmasına, erməni cinayətlərinin beynəlxalq aləmdə təbliğinə şərait yaratmışdır.

Daha sonra ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımları nəticəsində həyatını itirmiş, Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətləri və onların mahiyyəti”, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin “1918-1920-ci illərdə ermənilərin Naxçıvanda törətdiyi faciələr”, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun “1948-1953-cü illərdə azərbaycanlıların qərbi Azərbaycan torpaqlarından deportasiyası və onun faciəli nəticələri” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə hələ XIX əsrdən təşkilatlanmağa başlayan terrorçu ermənilərin 1905-1907, 1918-1920-ci illərdə Bakı, Quba, Naxçıvan, Şamaxı, Qarabağ və Azərbaycanın digər bölgələrində törətdikləri qırğınlar ətraflı şərh olunub, qətlə yetirilən soydaşlarımız, dağıdılan kəndlər, soyqırımların maddi və mənəvi zərərlərindən bəhs edilib, 1948-1953-cü illər deportasiyasının xalqımız üçün ağır nəticələri ilə bağlı bəzi statistik məlumatlar diqqətə çadırılıb.